Elşən Musayev: "Bu iqtidar adına istənilən rəqiblə döyüşməyə hazıram"

Elşən Musayev: "Bu iqtidar adına istənilən rəqiblə döyüşməyə hazıram"
Bütün Xəbərlər
22:10 07.11.2011
1779
YAP icra katibinin müavini Siyavuş Novruzovun müxalifətə ünvanlanmış debat təklifi siyasi kuliarlarda hələ də mübahisəli müzakirə mövzusu olaraq qalır. Qarşı tərəf bu təklifi imitasion xarakterli gediş adlandıraraq, millət vəkilini ağır şəkildə ittiham etməkdən də çəkinmirlər. Məsələyə ən sərt münasibəti isə AXCP, Müsavat funksionerləri olan Nurəddin Məmmədli və Tofiq Yaqublu sərgiləyib. Son dərəcə kəskin olan mətbuat “atışma”larında hər iki tərəf birmənalı olaraq açıq meydanda mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər.Mövzu ilə bağlı Qaynar.info-ya danışan iqtidaryönlü Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin də məsələyə münasibəti kəskin oldu: “Yaxşı,o zaman bu iqtidar neyləsin bəs?! Hansı münasibəti göstərsin müxalifətə? Arxalarınca mitinqə, TV-yə, müzakirələrə gəlmələri üçün elçimi göndərsin? Taksimi çağırsın? Siyavuş Novruzov kiminsə dədəsini söyməyib axı… Müxalif liderciklərə canlı efirdə xalqın qarşısına çıxmağı təklif edib. Müxalifət illərdir bizi buna oxşar məsələlərdə ittiham etmirdimi? Hər söz bu qədər şübhə ilə, aqressivliklə qarşılanacaqsa,o zaman hansı sifətlə bu iqtidardan dialoq istəyirlər bunlar? O ki qala, hələ də özünü fantastik-romantik janrda görən Nurəddin Məmmədli və Tofiq Yaqublu kimi dırnaqarası siyasətşünasların söylədiklərinə… Nurəddin bəyi debata daha uyğun variant kimi görürəm. Çunki bu adam bir zamanlar ADP-dəki mövqeyini axşam yatıb, səhər durub AXCP-nin ştatlı maaş sisteminə rahatca dəyişə bildiyinə görə, bu bacarıqdan gələcəkdə də istifadə edəcəyi istisna deyil. Bəy nə qədər ki o 180 dərəcəlik radiusda növbəti manevrini edib YAP-ın sıralarına keçməyib, məncə ona ciddi bir debatda gözəlcə dərs verməyə dəyər.Tofiq Yaqubluya isə arzu edirəm ki mitinqlərdəki cəngavər obrazını uzun-uzadı itirməsin. Arada köşə-filan da yazsın.Qısaca özünə aid işlərlə məşğul olsun. Boş vaxtında isə başqanının qulağına partiyanın divanında(kreslosunda da olar)oturmuşkən ehmalca pıçıldasın ki, qurultayın vaxtıdır,bundan o tərəfə fırladası yer yoxdur”.
OXŞAR XƏBƏRLƏR