İşğal olunmuş Azərbaycan ərazilərində konsert verdiyinə görə adı “qara siyahı”ya daxil edilən rusiyalı müğənni Katya Lel yanvarın 30-da Bakıda konsert verəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, ermənilər Katya Leli aldadıb Dağlıq Qarabağa aparıblar. Lakin müğənni Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bildirib və Azərbaycan xalqından üzr istəyib.
“Ermənilər tanınmış mədəniyyət xadimlərindən bizi məhrum etmək istəyir. Niyə biz buna aldanmalıyıq? İnsan etiraf edir ki, bunu bilmir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hörmət edir. Onun üçün qapılar açıq olmalıdır. Əgər kimsə qəsdən ermənilərin siyasətini dəstəkləyirsə, sözsüz ki, o adama nəinki qapılar açılacaq, onu heç Azərbaycan sərhədlərinə yaxın qoymayacağıq", - deyə o vurğulayıb.
Əbülfəs Qarayev bildirib ki, Katya Lel Azərbaycan tamaşaçıları qarşısında səhvini etiraf etməlidir: "Buna biz imkan yaratmalıyıq".