Elnur Aslanov: "Peşmançılıq çəkən qarşı tərəf olacaq”.

Bütün Xəbərlər
09:44 24.02.2011
1992

Dünya birliyinin müstəqil siyasi subyekti kimi Azərbaycan dövləti öz xarici siyasətini milli maraqlar, beynəlxalq hüquq normaları, demokratiya və bazar iqtisadiyyatı kimi dəyişməyən prinsiplərə əsaslanaraq həyata keçirir. Ən vacib məsələ isə reallığın strateji duyumu hissinə malik olan liderin bu prioritetləri düzgün sezməsi, milli maraqların təmin edilməsinin yeni resursları və metodlarını, mexanizmlərini irəli sürməsidir. Yalnız bu halda xarici siyasətin mövcud sarsılmaz təməlləri üzərində uğurların davam etdirilməsi və dövlətin möhkəmlənməsi prosesi dönməz xarakter alır”. Bu fikirləri Prezident Administrasiyasının (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanov dilə gətirib. 

PA rəsmisinin sözlərinə görə, xarici siyasət dövlətin inkişafı üçün maksimum beynəlxalq əlverişli mühitin təmin olunmasına xidmət edən strateji resursdur: “Adətən, bu resurs həmin məqsədlə istifadə edilmədikdə, fərqli iddiaların razı salınması naminə daxili resursların kənar diktəyə uyğun olaraq sərf edilməsi kimi arzuolunmaz vəziyyət yaranır. Azərbaycan məhz birinci mənada başa düşülən siyasəti ilə dünyada etiraf edilən nailiyyətlər qazanıb. Bu günə nəzər saldıqda, ümummilli problem olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə bütün resursların cəlb edildiyi xarici siyasətin hansı yeni konseptual xüsusiyyətlərinin olması, konkret hansı nəticələr verməsi diqqət mərkəzində olmalıdır. Çünki yalnız bu halda həmin nəticələrin qarşıdakı illər üçün yaratdığı əsas aşkara çıxır”. 

E.Aslanov qeyd edib ki, dövlətin bütün tarixi mərhələlərdə həll etdiyi vəzifələr eyni zamanda xarici siyasət prioritetlərinin dinamikasını şərtləndirir. Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq münasibətlərin suveren subyekti statusunda müasir tarixə qədəm qoydu. Növbəti mərhələdə dövlətimiz tarixən mövcud olduğu, lakin obyektiv səbəblər üzündən uzun müddət həlledici aktor kimi “yox” olduğu geosiyasi səhnəyə beynəlxalq münasibətlər sisteminin regional lideri qismində qayıtdı: “Bu proseslər işğal və təcavüz kimi hər bir dövlət üçün ən ağır sınaq olan problemlərlə paralel getdi. 23 ildir Azərbaycan ərazi bütövlüyünü təmin etmək və növbəti yüksəliş mərhələsinə keçmək üçün daim imkanlarını cəmləşdirir, ilk növbədə iqtisadi rifah məsələlərinə böyük önəm verir. İnkişaf etmiş ölkələrin təcrübəsi isə bunun sınanmış yol olduğunu göstərir. İnkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda aparılan irimiqyaslı islahatlar, dövlətimizin xarici identiklik vektorlarının dəyişməsi, yeniləşməsi prosesləri ilə paralel gedib. 2008-ci ildə prezident İlham Əliyev inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağı xarici siyasətin prioritetləri sırasına daxil edib. İqtisadiyyatda keçid dövrünün bitməsi, milli maraqları təmin edən və xarici siyasətin güvənə bildiyi qüdrətli daxili baza buna imkan verir. Prezident tərəfindən irəli sürülən “Güclü dövlət, yüksək rifah” kimi yeni vəzifənin həyata keçirilməsi Azərbaycanda daxili və xarici siyasətin yeni əsaslar üzərində inkişafını nəzərdə tutur. Prezidentin bəyan etdiyi “qara qızılın intellektual qızıla cevrilməsi” tezisinə əsasən, əvvəlki maddi resurs baza, intellektual kapital, ideya və innovasiya resursları ilə əvəzlənir”. 

PA rəsmisinin qeyd etdiyinə görə, müasir dünyada texnoloji tərəqqiyə yalnız ayrıca götürülmüş bir ölkənin gücü sayəsində nail olmaq mümkün deyil. Buna görə Azərbaycanın inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün siyasi resursları hərəkətə gətirilib: “Hərbi-siyasi alyanslara analoji olaraq, müasir dövrün texnoloji-innovasiya alyanslarının təşkili Azərbaycan üçün ön sırada duran məsələlərdəndir. Bu baxımdan Azərbaycanın daxili resursları çox böyükdür: iqtisadi inkişafın lideri olan ölkə imici, mükəmməl investisiya mühiti, xarici sərmayələr, qeyri-neft sahəsinin potensialı. Bütün ölkələrlə sülhsevər münasibətlərin tərəfdarı olan Azərbaycan bu siyasətini ərazi bütövlüyünün pozulduğu müharibə vəziyyətində həyata keçirir. Başqa ölkələrlə müqayisədə, hər bir uğur iki-üç qat çətin şərtlərlə qazanılır və deməli, onların dəyəri də iki-üç dəfə artıqdır. Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin həm hüquqi, həm də siyasi baxımdan yeganə yol olduğu dünya birliyi tərəfindən qəbul edilmiş fikirdir. Azərbaycan torpaqlarının işğalı dalğasında hakimiyyətə gələn Ermənistan iqtidarı münaqişənin davam etməsinə, status-kvonun saxlanılmasına özünün hakimiyyətdə qalmasının təminatı kimi baxır. Münaqişənin həllini isə öz hakimiyyətini itirmək üçün ən böyük təhlükə hesab edən Ermənistan iqtidarının cinayətkar siyasəti nəticəsində bu ölkənin düşdüyü vəziyyət artıq onu heç bir şərt irəli sürə bilməyəcək duruma salıb”.

