‘Erməni liderləri öz xalqlarını fəlakətə apardıqlarının fərqindədirlər!’

SİYASƏT
11:52 10.09.2013
1188

Elmar Məmmədyarov: “Bu gün regionda strateji müvazinət müqayisəyə gəlməyəcək şəkildə Azərbaycanın xeyrinə dəyişib”

"Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev diplomatiyamız tərəfindən "reaktiv" deyil, məhz "proaktiv" tədbirlərin görülməsi, erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub". Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, “Azərbaycan” qəzetinin bu günki sayında dərc olunmuş məqaləsində qeyd olunub. "Prezident diplomatlar qarşısında bəyan etdi ki, onlar işlədikləri ölkələrdə Qarabağ problemini hər fürsətdə qaldırmalı, bu problemə dair həqiqətləri həmin ölkələrin ictimaiyyətinə daha fəal şəkildə çatdırmalıdır" - deyə yazan müəllifin sözlərinə görə, dipıomatlar Azərbaycana qarşı aparılan informasiya müharibəsində önə keçmək üçün məlumatların yayılmasını gözləmədən özləri əsl həqiqətləri yaymalıdırlar: "Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin 2012-ci il 21 sentyabr tarixdə keçirilmiş dördüncü müşavirəsində inkişafımızın hazırkı mərhələsinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə yeni tapşırıq və vəzifələr müəyyən edib: - Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması; - Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin daha aktiv şəkildə davam etdirilməsi; - Ermənistanın siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrindən təcridinin davam etdirilməsi; - Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasının daha da gücləndirilməsi, erməni yalanlarının ifşa edilməsi və Azərbaycana qarşı olan məqsədyönlü bəzi əks təbliğat əməllərinin qarşısının alınması; - İkitərəfli əsasda dünya ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verilməsi və ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi; - Azərbaycanın qeyri-daimi əsasda üzv seçildiyi BMT Təhlükəsizlik Şurasında ədalət və beynəlxalq hüququn prinsiplərinə uyğun səmərəli fəaliyyətin davam etdirilməsi, yeni üzv qəbul olunduğumuz Qoşulmama hərəkatında fəaliyyətin artırılması və çoxtərəfli çərçivələrdə də çevik diplomatik fəaliyyətimizin davam etdirilməsi; - Xarici iqtisadi əlaqələrin genişləndirilməsinin dəstəklənməsi və Azərbaycan məhsullarının ixracı üçün yeni bazarların müəyyən edilməsi; - Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm və tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi; - Mədəni diplomatiya siyasətinin davam etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması; - Dünya azərbaycanlıları və diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi və onların fəaliyyətinin dəstəklənməsi". Ermənistanın Azərbaycana qarşı açıq təcavüzdən danışan E.Məmmədyarov yazıb ki, etnik təmizləmə və müharibə cinayətləri törədən və bunun müqabilində beynəlxalq ictimaiyyət tərəfindən "cəzasızlıq" ilə üzləşən Ermənistan elə zənn edirdi ki, bu yolla torpaqlarımızın işğalının davam etdirilməsinə və sonra digər Azərbaycan torpaqlarına iddia üçün yeni fürsətlər əldə edəcək: "Amma Azərbaycanın yürütdüyü qətiyyətli, müstəqil xarici siyasət və münaqişə tərəfi kimi Ermənistanın məsuliyyətinin müəyyən edilməsi istiqamətində gördüyü tədbirlər nəticəsində işğalçı dövlət nəinki bu xülyadan məhrum olub, hətta "müstəqil dövlət" kimi təqdim etməyə çalışdığı qondarma rejimi tanımaq iqtidarını belə itirib".

OXŞAR XƏBƏRLƏR