- Niyə Elatlı təxəllüsünü götürmüsünüz ?
- Elat el-oba deməkdir. Şairliyə başlaıdıöğım zaman ilk şeir kitabım çıxanda Yazıçılar İttifaqında bu təxəllüsü çox bəyəndilər. Və o vaxtdan təxəllüsüm Elatlı olaraq qaldı.
- İlk dəfə yaradıcılığa nə vaxt başlamısınız?
- Uşaqlıqdan Şamaxıda rayon qəzetində kiçik şeirlərim, yumoristik miniatürlərim dərc olunurdu. Bundan başqa 40-50 məqaləm, daha dəqiq desəm, kiçik məlumat xarakterli yazılarım da qəzetdə dərc olunurdu. Artıq qəzetdə ştatdankənar müxbir kimi sayılırdım .
- İlk dəfə nə yazdığınız yadınıza gəlir?
- Yox, o yadıma gəlmir, amma ilk dəfə məni ən çox sevindirən yazım yadıma gəlir. ”Kirpi” jurnalında jurnalın redaktoru yazıçı Salam Qədirzadənin kiçik yumoristik hekayələrinin yanında 4 miniatürüm verilmişdi. “Kirpi” jurnalı o zaman kəskin və prestijli jurnal idi və onilliyi bitirmiş bir gəncin yazısının orada çıxması çox sevindirici hal idi. Ondan sonra mənim 15-16 kitabım çıxıb, amma heç birini əlimə alanda o zaman keçirdiyim sevincin 1/10-i keçirməmişəm.
- Ədəbiyyat sahəsində özünüzə müəllim hesab etdiyiniz bir sənətkar varmı?
- Bəzi sənətkarlar var ki, vurğunu olduqları, dönə-dönə oxuduqları yazıçılar olur və onu özünə müəllim hesab edirlər. Lakin mən belə birinin adını çəkə bilməyəcəyəm ki, sırf mənə müəllim olub. Amma mənim də bəhrələndiyim , sevdiyim yazıçılar olub. Bunlar Azərbayacan ədəbiyyatından Anar, Elçin, dünya ədəbiyyatından Cek London, Aqata Kristadır. Lakin ən çox sevdiyim yazıçı Konon Doyls və təbii ki, onun “Şerlok Homs” udur. Bundan başqa, “Başsız Atlı”, “Martin İden”də ən çox sevdiyim əsərlər sırasına daxildir.
- Yaradıcılığınızın əsasının detektiv yazılar üzərində qurulmasını necə açıqlaya bilərsiniz?
- Uşaq vaxtlarımdan,hələ 10 yaşımda ikən detektivə marağım olub. Sonra şeirə həvəsim oldu. Dalbadal iki şeir kitabım çıxandan sonra yenidən detektivə qayıtım. Özümü detektiv əsərlərdə tapdım. Və hal-hazırda da bu istiqamətdə yazmaqda davam edirəm.
- Öz əsərləriniz içərisində ən çox sevdiyiniz roman hansıdır?
- Bu sual bütün yazıçılar üçün ən çətin sual hesab olunur. Əsərlər də övladlar kimidir. Bir-birindən ayırmaq mümkün deyil. Bəzən görürsən “Bakıdan gələn xəfiyyə” ni üstün sayıram, bəzən də “Qan ləkəsi” ni. Bir də görürsən ki, “ Dilənçi qadının sirri” ni. Yeri gəlmişkən onu da qeyd edim ki, bu yaxınlarda Türkiyədən “ Dilənçi qadının sirri” romanımı çap etmək istədiklərini bildirdilər. Ən nazik kitablarımdan biri olan həmin romanı Türkiyədə çap etmək istəmələri, məncə, sevindirici haldır. Bu əsərlərin hər birini öz müəyyən xüsusiyyətlərinə görə bəyənirəm. Lakin mənə elə gəlir ki, ən çox “Cəhənnəmdən gələn səs” romanı yaşayacaq.
- Romanlarınızın əksəriyyətində rastlaşdığımız qadın xəyanəti mövzusuna geniş yer verməyinizə səbəb nədir? Oxucuya nəyi çatdırmaq istəyirsiniz?
