Ötən ay “Azərsun Holdinq” və Milli QHT Forumunun yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədilə start verdiyi maarifləndirmə aksiyası bu ay da Bakı və Bakı ətrafı rayonlarda silsilə tədbirlər ilə davam etdirildi.
AZXEBER.COM-un məlumatına görə, layihə çərçivəsində ziyarət olunan xəstəxanalarda yodsuz duzdan istifadənin fəsadlarına dair məlumat lövhələri yerləşdirilir və məlumatlandırma vəsaitləri, bukletlər paylanır. Aksiya öz effektivliyini həkimlərlə birbaşa görüşlər və maarifləndirici məlumatların mətbuatda işıqlandırılması ilə təzahür etdirir. Bununla da, bir daha cəmiyyətimiz hələ də marketlərdə satışına davam edilən, kustar üsullarla hazırlanan, yodsuz və natəmiz duzlar haqqında məlumatlandırılırlar.
Növbəti tədbirlərdən biri də Sahil Endikrinoloji Mərkəzində baş tutdu. Layihə çərçivəsində Abşeron rayonu üzrə dövlət və özəl xəstəxanalarda çalışan endokrinoloqlar ilə görüşlər təşkil olundu.
Endokrinoloqlar da Masazır Duz Zavodunda yüksək texnoloji şəraitdə istehsal olunan, yodlaşdırılmış və zərərli maddələrdən təmizlənmiş “Azərduz”u istifadəyə tövsiyə edirlər.
“Azərsun Holdinq” və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə həyata keçirilən bu önəmli layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də dəstəklənir.