Bəstəkar-müğənni Elza Seyidcahan "Həsrət nəğməsi" mahnısına çəkdirdiyi klipini mediaya təqdim etdi. Tədbirdə mətbuat nümayəndələri və klipin yaradıcı heyətindən savayı bir kəs yox idi. Elza ümumiyyətlə bütün təqdimat mərasimlərinə şou-biznes nümayəndələrini dəvət etmir.
"Həsrət nəğməsi" klipi 1,5 il öncə Türkiyənin qədim Efes şəhərində çəkilib. Rejissor Nailə Ələkbərova klipdə atılmış, kimsəsiz qalmış qədim Efesin, tənhalıqdan əzab çəkən Elzanın iztirablarını vəhdət şəklində göstərməyə nail olub. Həm şəhər, həm də müğənni həsrətinə qovuşmaq ümidini təmamilə itirmiş haldadır.
Bu klip Elzanın qədim Efesdə çəkdirdiyi 5 klipdən sayca 4-cüsüdür. Müğənni Türkiyədə çəkdirdiyi beş klipdən birincisini, "Kim sevər səni mən tək" klipini bir neçə ay bundan əvvəl təqdim etmişdi. Daha sonra fasilələrlə "Həyata küsmə" və gənc müğənni Vüsal Hacıyevlə çəkdirdiyi "Ölümünə sevdim" klipini jurnalistlərin müzakirəsinə və tamaşaçıların ixtiyarına vermişdi.
Elza Seyidcahan artıq çəkilişləri aparılmış 5-ci - "Bu ad günümdə yola saldım səni" klipinin daha uğurlu alınacağını deyir: "Çünki bu klipin çəkilişləri hər birimizin ürəyincə alındı. İnşallah, vaxtı çatanda onu da əziz media işçilərinə təqdim edəcəm".
Bütün bu klipləri rejissor Nailə Ələkbərova ekranlaşdırıb. Kliplərin operatoru isə Mətləb Yaqubovdur. Elza Seyidcahan Efesdə çəkdirdiyi beş klipi birlikdə kişik bir film şəklində yığdıracağını bildirdi: "Bu kliplər eyni şəhərdə çəkildiyindən, çəkilişlər zamanı sanki yaşadığım hisslər bir-birini tamamlayırdı. Bu baxımdan da bu klipləri mini - film edəcəm". // Ans Press