Elşən Musayev: ‘İqtidarın işi-gücü qurtarmayıb ki, İsa Qəmbər güdsün’

Elşən Musayev: ‘İqtidarın işi-gücü qurtarmayıb ki, İsa Qəmbər güdsün’
Bütün Xəbərlər
18:55 15.01.2013
1089

“İsa Qəmbər siyasətdə hər nə qədər uğursuzdursa, hiyləgərlikdə və blef eləməkdə də bir o qədər mahirdir”

İsa Qəmbər əlinə düşən “göydəndüşmə” fürsəti mükəmməlcə dəyərləndirdi. İndi növbə Əli Kərimlinindir, gözləyək görək onun təşkil edəcəyi şou hansı maraqlı hadisələrlə yadda qalacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Lənkəranda baş verən məlum insidentə münasibət bildirərkən deyib.

Partiya sədri vurğulayıb ki, hadisənin gedişatından da bəlli olur ki, bu məsələdə iqtidarlıq bir şey yoxdur. Sadəcə, radikal müxalifətə olan münasibət son dərəcə aqressiv şəkildə ifadə olunub: “Təbii, mən də o qənaətdəyəm ki, insanların bu cür davranışı yolverilməzdir. Siyasətdə baş verən eyni məzmunlu ektrimal olaylar kimsə üçün arzuolunan deyil. Amma ortada olan mənzərəyə məxsusi dekor verib, onu şişirdib, özünə sərf edən istiqamətə yönəldərək şou düzəltməyin də başqa adı yoxdur!”.

E.Musayevin sözlərinə görə, hər kəsə bəllidir ki, “İctimai Palata” adlanan qurum yarandığı gündən etibarən İsa Qəmbərlə Əli Kərimlinin savaş meydanına çevrilib. Aralarındakı nifaqın ən böyük səbəbi isə illər uzunudur həllini tapa bilməyən “vahid namizəd” problemidir: “Elə bu fikrə əsaslanıb deyirəm ki, Lənkəran insidenti İsa Qəmbər üçün tarixi bir şans olub. İ.Qəmbər siyasətdə hər nə qədər uğursuzdursa, hiyləgərlikdə və blef eləməkdə də bir o qədər mahirdir. Odur ki, fürsətdən yararlanıb müxalif düşərgəyə mesaj göndərmək istəyir ki, baxın hədəfdə olan, əzilən, təzyiqlərə məruz qalan mənəm, Əli Kərimli deyil. Bu təxminən, “Evrovizion” finalı öncəsi Əli Kərimlinin düzənlədiyi şounun bir başqa rakursdan, tam yeni formatda, oranjimanda davamıdır. Seçki yaxınlaşdıqca, həvəskar siyasətçilərin ifasında bu cür tamaşalarını hələ çox izləməli olacağıq”.

Partiya sədri bildirib ki, sadəcə, qarışqadan fil düzəltmə üzrə gerçək mütəxxəsis olan isaqəmbərlər, əlikərimlilər bir həqiqəti unutmasınlar, Azərbaycan xalqı romantik-triller janrında çəkilən və süjet xətti 20 ildir dəyişməyən bu tamaşalardan çox izləyib. Yeni bir şey düşünmək, daha maraqlı obrazları, fantaziyaları ortaya çıxarmaq lazımdır. Nəticə xətrinə olmasa da, barı maraq xətrinə! İsa Qəmbərin nə gül-camalı, nə maşını, nə partiyası, nə də keçirəcəyi hansısa mənasız görüş bizi heç ilgiləndirməz! İqtidarın, hakimiyyət mənsublarının, məmurların işi-gücü qurtarmayıb ki, İsa Qəmbər güdsün, ya da öz dillərində desək ona qarşı hansısa təxribat hazırlasın. Bu cür təkəbbürlə, özünü-ifşa ilə, ucuz şoularla çox uzağa getmək mümkün deyil. Necə ki, gedilmir də...”.

OXŞAR XƏBƏRLƏR