Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.
Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.
AZXEBER.COM məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxlayıb.
Aktrisa açıqlamasında bu sözləri deyib:
"Mən bilmirəm kim, harada nə yazıb, bu haqda ümumiyyətlə danışmaq istəmirəm. Məndə hər şey yaxşıdır, heç bir narahatçılığım yoxdur. İndi idmandan gəlmişəm və evdə dincəlirəm".
Xalq artisti bu məsələ ilə bağlı digər sualları cavablandırmaq istəmədiyini deyib.
Qeyd edək ki, Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunması xəbərini Qaynarinfo.az saytı yazıb.
Saytın məlumatına görə, Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.
O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 5 may 2025-ci il tarixində cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gediblər. Orada aralarında mübahisə yaranıb.
Naibə Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə Yusif İsmayılovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif onu əvvəlcə sillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.
Təqsirləndirilən şəxs isə 9 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.
Məhkəmə onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olduğuna qərar verib və Yusif İsmayılov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətinə həbs edilib.
Aysel Hacızadə