Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan lideri olduğu hakim Ədalət və İnkişaf Partiyasının qrup yığıncağında Fransa prezidenti Nikola Sarkozini sərt tənqid edib. CNN Türk xəbər verir ki, o, Fransa prezidentini əvvəlcə özünə baxmağa çağırıb."Fransada başqa, Ermənistanda başqa, Türkiyəyə gələndə isə tamam fərqli danışırsan. Belə iki istiqamətli, üç istiqamətli siyasi lider olmaz. Siyasət dürüstlük istəyir. Özünə fikir ver. Siyasət hər şeydən əvvəl dürüstlük istəyir ", deyə Ərdoğan bildirib."Fransanın prezidenti Ermənistana gedir və Türkiyəyə tövsiyələr verir. Əvvəl sən özünə tövsiyə et, özünü yığışdır", deyə Türkiyə baş naziri əlavə edib. Ərdoğan Fransada 600 min erməni, 500 min türk olduğunu xatırladıb: "Ölkəndə 600 min erməni, 500 min türk var. Bir tərəfdən Türkiyə ilə hər cür əlaqəniz var. Amma siz böyük düşünmürsünüz, dar çərçivədə yalnız iqtisadi imkanların fərqli olduğu üçün belə hərəkət edirsinizsə, bil ki, Türkiyə asan udulacaq bir loxma deyil."Dövlət xadimi ünvanını daşımaq, gələcək nəsilləri düşünərək hərəkət etməyi tələb edir. Bunu dərk etməyənlər "Fransız" qalanlar həqiqəti başa düşəndə çox gec olacaq".