Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq” altsistemində (ƏMAS) gecə vaxtı görülən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı istifadəyə verilib.
AZXEBER.COM xəbər verir ki, yeni funksiya işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri barədə əvvəlcədən məlumat verir.
Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən, bəzi işçi kateqoriyalarının gecə işlərinə cəlb edilməsi qadağandır və ya bununla bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur.
Yeni funksionallıq çərçivəsində işəgötürənlər əmək müqaviləsi bağlayarkən və iş qrafiki hazırlayarkən ƏMAS tərəfindən müvafiq xəbərdarlıq bildirişi alacaqlar.
Qeyd olunur ki, yenilik əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə və işçilərin əmək hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.











































