'Empatiya' təqdim edildi - FOTOLAR

GƏNCLİK
02:03 06.06.2012
2953

5 İyun tarixində Beynəlxalq Mətbuat Mərkəzində “İRƏLİ” Prodakşın tərəfindən “Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış” adlı layihə çərçivəsində “Empatiya” sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Film “De-institusionalizasiya və Alternativ Qayğı” Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “İRƏLİ” İctimai Birliyi tərəfindən “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

AZXEBER.COM-un məlumatına görə, təqdimat mərasimində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, millət vəkili Ceyhun Osmanlı, “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının ölkə üzrə rəhbəri Georgi Devidze, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sosial işin təşkili və statistika şöbəsinin müdiri Şərafət Şirinli və layihə rəhbərləri Türkay Verdiyeva və filmin rejissoru, Elvin Abdullayev, digər dövlət, özəl sektor və QHT nümayəndələri iştirak etmişlər.

İlk olaraq “İRƏLİ” İctimai Birliyinin sədri çıxış edərək film haqqında ümumi məlumat vermiş, “İRƏLİ”nin bu günə qədər bu yöndə bir sıra layihələr həyata keçirdiyini vurğulamışdır: “Film bu günkü cəmiyyətdə valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqlara qayğı və diqqətin artırılması məqsədi daşıyır və iki dildə Azərbaycan və ingilis dillərində hazırlanmışdır”.

Daha sonra millət vəkili Ceyhun Osmanlı çıxış etmiş və bildirmişdir ki, cəmiyyətdə baş verən heç bir problemə biqanə qalmamalıyıq: “Problemlərdən biri də bu gün baxacağımız filmdə göstərilib. Biz sahiblənmə və qayğı sözlərindən yan keçməməliyik. Kimsəsiz insan fikri işlətmək bizə yaraşmır. Ola bilər ki, hər hansı bir uşaq müəyyən bir dövrdə valideyn himayəsindən məhrum qalır və ya valideyni olduğu halda sosial təminat səbəbilə ailədə yaşaya bilmir. Bu baxımdan alternativ bir proqram var və bu istiqamətdə daha çox fədakar insanların olmasının vacibliyini və bu barədə vasitəçi olacaq sosial işçilərin önəmini göstərməyə çalışmışıq”.

Digər qonaqlar da layihə komandasını uğurlu film ərsəyə gətirmələri münasibətilə təbrik etmişlər.

Filmin yaradıcı heyəti onlara etibar edib bui işi həvalə etdiklərinə görə təşkilatçılara öz təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki, film Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökuməttəşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırki vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə çəkilmişdir.

OXŞAR XƏBƏRLƏR