10:59 şənbə, 29 Fevral 2020
İQTİSADİYYAT

Elşad Əliyev “Şirin Su” şirkətinin uğur sirrini açıqladı - MÜSAHİBƏ

13:26, 24.01.20205289
Elşad Əliyev “Şirin Su” şirkətinin uğur sirrini açıqladı - MÜSAHİBƏ
Hələ məktəb vaxtından bilirik ki, insan bədəninin 65-80 faizi sudan ibarətdir. Su həyatın əsas mənbəyi olmaqla yanaşı, orqanizmimiz üçün vacib olan proseslərin hərəkətverici qüvvəsidir. Buna görə də hər gün istifadə etdiyimiz suyun önəmini, həyatımızdakı rolunu qiymətləndirməyə bilmərik. Son zamanlar dinamik inkişaf edən "Şirin Su” brendinin yaradıcısı Elşad Əliyevlə məhz bu barədə söhbət etdik:

- Öz biznesinizə başlamaq fikrinə nə vaxt düşdünüz?


- Karyerama 17 yaşımdan başlamışam. Həm də tamamilə başqa bir sahədən - sığorta sahəsindən. Burada işlədiyim 15 il müddətində sıravi işçidən idarə heyətinin sədri vəzifəsinə qədər yüksəldim və üç il bu vəzifəni icra etdim. Ancaq 33 yaşımda qərara gəldim ki, bütün diqqətimi şəxsi biznesimə və öz brendimin inkişafına cəmləşdirməyimin vaxtı çatıb.

- Zəhmət olmasa, "Şirin Su” şirkəti və təklif olunan məhsulun çeşidləri barədə məlumat verin.

- Şirkətimiz 2012-ci ildə yaradılıb. Həmin vaxt maddi gəlirdən əlavə, insanlara fayda gətirəcək bir iş qurmaq mənim üçün vacib idi. Cəmiyyətimizə fayda gətirən və həyat səviyyəsini yüksəldəcək bir iş qurmaq istəyirdim. Sonda su kimi vacib və əvəzolunmaz bir dəyər üzərində dayandım. Bildiyimiz kimi, sağlam həyatın təməli olduğu üçün hər birimizin hər gün təmiz suya ehtiyacı var.

Seçim barədə qərar verdikdən sonra bu suyun necə olması barədə düşündüm. Müxtəlif ölkələrə səyahət etdim, bu seqmentdə avadanlıq istehsal edən şirkətlərin nümayəndələri ilə görüşdüm və əmin oldum ki, indi dünya suyun təmizlənməsinə doğru gedir.

 


 


İnsanın təbiətin dəyişdirilməsi ilə bağlı aktiv fəaliyyəti  planetimizdəki su mənbələrini çirkləndirməkdə davam edir. Buna görə də artıq Qərb ölkələrində bulaq suyundan çox təmizlənmiş suya üstünlük verirlər. Məsələn, dünyanın ən böyük istehsalçısı olan "Coca-Cola” şirkəti içki istehsalında yalnız təmizlənmiş sudan istifadə edir.

Növbəti addım magistral su xəttindən bir qol almaq üçün razılaşmanın bağlanması oldu. Əlbəttə ki, müəssisəni təchiz etmələ də məşğul olmağa başladıq. Bizdə İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb və yeri gəlmişkən, son zamanlarda istehsal gücümüzü üç dəfə artırmışıq.

Nəticədə, bütün istehlakçılar üçün uyğun, keyfiyyət baxımından ideal olan və "süfrə suyu” adlanan bir məhsul əldə edirik. "Şirin Su” suyunun hər şüşənin etiketində göstərilən parametrlərə tam uyğun olduğuna zəmanət veririk.

Məhz məhsullarınızın keyfiyyəti sayəsində şirkətimiz bazardakı mövqeyini möhkəmləndirməklə yanaşı, ildən-ilə gücünü 30-40 faiz artırır. İşimizdə pərakəndə satış bazarına xüsusi diqqət yetiririk. Çünki bu bizim istehlakçıların 60 faizini əhatə edir. Portfeldə nə qədər çox fiziki şəxs varsa, bir o qədər yaxşıdır, çünki onların hər biri potensial korporativ müştəridir.

Lakin korporativ müştəriləri də unutmuruq. Hətta bizim bu seqmentlə məşğul olan xüsusi bir şöbəmiz var. Servis xidmətini müzakirə etmək və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün onların hər birinin öz şəxsi meneceri var.

 

Məhsullarımızın çeşidlərinə gəlincə, əvvəlcə böyük qablara diqqət yetiririk - bunlar 19, 15 və 5 litrlik qablardır. İndiyə qədər kiçik pərakəndə satışa çatmamışıq, amma bunu gələcək planlarımıza daxil etmişik.

Onu da qeyd edim ki, biz Azərbaycanda şüşə qablarda 15 litr su təklif edən yeganə şirkətik. Bildiyiniz kimi, şüşə qab suyun saxlanması üçün ən yüksək keyfiyyətli materialdır. Bəli, bu, ən bahalısıdır, həm də biz onu ixrac edirik.

Amma şüşə su ilə reaksiyaya girmədiyindən və kimyəvi cəhətdən təsirsiz olduğundan şüşə qablardan zərərli maddələr suya qarışmır. Buna görə də bizdə 15 litrlik suyun ilkin sifarişi təxminən 100 AZN-dir, ancaq bundan sonra müştəri cəmi 5 AZN ödəyir.

Bundan əlavə, müxtəlif növ qabların təsnifatında təhlükəsizlik baxımından ikinci yerdə olan polikarbonat şüşələrdən istifadə edirik.

- Nə üçün şirkətinizi "Şirin Su” adlandırdınız?

- Əvvəlcə xarici ad seçmək istədik, amma sonra qərara gəldik ki, Azərbaycan bazarında işlədiyimiz üçün bu ad istehlakçı üçün doğma olmalıdır. Bir sıra marketinq araşdırmalarından sonra cəmiyyətimizdə yaxşı, keyfiyyətli suyun "şirin” sözü ilə əlaqələndirildiyi qənaətinə gəldik.

Bu yaxınlarda yenidən restaylinq apardıq və şirkət üçün tam brendinq etdik, loqotipi, reklam məhsullarını yenilədik, amma şüarımız dəyişməz qaldı – "Həyat qədər şirin”. Bu, şirkətimizin vəzifələrini tam əks etdirir.


- Suyun keyfiyyətinə nəzarəti necə həyata keçirirsiniz?

- Avadanlıqlarımız təmizlənmənin bütün mərhələlərindən keçən suyun əvvəlcədən təyin edilmiş parametrlərə və standartlara uyğun olmasını təmin edir. Ancaq buna baxmayaraq, satışa çıxardığımız bütün suların keyfiyyətini yoxlayırıq.

Onu da qeyd edim ki, biz şüşə üzərində qoruyucu örtük istifadə edən az sayda şirkətlərdən biriyik. Məlumdur ki, brend nə qədər populyardırsa, onun saxtalaşdırılması ilə bağlı problemlər də bir o qədər çox olur.

Bu lent belə hallarda əlavə qorunma və keyfiyyətin başqa bir qarantı rolunu oynayır. Müştərilərimizi birdən lentsiz şüşə tapdıqları halda dərhal bizə zəng etmələri barədə xəbərdar etmişik.

- Qablaşdırma prosesi necə idarə olunur?

- "Şirin Su”da, demək olar ki, suyun təmizlənməsi prosesi tam avtomatlaşdırılıb. Bu gün insan əli yalnız düymələrə toxunur və işçilərimiz şüşə qablara yalnız qoruyucu lentlər vurulduqda və daşınmağa tam hazır olduqda toxuna bilər.


Yenidən istifadə olunan bütün qabların xarici və daxili hissələri Avropa istehsalçılarından aldığımız yüksək keyfiyyətli xüsusi avadanlıqlarla mexaniki şəkildə təmizlənir.

- Şirkətiniz servis xidmətinin təşkilinin hansı prinsiplərindən istifadə edir?

- "Şirin Su” İT infrastrukturunun inkişafına və bütün proseslərin rəqəmsallaşdırılmasına böyük diqqət yetirir. Şirkətin fəaliyyət göstərdiyi bütün illər ərzində məlumat saxlayan çox güclü serverlərdən istifadə edirik. İşçilərimiz sifariş verilən andan məhsulun çatdırılmasına qədər bütün prosesi onlayn olaraq izləyirlər.

Biz yüksək keyfiyyətli servis xidmətinə yönəlmişik və şirkətdə müştəri problemlərini tez bir zamanda həll edə biləcək xüsusi bir şöbə var. Şirkətə daxil olan bütün şikayətlərdən xəbərdaram və çalışıram ki, hər bir işçi üçün əlçatan olum.

Hesab edirəm ki, zamanın tələblərinə hazır olmalısan və buna görə də veb səhifəmizi daim inkişaf etdiririk. Əgər bu gün saytda bütün etibarlı məlumatları yerləşdirmək mümkündürsə, nə üçün insanlar qonşularından soruşmalı və ya müəyyən bir xidmət və ya kampaniya haqqında tanışlardan rəy gözləməlidirlər?


 

 

 

"Şirin Su”nun veb səhifəsində şirkətimiz haqqında bütün məlumatlar, diplomlar və uyğunluq sertifikatları təqdim olunub. Bununla belə, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək fikrində deyilik.

İndi smartfonlar üçün proqramımız inteqrasiya mərhələsindədir. Bu, Azərbaycanda su sifariş verməyə imkan verən ilk tətbiq olacaq. Ancaq bu tətbiqimiz yalnız sifarişlərlə məhdudlaşmayacaq: orada başqa imkanlar da olacaq.

Məsələn, "Loyalty” proqramı hər bir alış üçün xal toplamağa və tərəfdaşlarımızın şəbəkələrində xərcləməyə imkan verəcək. Orada eyni zamanda şəxsi kabinet, sifariş tarixçəsi, əlbəttə ki, onlayn ödəmə imkanları nəzərdə tutulub.

- "Şirin Su”da logistika sistemi necə qurulub?