- Əslində həyatı necə var elə vermək istəyirəm ki, insanlar özü nəticə çıxarsınlar. Bəzən heç nə demək istəmirəm. Məhz bu məqamda mənim dediyim heç də heç kimi nədənsə çəkindirmək deyil, mən sadəcə göstərirəm ki, bu tipli qadınlar da var. Və mən bu qadınları pis, çirkin sayıb atmaq istəmirəm. Mən heç xatırlamıram ki, nə vaxtsa əxlaqsız, pozğun qadın surətini əsərimə salım. Bircə erməni qadını Suzanna istisna olmaqla. Mənim dediyim budur ki, belə orta səviyyədə dayanan qadınlar da var və onlar çoxdur. Onlar iradəcə zəif qadınlardır və şərait onları bu vəziyyətə salır. Elə adamlar həyatının sonunadək ərlərinə sədaqətli qala bilərlər. Lakin kobud desək, əgər qarşılarına “mərdimazar” çıxmasa. Bəxti gətirməyəndə qarşısına çıxır və onu yoldan çıxarır. Fikir versəniz, əsərlərimdə onların müsbət xüsusiyyətləri heç də az deyil. Mən bununla demək istəyirəm ki, onlar heç də qəbuledilməz deyillər.
- Ən çətin ərsəyə gələn romanınız hansıdır?
- Baxmayaraq ki, həcmcə böyükdür, bu “Qan ləkəsi” deyil. Ədəbiyyatda bir ifadə var: “birnəfəsə”. “Qan ləkəsi” az qala birnəfəsə yazıldı, baxmayaraq ki, 100 fəsildən ibarətdir. Ən çətin ərsəyə gələn “Pəncərədən görünən kölgə” oldu, nədənsə çox əziyyət verdi mənə. Ən sürətli yazılan isə “Qisas Gecəsi” əsəri oldu.. Mən “Qisas gecəsi”ni bir bədii əsər kimi yüksək qiymətləndirmirəm, çox tez yazmağa məcbur idim.. Düşünürdüm ki, bir müddət keçəndən sonra yeni hadisələr baş verəcək və Mübariz istər-istəməz unudulacaq. Unudulmaması üçün ən yaxşı yol bədii əsərdə yaşamaqdır. Bu məqsədlə də o “Qisas gecəsi” ni qələmə aldım. Mübariz haqqında 100-dən çox yazı yazıldı. Lakin onlardan bircə “Qisas gecəsi” satışdadır.
- “Qisas gecəsi” romanında Mübarizi olduğu kimi canlandırmısınız ya bəzi dəyişikliklər etmisiniz?
- Mübarizin özünü, xarakterini var qüvvəmlə çalışmışam ki, olduğu kimi verim. Onu çox ətraflı araşdırmışam və hətta əsərdə onun ən çox istifadə etdiyi sözləri də işlətmişəm, məsələn “Həqiqi?” sözünü. Onun xarakterində çox kiçik dəyişiklik etmişəm. Mübariz çox vətənpərvər insan idi. Vətənpərvərlikdən də bir az da artıq dindar idi. Mən onun dindarlığından bir az kəsib vətənpərərliyini daha qabartmışam. Mən gənclərə onu daha çox vətənpərvər kimi təqdim etmək istəmişəm.
- Erməni vəhşilikləri sizin demək olar ki, bütün əsərlərinizdə, xüsusilə “Cəhənnəmdən gələn səs” və ”Qan ləkəsi” əsərlərində daha qabarıq verilib. Orada təsvir olunan işgəncələr həqiqətdir ya sizin yaradıcılıq məhsulunuzdur?
- Birincisi, ermənilərin etmədiyi vəhşiliyi mən yazsam, böhtan da sayıla bilər və mən bunu etmərəm. Ikincisi fantaziyamızı işə salıb dəhşətli, insanı titrədən işgəncəni axtarıb tapsaq, bu bizim pis adam olmağımıza dəlalət edər. Biz elə adam deyilik. Ermənilərin adi əsgəri bunu tapa bilir, lakin bizim yazıçımız tapa bilməz. Yəni bunlar həqiqətən əsirlərimizin başına gətirilən işgəncələrdir. Bunlar faktdır, təəssüf ki...
- Əsərlərinizdə yazdığınız hadisələr həqiqətən olmuş hadisələrdir, ya özünüz yaratmısınız?
- Əsasən, romanların sujetləri, mövzuları özümün təxəyyülümün məhsuludur. Lakin “Pəncərədən görünən kölgə” əsəri nisbətən həyatdan götürülən hadisə idi.
- Qanbay Qasımlı haqqında ayrıca bir kitab yazmaq istəyirsinizmi?
- Bəli, bu barədə düşünürəm. Qanbay Qasımlının həyatı haqqında bəlkə bir roman yazdım.
- Yeni kitab üzərində işləyirsinizmi? Oxucularınıza müjdə verə bilərikmi?
- Bəli, yeni əsər üzərində işləyirəm. Adı hələ məlum deyil. Yaxın gələcəkdə nəşr olunacağını deyə bilərəm.
Ülkər ELDARQIZI