Dekabrın 5-də Kiyevdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Eduard Nalbandyan-ın görüşü baş tutub. Mətbuata qapalı keçirilən görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.
Görüşdən sonra mətbuata açıqlama verən Azərbaycan xarici işlər naziri bu görüşdə konkret məsələlərin müzakirə edildiyini deyib:
“Biz keçirilən danışıqlarda konkret məsələlərə toxunaraq onları müzakirə etdik. Deyə bilərəm ki, Kazanda keçirilmiş görüşdən sonra konkret məsələlər müzakirə olunmamışdı. Dünənki görüşdə isə biz konkret məsələlərə toxunduq. Onları mən hələlik açıqlaya bilmərəm”.
Mətbuatda yayılan məlumatlarda isə, Ermənistan tərəfinin Azərbaycanın işğal altında olan 5 rayonunun geri qaytarılması məsələsi ilə bağlı razılığa gəldiyi bildirilib. Məlumatlarda tərəflərin ilk dəfə masa arxasında konkret məsələləri müzakirə etdiyi də vurğulanıb.
Məsələylə bağlı AZXEBER.COM-a danışan politoloq Qabil Hüseynli, Ermənistanın işğal olunmuş 5 rayonun geri qaytarılması planının arxasında Rusiyanın durduğunu deyib:
“Madrid razılaşmasında “5+2” prinsipi nəzərdə tutulmuşdu. Yəni Ermənistan əvvəl 5 rayonu, daha sonra geridə qalan 2 rayonu geri qaytaracaq. Bununla Ermənistan gələcəkdə Dağlıq Qarabağ Respublikasının statusu ilə bağlı hər iki ölkə arasında olan problemi də həll etməyə çalışır. Yəqin ki, kompramisə gediləcək. Əgər Ermənistan 5 rayonu geri qaytarsa, o zaman Azərbaycan tərəfi də kompramisə getməyə məcbur olacaq. Bir sözlə bu Rusiyanın növbəti siyasətidir. Əsas məqsəd bu məsələni gündəmə gətirməklə Azərbaycanı Gömrük İttifaqına dəvət etmək və problemi Azərbaycanla bağladığı razılaşma əsasında həll edərək öz qoşunlarını bölgəyə yerləşdirməkdir”.
Politoloq Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında 5 rayonun geri qaytarılacağı təqdirdə Türkiyə-Ermənistan münasibətlərinin nizama salınmasında yeni bir mərhələnin başlayacağını söyləyib:
“Düşünürəm ki, əsas məqsədlərdən biri də Ermənistanın Türkiyə ilə olan münasibətlərini nizama salmaq istəyidir. Təbii ki, Ermənistan müstəqil xarici siyasət yürütmək gücündə olan bir ölkə deyil. Bu planın da arxasında harda sa Rusiyanın maraqları durur. Dediyim kimi, əsas məqsəd Azərbaycanın Türkiyəyə sərhədləri açması ilə bağlı razılıq verməsinə şərait yaratmaq və daha sonra bütün enerji xəttlərinin Ermənistanda da keçməsinə imkan verməkdir”.
Politoloqun fikrincə Azərbaycan əgər Rusiyanın Gömrük İttifaqı layihəsinə üzv olsa o zaman bütün Avropanı qarşısına almış olacaq:
“Mən inanmıram ki, Azırbaycan Gömrük İttifaqına hardasa üzv olmağı düşünsün. Çünki Azərbaycan bu gün avrointeqrasiya prosesinə başlayıb və bu prosesdə irəliləyir”.
Politoloq Vəfa Quluzadə isə AZXEBER.COM-a açıqlamasında, bütün bu hadisələrin siyasi oyundan başqa bir şey olmadığını deyib:
“Nə Rusiya, nə də Ermənistan bir metr də olsun torpaqlarımızı geri qaytarmağı düşünmür. Bunların hamısı siyasi oyundan başqa bir şey deyil”.
AZXEBER.COM