Elvin Basqallı: 'Son xəbər'də isə mənə 'yaşıl işığ'ı Vaqif Aydınoğlu yandırdı' - MÜSAHİBƏ

Elvin Basqallı:
MEDİA
23:57 01.04.2012
13357

"Həmkar"ın yubiley-onuncu qonağı son iki ildə iki imzası ilə tanınan, reportajlarında müsahiblərindən çox özünü göstərən, özü demişkən sözlə "rəqs eləyən", hadisə yerində hadisədən əvvəl olan Elvin Basqallıdı. Heç şübhəsiz ki, bu dəfə onu seçməyimin səbəblərindən biri də imzasının tanınmasıyla yanaşı, aprel ayının 6-da Basqallının ailə həyatı qurmasıdır.

AZXEBER.COM portalı Elvin Baskallının “Ədalət” qəzetinə verdiyi müsahibəni təqdim edir.

"İstədim basqallılar daVahidin oğlu kimi tanısınlar" - 1986-cı ilin dekabr ayının 11-də Bakı şəhərində anadan olmuşam. 1993-cü ildə Yeni Günəşli qəsəbəsində 285 saylı məktəbə getmişəm. 2004-cü ildə həmin məktəbi bitirib Təfəkkür universitetinin jurnalistika fakültəsinə qəbul olmuşam. 2008-ci ildə bakalavr pilləsini bitirib Bakı Dövlət Universitetinin "Telejurnalistika" fakültəsinin magistraturasına qəbul olduqdan sonra akademik möhlət alıb Ağdama-hərbi xidmətə yollandım. Qayıdıb 2009-2011-ci illərdə magistr təhsilimi davam etdirdim. - Razılaşırsan ki, ANS-də çalışanda imzan daha çox tanınırdı? - Xatırlamıram. - Niyə? ANS-i xatırlamırsan, yoxsa? - Sualın mənimçün yad oldu. - Bir müddət tamaşaçılar səni "Elvin Basqallı" imzasıyla tanıdılar. İndi isə gah "Basqallı", gah "Vahidoğlu" imzası. Səbəb? - Hamı Basqallı kimi tanıdısa, istədim basqallılar da Vahidin oğlu kimi tanısınlar. - Səncə bu cavabdan daha çox söz oynatmaq olmadı? - İstədiyin kimi qəbul edə bilərsən. Jurnalist fəaliyyətinə başladığım 2005-ci ildən bir il əvvələ qədər imzam "Basqallı" kimi gedib. Qəbul edirəm ki, hazırda dostlarıma, tanışlarıma, müsahiblərimə və tamaşaçılara qədər hər kəs bu imzayla tanıyır. - Sosial durumundan razısan? - Normaldı. - Yəni? - Heç kimdən asılı vəziyyətdə yaşamıramsa, bəs edir. - Əməkhaqqın nə qədərdir? - Bu şirkətin daxili məsələsidir. - Razılaş ki, biz bəzi QHT və dövlət təşkilatlarını şəffaflıq məsələsində qınaya bilmərik. Çünki bir jurnalist öz əməkhaqqını açıqlamaq istəmir... - Qətiyyən çətinlik çəkmirəm. Bir həmkar, dost kimi sənə deyə bilərəm. "Son Xəbər"in aparıcısı Ceyhun Səfərov toyumun aparıcısı olacaq" - Bilirəm ki, indi həm də toy qayğılarıyla yaşayırsan. Təbrik edirəm. Hazırlıqlar nə yerdədir? - Toy hazırlıqları yekunlaşmaq üzrədir. Məkan və vaxt təyin olunub, dəvətnamələr yazılıb. - Toyunun özəlliyi nə olacaq? - "Son Xəbər"in aparıcısı Ceyhun Səfərov toyumun aparıcısı olacaq. Belə bir sərrast və söz yaradıcılığına malik aparıcının ilk dəfə mənim toyumu aparması ən böyük özəllikdir. - Evlilik həyatında maddi sıxıntıların olacağından çəkinmirsən? - Qətiyyən. Bilirəm ki, ailə quranla ev tikənə Allah kömək olur. İndiyə kimi lazımi addımlar atanda sosial problem qarşımı kəsə bilməyib. - Nə vaxtsa jurnalistliyini imtiyaz kimi istifadə eləmisən? - Demək olar ki, yox. Amma tanıyan olubsa, müəyyən güzəşt edilib, əlavə nəsə tələb olunmayıb. Sosial müxbir olduğumdan bu tip məsələlərlə daha yaxından tanışam. Bəzən tanışlar məni buna görə tənqid edirlər ki, jurnalistliyimdən istifadə eləmirəm. - Televiziyaya mətbuatdan gəlmisən... - 2005-ci ilin noyabr ayında Təfəkkür universitetində "Azərbaycan" qəzetinə təcrübəyə göndərildim. İlk gün oranın şöbə müdiri İxtiyar Hüseynov yazılarımı bəyəndi və iki gün sonra dövlət qəzetində yazılarımı çap elədi. Bildirdi ki, təcrübə bitəndən sonra məni harasa işə düzəldəcək. Elə oldu ki, təcrübəmin ikinci həftəsində oranın parlament müxbiri yazımı gördü, çox xoşuna gəldi. İnana bilmirdi ki, bu yazını özəl universitetin ikinci kurs tələbəsi yazıb. Beləliklə, "Şərq" qəzetinə-Akif Aşırlının yanına göndərildim. Təcrübəmin dördüncü həftəsində Akif Aşırlının və müavini Yusif Nəzərlinin imtahanından keçdim və işə qəbul olundum. Hələ də xoşbəxtəm ki, qəzetçiliyə "Şərq"dən başladım. Günəş Şərqdən doğduğu kimi, Azərbaycan mətbuatı yazı texnikasına, gözəlliyinə görə "Şərq"dən doğur. Bütün yazı imkanlarına görə-əgər varsa, Allahın verdiyi istedaddan savayı-"Şərq" qəzetinə minnətdaram. Orda jurnalist monopoliyası olmadığına görə hər kəsə təşəkkür edirəm. "Sevgi qıtlığı yaşamıram"