- Logistika zənciri birbaşa şirkətin İT şöbəsinə bağlıdır. Hər gün şirkətin 20-dən artıq avtomobili hüquqi və fiziki şəxslərə xidmət göstərir. Sifarişlərin qəbulu və suyun çatdırılması - hər şey avtomatik rejimdə həyata keçirilir. Sifarişlərin yazıldığı qeyd kitabçaları yoxdur.

Hər bir avtomobilin ona ayrılmış ərazisi var. Şirkət həmişə son müştəriyə qədər işləyir. Sifarişləri ertəsi günə saxlamamağa çalışırıq. Çatdırılma ilə bağlı vacib bir məqam ondan ibarətdir ki, saat 15:00-a qədər zəng vursanız, suyu həmin gündə də çatdıracağıq.

"Şirin Su”nun başqa bir qüruru demək olar ki, fasiləsiz olaraq həftədə yeddi gün işləyən 24 saatlıq əlaqə mərkəzidir. Əslində, belə bir qrafiklə işləmək işçilərimiz üçün çətin deyil. Şaxələnmiş IP-telefoniya sayəsində onlar hətta evlərində də zəngləri qəbul edə bilirlər.

 

- İçməli su ilə bağlı istehlakçılara hansı məsləhətləri verərdiniz?

- Ən əsası, istehlakçı mineral və süfrə suyu arasındakı fərqi bilməlidir. Orta dərəcədə minerallaşdırılan süfrə suyu çay, yemək və qaynatmadan içmək kimi gündəlik ehtiyaclara uyğundur. Mineral suda isə duzların və mineralların konsentrasiyası dəfələrlə çoxdur və buna görə də, məsələn, ondan çay hazırlamaq düzgün deyil. Gündəlik ehtiyaclar üçün süfrə suyundan istifadə edilməlidir.

Digər tərəfdən, insanların bir çoxunun təmizlənmiş su içməsi, ancaq çay içmək üçün kran suyundan istifadə etməsi mənə çox qəribə görünür.

- Ola bilsin, onlar suyu qaynatmaqla təmizlədiklərini düşünürlər...

- Yəqin ki. Ancaq əslində, qaynatma təhlükəli bakteriyaları öldürsə də, suyu ağır metallardan təmizləmir. Təmizləsə belə bu 10 faizdən çox deyil.

- İstehsal güclərinin artırılması, tam rebrendinq, su sifariş verilməsi üçün ilk tətbiqin yaradılması, Azərbaycanda ilk dəfə olaraq suyun 15 litrlik şüşə qablarda satışı ... Şirkətiniz 2019-cu ildə daha hansı nəticələrə imza atdı?

- Artıq üç ildir ki, "Navigator Business Award” mükafatını alırıq, bu il isə "Trend” mükafatına layiq görüldük.

"Şirin Su” müxtəlif tədbirlərin, əsasən, xeyriyyəçilik tədbirlərinin daimi sponsorudur. Məsələn, keçən il şirkətimiz talassemiyalı uşaqlar üçün keçirilən "Milad Xeyirxahlıq Ağacı”na sponsorluq etdi. Uşaq film festivalına, beynəlxalq şahmat turnirinə və 2018-ci ildə "Best Model Azerbaijan”a da sponsorluq etmişik.

Ətraf mühit məsələlərinə çox diqqət yetiririk: istehsalımız ətraf mühiti çirkləndirmir. Bütün qablar təkrar istifadə üçün nəzərdə tutulub və hər hansı bir şüşə zədələnərsə, dərhal onu təkrar emal üçün təhvil veririk.

Bu yay şirkətimizin bütün işçiləri Mərdəkandakı sahilləri təmizləmək üçün ekoloji kampaniyada iştirak etdilər. Bu cür tədbirlər ətrafa fayda gətirməklə yanaşı, mehriban komandamızı daha da birləşdirir.

- Yuxarıda qeyd etdiklərinizə əlavə olaraq 2020-ci ildə hansı yeniliklərlə istehlakçıları sevindirəcəksiniz?

- Yaxın iki ildə əhəmiyyətli dərəcədə genişlənmək niyyətindəyik. 3000 m2-lik bir ərazidə ancaq istehsal müəssisələrinin yerləşəcəyi yeni bir fabrik qurmağı planlaşdırırıq. Eyni zamanda, inzibati binanın inşası və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

"Şirin Su”nun bir hissəsi olduğu USS Qrupu haqqında danışarkən deyə bilərəm ki, artıq "Şirin Bal” brendi altında Astaradan yüksək keyfiyyətli çiçək balı satmağa başlamışıq və təbii məhsullar bazarında öz məhsul xəttimizi daha da genişləndirmək niyyətindəyik. Bu ildən başlayaraq isə Lənkəran çayı olan "Şirin Çay”ın satışına başlayacağıq.

Bunlar bizim ilk addımlarımızdır və ümid edirəm ki, tezliklə bu məhsulların hər biri haqqında istehlakçılarımız tərəfindən bəyənilən və çox sevilən məhsullar kimi danışacağıq.
XƏBƏR LENTİ