Ər evindən üz döndərən qadını atası evində qəbul etmədilər - VİDEO

Ər evindən üz döndərən qadını atası evində qəbul etmədilər - VİDEO
Bütün Xəbərlər
17:41 14.02.2014
1374

Qovulan qadının atası, Ağahəsən Ağayev: “O özbaşına hərəkət edib. Gəlsin üzr istəsin

Ayaqyalın körpə ilə anasını axşam saat 18:00 radələrində, Astara Şəhər Avtovağzalı ərazisində, daş hasarının dibində tapdıq. Ana-balanın ətrafına yığışanlar onların bu durumundan təsirlənsələr də kömək etməkdə aciz olduqlarını bildirdilər. Çətinliklə də olsa qadınla dil tapıb bəzi mətləblərə aydınlıq gətirə bildik. Öyrəndik ki, küçəyə atıldığını iddia edən şəxs Astara rayonunun Şağlazüzə kənd sakini, 35 yaşlı Gülüş Ağahəsən qızı Ağayevadır. Astara Pedaqoji Texnikumunu bitirən Gülüş 7 il pedaqoji fəaliyyətlə də məşğul olub. 2012-ci ildə rayonun Kələdəhnə kənd sakini 43 yaşlı Bahadır İracovla ailə həyatı qurana kimi normal həyat yaşayıb. Bu izdivacdan Ayan adlı qızları da doğulub.
Küçəyə atılan qadın, Gülüş Ağayeva: “Yoldaşımla iki ay yaşadıq qaynatamgildə. Sərxoş halda gəlirdi məni döyürdü, işgəncə verirdi, təpik vururdu beşiyə, çırpırdı beşiyi. İncidirdi məni, evə heç nə almırdı. Qovdu məni evdən”.
Əri tərəfindən qovulan qadın ata evinə pənah gətirib və orada bir il 4 ay qalıb. Deməsinə görə, bir neçə gün əvvəl evdə yaranan söz-söhbət üstündə ata-anası və qardaşı onu uşaqla küçəyə ataraq ərinin evinə getməsini tələb ediblər. Əri isə ondan sonra başqası ilə ailə həyatı qurduğundan azyaşlı körpəsi ilə küçədə yaşamağa məcbur olub. Azyaşlı körpə ilə küçədə qalan qadın barədə 11 fevral tarixində saat 22 : 53 radələrində DİN 102 xidmətinə məlumat daxil olandan sonra qadın Pensər kəndində tapılaraq atası evinə qaytarılsa da o yenidən evdən qaçıb.
Astara RPŞ-nın təhqiqatçısı, Ruslan Şəbiyev: “Narazılığa səbəb atası bunu əri ilə barışdırmaq istəyir, lakin ər evinə qayıtmaq istəmədiyinə görə narazılıq baş verib. Atası, qardaşı tərəfindən döyülüb. Ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır”.
Ruslan Şəbiyev valideynlərinin imtina etdiyi Gülüşün ərinin də şöbəyə çağırıldığını ,onun qadını bir gecə evində saxladıqdan sonra yenidən polis şöbəsinə qaytardığını deyir. Məsələyə aydınlıq gətirmək məqsədi ilə Kələdəhnə kəndinə gedib Gülüş Ağayevanın əri Bahadır İracovla görüşdük. Gəlişimizin məqsədini biləndə qaynatası ,1 -ci qrup müharibə veteranı 98 yaşlı Eynulla kişi bildirdi ki, gəlini nəinki onun qulluğunda durmayıb, üstəlik üzünə ölümünü arzuladığını deyib. Ər isə arvadını evdən qovmadığını, Gülüşün ondan xəbərsiz atası evinə qayıtdığını, dəfələrlə gəlinin dalınca gedilsə də, ər evinə qayıtmadığını bildirdi.
Qovulan qadının əri, Bahadır İracov: “O mənə qayıtdı dedi ki, haçan atan öləcək qohumların gəlməyəcək, onda gəlib yaşayaram. Mən də qayıtdım dedim ki, mən atamı bazardan almamışam. Get fikirləş. Mən bir il 2 ay gözlədim. Sonra məcbur oldum bu qoca kişiyə görə, bir dənə də oğlum var, evə adam gətirdim”.
Bahadır keçmiş həyat yoldaşının əqli cəhətdən problemli olduğunu iddia edərək qızını özü böyütmək istədiyini dedi. Gülüşün valideynləri ilə polis şöbəsində görüşdük.
Qovulan qadının atası, Ağahəsən Ağayev: “O özbaşına hərəkət edib. Gəlsin üzr istəsin. Ondan sonra mən onu qəbul edim. Özbaşına hərəkət etməsin. Ora bura getməsin”.
Qovulan qadının anası, Sitarə Ağayeva: “Özü günahkardır. Özünü idarə etsin. Ukraynadan səs gəldi, Kələdəhnədən səs gəldi. Ər evində davranmadı”.
“Bu soyuq qış günlərində balanızın çöldə qalmağına necə tab gətirirsiniz?”-sualımız deyəsən valideynləri tutdu. Qızlarının üzr istəməyi də valideynləri kövrəltdiyindən ailə yenidən bir araya gəldi. Kaş bu gedişin sonu xeyirli olsun!.
 
OXŞAR XƏBƏRLƏR