“Ermənistan cəmiyyətində müxtəlif siyasi baxışlar var” – Politoloq

“Ermənistan cəmiyyətində müxtəlif siyasi baxışlar var” – Politoloq
SOSİAL
16:13 02.10.2026
123
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA 2026 Regional Forumunda çıxışı zamanı Ermənistan cəmiyyətində, xüsusilə gənclər arasında revanşist düşüncələrin qalmasından danışıb.

Hikmət Hacıyev Ermənistan hökumətini cəmiyyəti sülhə hazırlamaq istiqamətində daha ciddi addımlar atmağa çağırıb.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Ermənistan gəncləri arasında revanşist düşüncələrin mövcudluğu Azərbaycan-Ermənistan münasibətlərində müharibədən sonrakı mərhələnin əsas problemlərindən biridir:

"Hikmət Hacıyevin Ermənistan gəncləri arasında revanşist düşüncələrin hələ də mövcud olması ilə bağlı fikirlərini yalnız siyasi bəyanat kimi deyil, Azərbaycan–Ermənistan münasibətlərində müharibədən sonrakı mərhələnin mühüm problemlərindən biri kimi qiymətləndirmək lazımdır. Çünki sülh prosesinin davamlılığı yalnız dövlətlər arasında əldə edilən razılaşmalardan deyil, cəmiyyətlərin həmin reallığı nə dərəcədə qəbul etməsindən də asılıdır. Hüquqi və siyasi sənədlərlə yanaşı, ictimai şüurda da münaqişənin başa çatması fikri möhkəmlənməlidir. Burada əsas məsələ Ermənistan cəmiyyətinin bütövlükdə revanşist olması kimi yanaşmanın doğru olub-olmamasıdır. Ermənistan cəmiyyətində müxtəlif siyasi və sosial baxışlar mövcuddur. Müharibənin nəticələrini qəbul etmək istəməyən qruplarla yanaşı, sülhü zəruri sayan, iqtisadi inkişafı və sosial rifahı daha vacib hesab edən kifayət qədər geniş kəsim də var”.

Politoloqun sözlərinə görə, revanşist düşüncələri bütün Ermənistan cəmiyyətinə, xüsusilə də bütün gənclərə aid etmək düzgün yanaşma deyil:

"Revanşizmi bütün erməni cəmiyyətinə və xüsusilə bütün gənclərə aid etmək həm siyasi, həm də sosioloji baxımdan düzgün olmaz. Amma revanşist düşüncələrin müəyyən sosial və siyasi dayaqlarının qalması da danılmaz reallıqdır. Bu düşüncə yalnız ərazi iddiaları formasında meydana çıxmır. Keçmiş münaqişənin milli kimliyin əsas komponentinə çevrilməsi, Azərbaycanla bağlı düşmənçilik ritorikasının qorunması, yeni regional reallıqların qəbul edilməməsi və gələcək nəsillərə münaqişənin davam etdirilməsi ideyasının ötürülməsi də revanşizmin müxtəlif təzahürləridir”.
 
 

T. İsmayılov qeyd edib ki, xüsusilə gənclər arasında bu məsələ daha həssas xarakter daşıyır:

"Çünki müharibəni birbaşa yaşamayan yeni nəsil Qarabağ münaqişəsi haqqında təsəvvürlərini əsasən ailə, təhsil, siyasi ritorika, media və sosial şəbəkələr vasitəsilə formalaşdırır. Əgər bu informasiya mühiti davamlı şəkildə düşmənçilik, itirilmiş ərazilər və keçmiş müharibənin romantikləşdirilməsi üzərində qurularsa, revanşist düşüncənin yeni formada nəsildən-nəslə ötürülməsi mümkündür. Deməli, problem yalnız bu gün mövcud olan siyasi ritorika deyil, gələcəkdə həmin ritorikanın yeni sosial dayaqlar qazanması ehtimalıdır”.

Politoloq Ermənistan cəmiyyətində sülh gündəliyinin də güclənməsinin nəzərə alınmasının vacib olduğunu vurğulayıb:

"Ermənistan cəmiyyətində sülh gündəliyinin güclənməsini də nəzərə almaq lazımdır. İnsanların gündəmində iqtisadi inkişaf, sosial rifah, təhlükəsizlik və ölkənin gələcəyi kimi məsələlərin daha çox yer tutması münaqişə mərkəzli düşüncənin əvvəlki qədər dominant olmadığını göstərən amillərdəndir. Bu isə o deməkdir ki, Ermənistan cəmiyyətində revanşizm yeganə və dominant istiqamət kimi təqdim edilə bilməz. Eyni zamanda revanşist ideyaların mövcudluğu ilə onların real siyasi davranışa çevrilməsi arasında da ciddi fərq var. Bir insanın keçmiş münaqişəyə emosional münasibət bəsləməsi hələ onun yeni müharibəni dəstəkləməsi anlamına gəlmir”.

T. İsmayılovun sözlərinə görə, Ermənistan hökumətinin qarşısında duran əsas məsələlərdən biri cəmiyyət daxilində sülh mədəniyyətinin formalaşdırılmasıdır:

"Ermənistan yalnız diplomatik masada sülh haqqında danışmaqla kifayətlənməməlidir. Cəmiyyət daxilində, xüsusilə yeni nəsil arasında sülh mədəniyyətinin formalaşdırılması, keçmiş münaqişənin gələcək siyasi layihəyə çevrilməsinin qarşısının alınması və yeni regional reallıqların qəbul edilməsi də vacibdir. Azərbaycan baxımından isə əsas məsələ Ermənistan cəmiyyətində revanşistlərin sayını müəyyənləşdirməkdən daha çox, revanşizmin dövlət siyasətinə və gələcək nəsillərin dünyagörüşünə çevrilməsinin qarşısını almaqdır. Çünki dayanıqlı sülh yalnız sərhədlərin müəyyənləşməsi və siyasi sənədlərin imzalanması ilə tamamlanmır. Sülhün cəmiyyətlərin düşüncəsində də möhkəmlənməsi lazımdır”.

Politoloq əlavə edib ki, Ermənistan gənclərinin gələcəyə hansı baxışla yetişməsi Azərbaycan-Ermənistan münasibətlərinin uzunmüddətli perspektivi baxımından əhəmiyyətlidir:

"Revanşist düşüncələrin tamamilə aradan qalxması bir siyasi bəyanatla mümkün deyil. Bunun üçün zaman, siyasi iradə, təhsil, media və cəmiyyətin gələcəyə baxışının dəyişməsi lazımdır. Əgər yeni nəsil keçmiş münaqişənin davamını deyil, iqtisadi inkişafı, regional əməkdaşlığı və sabitliyi öz gələcəyinin əsas istiqaməti kimi qəbul edərsə, bu, Cənubi Qafqazda davamlı sülh üçün daha möhkəm ictimai zəmin yarada bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR