Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətində və mediasında səsləndirilən aqressiv fikirlər, diplomatların səfərinə qarşı aparılan kampaniya rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni reallıqlara münasibəti ilə bağlı suallar yaradır.
Qarabağ və Şərqi Zəngəzur hazırda Azərbaycanın sosial-iqtisadi həyatına yenidən inteqrasiya olunur. Regionun iqtisadi potensialı hərəkətə gətirilir, sahibkarlıq və investisiya imkanları genişləndirilir. Müasir yaşayış məntəqələrinin salınması, şəhərlərin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə həyata keçirilən layihələr göstərir ki, Azərbaycan azad edilmiş ərazilərdə yalnız keçmişi bərpa etmir, eyni zamanda gələcəyin müasir və dayanıqlı regionunu formalaşdırır.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın sülh siyasətinin də mühüm istiqamətlərindən biridir. Lakin Ermənistan cəmiyyətinin bəzi dairələrinin Gəncəsər və Xudavəng kimi tarixi abidələri yalnız erməni irsi çərçivəsində təqdim etməyə çalışması, eyni zamanda indiki Ermənistan ərazisində Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsinin mövcudluğunu inkar etməsi ciddi ziddiyyət təşkil edir.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və burada zəngin mədəni irs yaratması faktını müxtəlif yollarla inkar etməyə çalışır. Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı tarixi-mədəni irsin – abidələrin, qəbiristanlıqların, məscidlərin və tarixi yaşayış məskənlərinin dağıdılması regionun tarixi və mədəni mənzərəsinə ciddi zərbə vurub.
Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, onu yenidən yazmaq məqsədi daşıyan belə yanaşmalar dözümsüzlük və ayrı-seçkiliklə bağlı ciddi narahatlıqlar yaradır. Azərbaycan mədəniyyət abidələrinin qəsdən məhv edilməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərinin silinməsi beynəlxalq mədəni irsin qorunması prinsipləri baxımından da ciddi məsələdir.
Ermənistanın Qafqaz Albaniyası irsinə münasibəti də bu kontekstdə xüsusi diqqət tələb edir. Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu və onun zəngin tarixi-mədəni irsi elmi araşdırmaların mühüm mövzularındandır. Bu irsin müxtəlif siyasi məqsədlərlə təhrif edilməsi və ya inkar olunması tarixi faktların obyektiv şəkildə araşdırılmasına mane olur.
Azərbaycan ərazisində yerləşən bütün tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur. Bu irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması Azərbaycanın üzərinə düşən mühüm məsuliyyətdir.
Ermənistan cəmiyyətində Qarabağla bağlı səslənən radikal fikirlər isə regionda sülh prosesinin davam etdiyi bir vaxtda diqqətdən kənarda qala bilməz. Davamlı sülhün və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması regionda formalaşmış reallıqların qəbul edilməsindən, qarşılıqlı hörmətdən və tarixi-mədəni irsə obyektiv yanaşmadan keçir.
Tarixə münasibət siyasi yanaşmalardan deyil, faktlardan və elmi araşdırmalardan çıxış etməlidir.
Qərb Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov











