E.Aslanov həmçinin bildirib ki, status-kvonun dəyişməyəcəyi şəraitdə Azərbaycanın öz hərbi büdcəsini 3 milyard dollardan cox artırması tamamilə anlaşılandır və Azərbaycan sülh yoluna alternativ haqqında daim və ciddi şəkildə düşünür: “Bu, Azərbaycanın təbii hüququdur və heç bir qüvvə onun qarşısını ala bilməz. 2010-cu ildə Azərbaycanın milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi kimi ölkənin daxili və xarici (hərbi və digər) təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyən edən sənəd – Azərbaycanın hərbi doktrinasının ilk dəfə qəbul edilməsi bu istiqamətdə aparılan məqsədəuyğun siyasətdən xəbər verir. Münaqişənin həllində həqiqətən maraqlı olan qüvvələr üçün nəticə deyil, sadəcə proses maraqlıdırsa, Azərbaycan artıq bunu qəbul etmir. Danışıqların imitasiya olmamasının göstəricisi yalnız işğalçının beynəlxalq ictimaiyyəti saya salmayan mövqeyindən əl çəkməsi, onu Azərbaycan torpaqlarından çıxmağa vadar edən tədbirlərin görülməsi ola bilər. Nəticəsiz proses Azərbaycanın praqmatik siyasətinə ziddir. Çünki “praqma” – konkret nəticə, iş deməkdir. Təəssüflər olsun ki, beynəlxalq birlik status-kvonun sonsuzadək davam edə bilməyəcəyini hələ də tam dərk etmir. Eyni zamanda, ötən illər vaxtın Azərbaycanın xeyrinə işlədiyini göstərdi. Ermənistan isə bu müddətdə işğalçı ölkə adına yeni – iflas edən və gələcəkdən məhrum ölkə imicini əlavə etdi. Təbii ki, Azərbaycan mənfi ssenarilərin arzusunda deyil, münaqişənin həllinin alternativ yolunun gündəliyə gəlməsini təsadüfi hesab etmir. Lakin digər tərəfdən, həm Azərbaycan üçün, həm region, həm də dünya üçün vəziyyətin olduğu kimi qalmasından daha təhlükəli ssenari yoxdur. Münaqişənin həllində uzadılan hər yeni gün böyük itki kimi başa düşülməlidir. Təbii ki, dünyada qlobal təhlükəsizliyin təmin olunmasında özünəməxsus məsuliyyət daşıyan və bunu daim bəyan edən qlobal güclər var və məhz buna görə də Azərbaycan regionda münaqişələrin həllinə yönələn məsələlərdə bu ölkələrdən daha qətiyyətli qərarlar gözləyir. Mövcud status-kvonun qalması, yaxud onun milli maraqlarımıza zidd şəkildə dəyişdirilməsi Azərbaycanın beynəlxalq birliyə və vasitəçilərə inamının itməsi, ən pis halda isə bölgədəki gərginliyin artması kimi təhdidlər doğura bilər”. PA rəsmisi onu da qeyd edib ki, beynəlxalq münasibətlərin ritmi çox sürətlidir:“Biz ən yaxın gələcəkdə hansı dünyada yaşayacağımızı, hansı yeni münaqişə ocaqlarının yaranacağını əminliklə deyə bilmərik. Proseslərin ağlagəlməz sürəti siyasi qərarlar qəbuluna da təsir göstərir. Məhz buna görə də ilk növbədə uzun sürən münaqişələrin həlli barədə qərarlar verilməlidir ki, onlar “ağır yük” kimi sonrakı tarixə və nəsillərə miras qalmasın. Əsas məsələ odur ki, artıq qarşı tərəfin mövqelərin yaxınlaşdırılması, hətta konkret addımlar atılması üçün çox az vaxtı var və o, bu vaxtdan maksimum dərəcədə ağılla istifadə etməlidir. Münaqişənin həlli tarixində mövcud status-kvonun saxlanması səhifəsi artıq çevrilməlidir. Hay-küylü bəyanatlar deyil, reallaşdırılan nəhəng iqtisadi layihələr Azərbaycanın gələcəyindən xəbər verir. Bu layihələrin hamısı beynəlxalq strateji əhəmiyyət daşıyır və Ermənistanın istənilən cəhdlərinin məhdudlaşdırılmasına hesablanmışdır. Ermənistanın seçim etmək imkanlarının dairəsi sürətlə daralır. Hələlik isə Azərbaycan münaqişənin ədalətli həlli üçün bəzi konfiqurasiya dəyişikliklərinə getməyə hazırdır. Münaqişənin dinc yola həllinə olan ümidlər doğrulmasa, peşmançılıq çəkən qarşı tərəf olacaq”. 


“525-ci qəzet”

OXŞAR XƏBƏRLƏR