“Azərbaycan İslam dünyasının əhəmiyyətli simalarından biridir. İslam Azərbaycan əhalisinin böyük bir hissəsinin həyat tərzidir. Düzdür, Azərbaycanda din dövlətdən ayrıdır. Amma milli-mənəvi dəyərlərin mövcud olması hər bir cəmiyyətin əsasını təşkil edir”.
Bunu “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – 2012” beynəlxalq təhsil proqramı layihəsinin qapanış mərasimində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, Azərbaycan hakimiyyəti hər zaman İslama böyük dəyər verib: “Ölkədə məscidlərin, məbədlərin tikintisi aparılır və bu iş davam edəcək. “Əjdərbəy”, “Bibiheybət” məscidlərinin bərpası, Təzəpir məscidinin tam şəkildə bərpası Azərbaycan hakimiyyətinin İslami dəyərlərə olan münasibətinin bariz nümunəsidir”.