Avropanın nüfuzlu “New Europe” portalında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanovun “Azərbaycandakı seçkilərin əsl mahiyyəti” adlı məqaləsi dərc edilib.
Məqalədə qeyd olunur ki, 2013-cü ilin 9 oktyabr tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqı öz şüurlu seçimini və iradəsini ortaya qoyub.
“Təəssüflər olsun ki, seçkilərdən sonra Azərbaycan qeyri-ədalətli və qərəzli tənqidlə üzləşməli oldu. Belə tənqidi yanaşma hələ seçkilərin rəsmi nəticələri açıqlanmamış ortaya çıxdı və bəzi media orqanlarında özünü büruzə verdi” – məqalədə deyilir.
Elnur Aslanov yazır ki, seçkilərin mahiyyətinin təhrif olunması, Azərbaycan xalqının iradəsinin inkar edilməsi və sınaq rejimində olan mobil əlavədə təsadüfən texniki cəhətdən baş verən yanlış hesablamaların olmasının bu qədər əsassız şəkildə şişirdilməsi əlbəttə ki, gülüncdür.
Bundan əlavə, belə texniki yanlışlıqlar ümumiləşdirilərək müəyyən siyasi məqsədlər üçün istifadə olundu və ədalətsiz olaraq seçkilərin ümumi nəticələrinə aid edildi.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan xalqı prezident seçkilərində son illər ərzində ölkədə əldə edilən uğurlara və onun üçün təmin edilən gələcəyə səs verdi. Seçicilərin seçkilərdə fəal şəkildə iştirak etməsi Azərbaycan xalqının seçkilərə verdiyi əhəmiyyətin daha bir bariz göstəricisidir.
Bu bir daha onu sübuta yetirir ki, Azərbaycan cəmiyyətində əhalinin 98% təhsil səviyyəsi və yüksək siyasi maariflənməsi göstəriciləri ilə, xalq öz gələcəyinə biganə qala bilməz.
Azərbaycan əhalisinin 66%-i gənclərdir. Prezident İlham Əliyevin inamlı qələbəsi göstərir ki, o gəncləri öz ətrafında sıx birləşdirə bilib və bununla da, yeni tarixi Azərbaycan gəncliyi ilə birgə yazıb. Bu isə Azərbaycan kimi gənc və demokratik ölkə üçün əlamətdar hadisədir.
Prezident Administrasiyasının rəsmi nümayəndəsi qeyd edir ki, azad səsvermə və fəal iştirak yolu ilə Azərbaycan xalqı seçkilərdə özünün seçkilərə verdiyi dəyəri nümayiş etdirdi. Azad, ədalətli, demokratik və uğurlu seçki prosesinin sübutu üçün heç nə lazım deyil, xalqın seçkiləri təqdir etməsi kifayət edir.
Seçkiləri 100 ölkəni və ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Əməkdaşlığı Təşkilatı (İƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi 50-dən artıq qurumu təmsil edən 53 min müşahidəçi, o cümlədən 1300 müşahidəçidən ibarət olan qısamüddətli və uzunmüddətli müşahidə missiyaları izləyiblər.
Həm beynəlxalq, həm də yerli müşahidəçilər seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini elan ediblər. Azərbaycan, ABŞ və Fransanın beş müstəqil təşkilatı tərəfindən aparılmış “exit-poll”-un nəticələri kiçik fərq ilə seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb.
Və yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası seçkilərlə bağlı əsassız və ziddiyyətli nəticə çıxarıb. ATƏT-in Parlament Assambleyasının nümayəndələri və ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunmuş müşahidə missiyasının üzvləri ATƏT DTİHB-in hesabatını hətta imzalamaqdan imtina ediblər. ATƏT DTİHB-in düşdüyü gülünc vəziyyət heç bir tənqidə sığmır.
ATƏT DTİHB mövcud olduğu dövr ərzində seçkilərin müşahidəsi üzrə vahid metodologiya hazırlaya bilməyib. Ona görə, seçkilərə siyasi yanaşmaya əsaslanan şəxsi mühakimələr bu təşkilatın qərəzsizliyini şübhə altına qoyur.
Məqalədə bildirilir ki, seçkilərin ən yüksək texniki səviyyədə keçirilməsi üçün bütün zəruri işlər görülmüşdü. Seçki prosesinin internet vasitəsilə canlı izlənməsi üçün seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı. Namizədlərin sərbəst qeydiyyatı, seçkiqabağı təşviqat işləri, toplaşma azadlığı və ifadə azadlığının təmin edilməsi üçün zəruri addımlar atılmışdı.
Bütün namizədlər İctimai Televiziyada bərabər efir vaxtı ilə təmin edilmişdi. İnternet və sosial KİV-dən limitsiz yararlanmağın mümkün olduğu bir ölkədə efir vaxtının çatışmazlığı kimi iradlar yersizdir.
“Əlbəttə, dünyanın heç bir ölkəsində mükəmməl, yaxud ideal seçki prosesi keçirilmir və bütün hallarda qanun pozuntuları və çatışmazlıqlar labüddür. Lakin araşdırma aparmadan, kiçik texniki səhvlər əsasında tələsik nəticə çıxartmaq və bütün seçki prosesinə kölgə salmaq seçicilərə qarşı hörmətsizlikdir.
Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrində yol verilən çatışmazlıqlarla əlaqədar olaraq araşdırmaya başlayıb”, – deyə məqalədə qeyd olunur.
Elnur Aslanov bildirir ki, demokratik inkişaf Azərbaycan xalqının şüurlu seçimi və qətiyyətli yoludur. Bu seçki hər hansı bir şəxsi və ya təşkilatı razı salmaq üçün keçirilməyib. Bu, ilk növbədə, Azərbaycan xalqının maraqlarına xidmət edir.
Sonda müəllif yazır: “Beləliklə, Azərbaycan hökuməti gələcəyə aydın nəzərlərlə baxaraq, xalqın böyük dəstəyinə və etibarına arxalanaraq çiçəklənən və demokratik Azərbaycanın quruculuğu istiqamətində səylərini davam etdirəcək”.