Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı

Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
SOSİAL
15:29 22.09.2026
154
Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ-nin Nyu-York şəhərində keçirilən uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına həsr olunmuş yüksək səviyyəli tədbirdə iştirak edib.

AZXEBER.COM xəbər verir ki, "Görünməz memarlıq: uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – beynəlxalq standartların və ortaq məsuliyyətin gücləndirilməsi” mövzusunda keçirilən tədbir Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən BMT-nin Uşaq Fondu və BMT Baş katibinin Uşaqlara Qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi ilə birgə təşkil olunub.

Tədbirdə bir sıra ölkələrin birinci xanımları, yüksək vəzifəli dövlət rəsmiləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, həmçinin özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Görüşdə uşaqların rəqəmsal mühitdə qarşılaşdığı risklər, onların onlayn təhlükəsizliyinin təmin edilməsi, yaşa uyğun rəqəmsal xidmətlərin təşviqi, texnologiya şirkətləri və rəqəmsal platformaların məsuliyyətinin artırılması müzakirə olunub.

Həmçinin süni intellekt və digər yeni texnologiyaların uşaqların təhlükəsizliyinə təsiri barədə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində uşaqların rəqəmsal mühitdə qorunması üzrə BMT çərçivəsində ümumi beynəlxalq minimum standartların formalaşdırılması, eləcə də dövlətlər, beynəlxalq təşkilatlar, texnologiya şirkətləri və digər maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR