"Neftçi" rəhbərliyi Premyer Liqanın XIII turunda "Qəbələ" ilə oyunun canlı yayını zamanı "Lider TV"nin şərhçisi Pərviz Musayevin paytaxt klubunun ünvanına qərəzli ifadələr işlətməsinə etiraz edib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu "FutbolPress"ə açıqlamasında bunları dedi:"Bildiyiniz kimi, "Qəbələ"nin ev oyunlarının yayın hüququ "Lider TV"yə məxsusdu. Ona görə də "Qəbələ" - "Neftçi" oyununu da bu telekanal canlı yayınladı. Amma oyunun canlı yayını zamanı şərhçi tamamilə qərəzli mövqe nümayiş etdirərək, "Neftçi"nin ünvanına müxtəlif ittihamlar səsləndirdi. Oyunu sanki "Lider TV" deyil, "Qəbələ" klubunun televiziyası yayınlayırdı. Penalti epizodunda isə o, daha da irəli gedərək, qeyr-peşəkarcasına epizoda şərh verdi. Daha sonra isə "Allah göydən baxır" və s. bu kimi ifadələr işlətdi.Həmin şəxs əvvəlcə bilməlidi ki, hər hansı oyun zamanı şərhçi bitərəf mövqe nümayiş etdirməli, epizodlara şərh verməməlidi. Hətta milli komandanın oyunları zamanı da bu, belə olmalıdı. Amma biz "Qəbələ" - "Neftçi" oyununda tamam fərqli hadisənin şahidi olduq. Şərhçi nəzərə almalıdı ki, həmin oyuna yerli azarkeşlərlə yanaşı, "Neftçi" fanatları da baxırlar və bu da onların böyük narazılığına səbə olub. Oyunun başa çatmasından cəmi 3 saat keçməsinə baxmayaraqq, artıq bizə minlərlə azarkeş müraciət edərək, öz etirazını bildirib. Xatırladaq ki, "Neftçi"nin ev oyunlarını da Lider TV canlı yayınlayırdı. Amma "Xəzər Lənkəran"la görüşü vermədikləri üçün biz yayın hüququnu "İdman Azərbaycan" və AzTV-yə verdik. Bundan sonra isə telekanal tərəfindən "Neftçi"nin ünvanına qəzərli fikirlər səslənməyə başladı. Amma belə olmaz. Şərçi oyundankənar hər hansı bir idman verilişi zamanı öz fikirlərini söyləyə bilər. Amma heç bir oyunun gedişi zamanı o, şərh verə bilməz. Ən azından bu, peşəkarlığa sığmır. Mən özüm də jurnalistəm və indi də peşəmi davam etdirirəm. Bilirəm ki, şərhçilikdə belə hallar yolverilməzdi. Lider TV-nin prezidenti Ədalət Əliyevlə də çox yaxşı münasibətlərimiz var. Hətta onunla birlikdə müxtəlif turnirlərdə, olimpiya oyunlarında bir yerdə olmuşuq. Ədalət müəllim də belə məsələlərə diqqəti artırsa, daha yaxşı olar. Çünki Lİder TV-də "Neftçi"yə qarşı bu cür qərəzli münasibət ilk dəfə deyil.