Novruz Məmmədov: Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyi bildirilib
Prezident İlham Əliyev Prezident Putinə, Prezident Nazarbayevə və Prezident Lukaşenkoya məktub göndərib.
AZXEBER.COM xəbər verir ki, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz tvitter səhifəsində paylaşdığı statusunda yazıb.
“Prezidentlərə məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi ilə bağlı Azərbaycanın mövqeyi bildirilib”, - deyə, N. Məmmədov statusunda daha sonra yazıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti N.Nazarbayev Astanada keçirilən Avrasiya Ali İqtisadi Şurasının iclasında sözügedən quruma daxil olan hər üç ölkənin prezidentinin Azərbaycan prezidentindən məktub aldıqlarını vurğulayıb.
“Məktubda bildirilir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına xüsusi qeydlə daxil olub. Qeyddə ÜTT-nin qaydalarının Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri daxilində qüvvədə olacağı göstərilib. Azərbaycan hesab edir ki, Ermənistan AİB-ə də ÜTT-yə daxil olduğu sərhədlər daxilində üzv olmalıdır”-deyə, o, bildirib.
Onu da qeyd edək ki, dünən Astanada Rusiya, Belarus və Qazaxıstan prezidentləri V. Putin, A.Lukaşenko və N. Nazarbayev Avrasiya İqtisadi Birliyi haqqında saziş imzalayıblar.
Saziş 2015-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
Xatırladaq ki, Ermənistan iyun ayında adıçəkilən təşkilata qoşulmaq niyyətini açıqlayıb.