Ermənistanda əsəblər tarıma çəkilir - Analiz

Bütün Xəbərlər
09:38 01.04.2011
1752

Erməni mətbuatının yazdıqlarından belə məlum olur ki, işğalçı ölkədə seçkiqabağı siyasi vəziyyət heç də ürəkaçan deyil. Ekspertlərin gəldiyi qənaətə görə, bu ölkədə həm müxalifət, həm də hakimiyyət nümayəndələri arasında fikir ayrılığı var. Məsələn, verilən məlumatlara görə, Ermənistanda hakim koalisiyanın üzvləri seçkiyə ayrılıqda qatılmağı planlaşdırırlar. Belə ki, prezident Serj Sarkisyan hakim koalisiyanın parlament seçkilərində birlikdə iştirakına nə qədər çalışsa da, buna nail ola bilməyib.

Hətta artıq S.Sarkisyanla "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan arasında seçkiyə ayrı-ayrılıqda qatılmaq haqda razılıq da əldə edilib. Bu arada, Ermənsitan parlamentində "İrs" partiyasının təmsilçisi olan Armen Martirosyan hakim Ermənistan Respublika Partiyasından (ERP) millət vəkili Manvel Badeyan ilə birgə mətbuat konfransında bildirib ki, 1988-ci ildən indiyədək Ermənistanda daxili siyasi durum indiki qədər çirkin olmayıb. M.Badeyan isə öz növbəsində "İrs" partiyasının koalisiya qüvvələri (2 partiya) arasında imzalanan memorandumdan inciyərək Milli Məclisi tərk etdiyini və növbəti seçkilərdə məğlub olacağını bildiyindən bu tip qarışıqlıq yaratmaq məqsədi güddüyünü iddia edib. Onun açıqlamasının ardından, "İrs" partiyasına çirkab atıldığını deyən A.Martirosyan Ermənistanda siyasətin də iqtisadiyyat qədər monopoliyada olduğunu, bunun isə kiçik ölkə üçün "həddindən artıq dəbdəbəli" hal olduğunu qeyd edib. Məlum olduğu kimi, "İrs" partiyasının təsisçisi Raffi Hovhannisyanın Yerevandakı "Azadlıq" meydanında keçirdiyi aclıq aksiyasına başlamasından iki həftə keçir. R.Hovhannisyanın sözlərinə görə, iqtidar öz səhvlərini yaxşı anlayır: "Bilirlər ki, yeni seçkilərdən tutmuş iqtisadi-sosial siyasətin dəyişdirilməsinədək, mühacirətin qarşısını almaq, siyasi məhbusların azad edilməsi, ümumiyyətlə, Ermənistanı hüquqi dövlətə çevirmək üçün nə etmək lazımdır". 
Bununla belə, R.Hovhannisyanın aclıq etiraz akiyasına ictimaiyyətin münasibəti də birmənalı deyil. Bəziləri aksiyanın hakimiyyətə təsir etməyəcəyini və heç bir əhəmiyyəti olmayacağını bildirsələr də, digərləri cəsarətli addım hesab edərək dəstəkləyirlər. Ekspertlərin rəyinə görə, bu, müxalifət sıralarında parçalanmanı göstərir. Məsələn, Sosioloq Aharon Adıbekyan hesab edir ki, "İrs" partiyası "qeyri-adi hərəkətlərlə - diqqəti özünə cəlb etməyə məcburdur". Çünki bu partiyanın istər parlamentdə, istərsə də parlamentdən kənarda problemləri var. Onun sözlərinə görə, meydan demokratiyasının tribunasını Erməni Milli Konqresi (EMK) özəlləşdirib, parlament kürsüsündən isə müxalif qüvvələr arasında "Daşnaksütyun" daha səmərəli istifadə edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Yerevan meriyası müxalifətçi EMK-nın növbəti mitinqinin "Azadlıq" meydanında keçirilməsinə icazə verməyib. Meriya bunu həmin ərazidə başqa tədbirin keçiriləcəyi ilə əsaslandırıb. Müxalifətə isə aksiyanı Matenadaran meydanında keçirmək təklif olunub. Qeyd edək ki, EMK-nin son mitinqi Matenadaranda başlasa da, sonradan kütlə yürüş edərək "Azadlıq" meydanına daxil ola bilmişdi.

Xatırladaq ki, ötən gün Ermənistan parlamentində Yerevanda küçə ticarətinə qadağanın qoyulmasına dair dinləmələr qalmaqalla bitib. Bir qrup küçə ticarətçisinin də iştirakı ilə keçirilən dinləmələrdə məmurların çıxışı onsuz da əsəbi olan kütləni özündən çıxarıb. Ard-arda çıxış edən məmurlar Yerevan merinin küçə ticarətini qadağan etməsində qanunsuzluğun olmadığını bildirib, bütün vasitələrlə bu qərara haqq qazandırmağa çalışıb. Bu, zalda əsəbi halda əyləşmiş ticarətçiləri özündən çıxarıb. Mer müavini Kamo Areyanın uzun-uzadı çıxışından sonra sözün iqtisadiyyat nazirinin müavini Ovanes Markaryana verilməsi ticarətçilərin səs-küy qaldırması ilə nəticələnib. Onlar parlament zalına «nağıl dinləmək üçün gəlmədiklərini» bəyan edib, fikirlərini bildirmələri üçün onlara imkan yaradılmasını istəyiblər. «Biz acından ölürük. Sizsə bizə nağıl danışırsınız. Bu, ağ soyqırımdır. Bizi hansısa başqa ölkəyə göndərin, bəlkə orada ləyaqətlə yaşaya bilərik», - deyə yerbəyerdən etirazlar eşidilib. Nəticədə iclasda fasilə elan edilib. Fasilə bitdikdən dərhal sonra isə parlamentdə mini-çevriliş baş verib. Tribunaya tərəf yürüyən ticarətçilər tribunanı ələ keçirib, deputatların və məmurların mikrafornlarını yığışdırıb. Nəzarəti əlinə alan narazı kütlənin nümayəndələri bir-birinin ardınca çıxış etməyə başlayıb. Qeyd edək ki, bu hadisələrin yaşandığı vaxt parlamentin bayırında da etiraz aksiyası keçirilib.

 

OXŞAR XƏBƏRLƏR