Sülh və Demokratiya instutunun rektoru Leyla Yunusun dövlətə xəyanət ittihamı ilə həbs olunmasından sonra bir sıra beynəlxalq təşkilatların olduqca şübhəli səbəblərindən onun müdafiəsinə qalxması prosesi davam edir.
Ermənistana casusluqda, fırıldaqçılıq və vergidən yayınmaqda ittiham olunan Leyla Yunusun xarici havadarları müxtəlif bəhanələrlə onun sırf hüquqi səbəblərlə bağlı olan həbsi ətrafında siyasi gərginlik yaratmağa çalışırlar.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət məsələylə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar tətbiq edir:
"Gürcüstanda eks-prezident Mixail Saakaşviliyə qarşı ölkədə təqib başlayıb, onun siyasi fəaliyyətiylə məşğul olmasına qadağa qoyulub. Ölkənin prezidenti olmuş və dünya tərəfindən qəbul olunan bir şəxsə qarşı təqiblər var, ancaq dünya birliyi bununla bağlı səssizliyini qoruyur. Ukrayna hadisələrindən sonra dünya birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və bu operativ şəkildə həyata keçirildi. Ancaq Azərbaycanın torpaqlarını işğal edən Ermənistana qarşı nəinki sanksiyalar tətbiq edilmir əksinə ABŞ dövlət səviyyəsində Dağlıq Qarabağa maliyyə ayırmaqdan belə çəkinmir. Bu bir daha onu göstərir ki, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qərəzli münasibət var və bu münasibətin arxasında yatan əsas məqsəd Azərbaycana təzyiq və basqı etməkdir. Bu isə ondan xəbər verir ki, Azərbaycana qarşı münasibət qərəzlidir və Leyla Yunusa qarşı olanlar da onu göstərir ki, dünya birliyi Azərbaycana qarşı ikili standartlardan çıxış edir və Azərbaycan dövlətinə təzyiq etməyə çalışır".
Azər Həsrət qeyd edib ki, bu cür üsullarla Azərbaycana təzyiq etmək mümkündür:
“Amma bütün bunlar təbii ki, Azərbaycanı narahat edən məsələlər deyil. Çünki Azərbaycan dövləti kifayət qədər güclü bir dövlətdir və özü müstəqil xarici siyasət yürüdür. Beynəlxalq təşkilatların bəyanatları bizə təsir edə bilməz. Necə deyərlər yel qayadan nə aparar ki...”
Təşkilat sədri son günlər cəbhə xəttində baş verən hadisələrlə də bağlı danışıb. O deyib ki, Azərbaycan öz ərazisində əməliyyatlar aparır və heç bir xarici dövlətin işinə qarışmır:
“Azərbaycan bir dövlət olaraq heç bir ölkənin ərazisinə müdaxilə etmir, heç bir xarici dövlətin ərazisində hərbi əməliyyatlar aparmır. Azərbaycan dövləti sadəcə olaraq öz torpaqları üzərində hərəkət edir və müəyyən əməliyyatlar aparır. Bu əməliyyatlar da kiməsə qarşı yönəlməyib. Sadəcə işğalçı Ermənistan bəzi beynəlxalq təşkilatların dəstəyi ilə bu əməliyyatları şouya çevirməyə başladı və Azərbaycan dövləti də onların cavabını verdi.
Azər Həsrətin sözlərinə görə beynəlxalq təşkilatların Leyla Yunus sevgisinin heç zərrə qədəri də şəhid olan, öldürülən əsgərlərimizə qarşı yoxdur:
“Bu gün Azərbaycanda baş verənlərə münasibət də dünya birliyinin əsl kimliyini ortaya çıxardı. Siz fikir verdinizsə onlar şəhid olan əsgərlərimizlə bağlı heç bir bəyanat vermədilər. Əvəzində isə Leyla Yunus və onun ailəsinə olan haqlı münasibətə görə Azərbaycanın üzərinə qoşun belə yürütməyə hazırdılar. Təbii ki, Azərbaycanın içində olub Azərbaycan dövlətinə qarşı çıxan Leyla Yunus, Arif Yunus kimi adamlar həmin beynəlxalq təşkilatların buradakı nümayəndələridir və bu adamların vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar. Əminəm ki, dövlətimiz bu təşkilatlara layiqli cavab verəcək və onların qarşısında duruş gətirəcək”.
Hacıbəy HeydərliAzxeber.com