Özündən razısan deyəsən? - Yaradandan razıyam, atamdan-anamdan razıyam. Sadəcə naşükür deyiləm. Bu isə məni kənardan daha özündən razı kimi göstərir və bu sözü çox eşidirəm. Amma tam səmimi deyim, bu sual məni heç qıcıqlandırmır. Çünki özündən razı olanı, yəni lovğaları sevmirlər. Amma mən sevgi qıtlığı yaşamıram! Sözün hər mənasında. - Səni kifayət qədər tamaşaçı tanıyır və ya belə desək sevir? - Bir müxbiri cəmiyyətdə nə qədər tanımaq mümkündürsə bir o qədər tanıyırlar. Bəlkə də hər 100 adamdan 10-u tanıyır. Amma həmin 10 nəfər həm də rəğbət bəsləyir. - Nə vaxt ATV-ni və ya jurnalistikanı tərk edəcəksən? - Həmişə belə düşünmüşəm, əgər məni şəxsən tanımayan bir tamaçaçı belə efirə mənə görə baxacaqsa, mən mikrofonu yerə qoymayacam. İndi isə, söhbət bir tamaşaçıdan yox, kütlədən gedir. - Heç sosial şəbəkələrdə tanış olmaq məqsədi ilə yazırlar? - Çox, həddindən çox. Xanım fanatlarım çoxdu, amma sevgiləri qarşılıqsızdı. Çünki ürək bir dəfə sevər, mənim ürəyim də sevib artıq və sevdiyimlə evlənməyə hazırlaşıram. - Gələcək planların nədir? - Ən yaxın gələcəkdə həm də pedaqoq kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Buna mənim aldığım təhsil imkan verir, elə təcrübəm də. Qalanları barəsində danışmayım. - Telejurnalistikada kimlərdən bəhrələnmisən və özünü onlara borclu hesab edirsən? - Əli Əhmədov və Rüstəm Əbülfətoğlu məni televiziyaya gətirib. Rüstəm indi də mənə böyük qardaş kimi dəstək verir. "Son xəbər"də isə mənə "yaşıl işığ"ı Vaqif Aydınoğlu yandırdı. "Nə gözəl ki, bu gün ATV-də işləyirəm" - Niyə televiziya jurnalistləri mətbuatda çalışan həmkarlarının yazıları əsasında material hazırlayarkən heç bir istinad etmirlər? - (düşünür və gülümsəyərək) Niyə də olmasın?! Qəzet jurnalisti də televizora baxıb hansısa məsələni gündəmə gətirə, yaza bilər. Bu yaxınlarda Çobanzadə küçəsində ana su xətti üzərində yaranmış problemi yalnız mən çəkmişdim və səhəri gün bunu başqa qəzetlər də verdi. Yəni burda qəbahət görmürəm. - Deyəsən ara-sıra şeirlər də yazırsan... - Son illər istisna olmaqla 1998-ci ilin sentyabrından şeir yazıram. - Özünü şair hesab edirsən? - O insan xoşbəxtdir ki, şairdi. Amma şair heç vaxt xoşbəxt ola bilməz. Amma son illər özümü hər işi avand gedən, xoşbəxt sanıram ki, şair hesab eləyə bilmirəm. Çünki şair olmaq üçün lirika, qəmginlik lazımdır. Milyonlarla şeirin içərisində çox az sayda şeir var ki, onlar xoşbəxtlikdən yazılıb. İndiki əhval-ruhiyyəm şeir yazmağa imkan vermir. - Amma xoşbəxtlikdən yazılan şerlər də var... - Razıyam ki, xoşbəxtlikdən şeir yazmaq olur və son iki ildə mən də 5-6 beləsini yazmışam. Amma xoşbəxtlikdən kitab yazmaq olmur.Yaradıcılığıma bələdsənsə, reportajları informasiyanın üzərində qurmalı olduğum halda, sözün üzərində qururam, sözlə oynamağa, hətta deyərdim ki, "rəqs eləməyə" çalışıram. - Mətbuatda hansı imzaları oxuyursan? - Oxuduğum bir neçə imza var. Amma ad çəkmək istəmirəm. -Səbəb? - Sadəcə. - ANS-dən hansı səbəbə ayrıldın? - Mən "qəzetçiliyə "Şərq"dən, telejurnalistikaya isə ATV-dən başlamışam" kimi xatırlayıram hər şeyi. - Belə başa düşdüm ki, ANS səninçün qapanmış səhifədir. - Yaxşı şəkillərim qalıb. - Bəs xatirələrin? - Mənim müsahiblərimə də, həmkarlarıma və az-çox tamaşaçılara da az-çox "Son xəbər" tanıdıb. - Mən belə düşünmürəm... - Nə gözəl ki, bu gün ATV-də işləyirəm. - Siyasətlə aran necədir? - "Şərq"də işləyəndə ara-sıra siyasətdən yazırdım. İndi isə tam sosial və bir qədər də mədəni yönümlü müxbirəm. - Mütaliə edirsən? - (gülümsəyərək) Öz yazdıqlarımdan. Ramiz Rövşəni, Nüsrət Kəsəmənlini və Bəxtiyar Vahabzadəni çox xoşlayıram. - Telejurnalistin işi həm də operatordan asılıdır. Onlarla münasibətin necədir? - Telejurnalistin işi qətiyyən operatordan keçmir. Əksinə, hamının işi telejurnalistdən keçir. Operatorlarla da münasibətim yaxşıdır. - O sənin istədiyin hansısa maraqlı kadrı çəkməsə... - Amma düz deyirsən. Televiziya jurnalistinin hazırlayacağı reportaj üçün görüntü də vacibdir. Bu zaman operator işi önə çıxır. - "Son xəbər"dəki müxbirlərin sırasında özünü neçənci görürsən? - On nəfər müxbirik. Bilirəm ki, bu on nəfərin içində autsayder deyiləm. - Bəs autsayder kimdir? - Mən deyiləm. - Əgər özünün autsayder olmadıdığını bilirsənsə, autsayderin kim olduğunu da mütləq bilirsən. - Onu deyə bilərəm ki, ən səmimi və ən savadlı xəbər kollektiviyik. - Hər kəs özünə belə deyir. Bəs "Son xəbər"də favorit müxbirlər kimlərdir? - Mən bura gələndə kollektivdə yaşıdım olan bir müxbir var idi-İlkin Rafiqoğlu. Yaşıdlarım arasında yeganə telejurnalist idi ki, işini bəyənirdim, özümə rəqib bilirdim. İndi isə o bizimlə çalışmır. Özümü favorit saymıram. - Elvin Dəmirli səndən güclü müxbirdir? - Elvin Dəmirli məndən 4 yaş balaca və çox potensiallı jurnalistdir. "Son xəbər"in hər müxbiri güclüdür. - Diplomatik cavab istəmirəm. - Biz xəbər kollektivləri arasında birinciyik. - Bəs Kərəm Ələsgərov? - Axı sən başqalarına belə suallar vermirdin. Həmkarlarıma qiymət verə bilmərəm. - Məmur dostların var? - Çox. - Kimlərdir? - Şəxsən sənə deyərəm. - Müsahibəyə lazımdır. - Bir-iki məmur var ki, jurnalistlərdən yalnız mənimlə dostluq edir. Amma məmurlarla dostluq eləmək üçün məmurlarla eksklüziv müsahibələrə can atmamışam. - "Son xəbər"i ən güclü hesab edirsən. Digər telekanallardakı həmkarlarından kimi fərqləndirərdin? - Mən yaşıdlarım arasında bəyəndiyim dostlarımı sayacam. ANS-dən Aytən Abdulova, "Lider" televiziyasından Elnur Niftəliyev, Günel Şahmalıqızı, "Space"dən bütün xanım müxbirlər, İTV-dən Mais Səfərov, Orxan Cabbaroğlu, "Xəzər" televiziyasından Türkay. Amma güclü bildiklərimin adını çəkmək istəmirəm. - Bu dediklərin zəiflər idi? - Əsla. Sadəcə dostlarım idi.

OXŞAR XƏBƏRLƏR