Ermənistanın Moskvada puç olan son ümidi: "Bu bəyannamə ilə Rusiya tam Azərbaycanın müttəfiqinə çevrildi"

Ermənistanın Moskvada puç olan son ümidi: "Bu bəyannamə ilə Rusiya tam Azərbaycanın müttəfiqinə çevrildi"
SİYASƏT
12:40 23.02.2022
776
Xəbər verdiyimiz kimi, ötən gün Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Həmçinin oxu:

Moskva Bəyannaməsinin mətni AÇIQLANDI


Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.

Azərbaycan və Rusiya arasında imzalanmış qarşılıqlı əməkdaşlıq fəaliyyəti haqqında Bəyannamədən danışan Prezident İlham Əliyev Bəyannamənin birinci bəndinə diqqət çəkərək bildirib ki, burada Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin sərhədlərin toxunulmazlığı, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörməti prinsipi əsasında qurulması öz əksini tapıb.

Bəs bu Bəyannamə ümumilikdə özündə nəyi əks etdirir və Azərbaycana nə vəd edir?
 


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, bəyannamənin imzalanması Azərbaycan dövlətçiliyinin, ölkənin müstəqilliyi, xalqın suverenliyinin qorunması baxımdan çox mühüm gedişdir:

"Qütbləşmənin dərinləşdiyi indiki həssas geosiyasi şəraitdə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycan dövlətçiliyinin, ölkənin müstəqilliyi, xalqın suverenliyinin qorunması baxımdan çox mühüm gedişdir və istisnasız olaraq Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda bu sənədin imzalanması ilə Prezident İlham Əliyev çox gərgin bir periodda balansı qoruyaraq Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan sığortaladı.

Bəyanatın mətnində də ifadə olunduğu kimi, Azərbaycan və rus xalqlarının maraqları, regional və beynəlxalq təhlükəsizlik, sabitlik, hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq, hər iki dövlətin üzv olduğu beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyət vacib hədəf kimi bəyan edilir və bütün bu proseslərdə, tərəflər BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına riayət edilməsi öhdəliyi götürür”.

Deputat həmçinin Bəyannamədə diqqət çəkən əsas məqamlardan da danışıb. O, qeyd edib ki, bu sənədlə İrəvan perspektivdə Azərbaycan və Rusiyanı üz-üzə qoymaq imkanını itirdi:

"Etiraf etməliyik ki, belə bir tarixi təcrübə və reallıq mövcuddur ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq lazımdır. Qəbul edək ki, Qafqazda Moskva ilə münasibətlərdə bu qızıl ortanı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir. Nəticə etibarı ilə Prezident Əliyev nəinki ən çətin və təhlükəli periodlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücü müttəfiqi Ermənistana rəğmən,  44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməyinə nail oldu. Bugünkü Bəyannamə ilə isə artıq Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurmağı öhdəsinə götürdü. Həm də hansı məqamda?! Reallığı anlamaq üçün sadəcə sağa-sola, şimala-cənuba diqqət yetirmək kafidir. 

Bəyanatda diqqət çəkən ən vacib məqamlardan biri tərəflərin milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmələri ilə bağlı müddəanın olmasıdır. Bu əməkdaşlıq isə ilk növbədə, əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla ikitərəfli hərbi əməkdaşlığın inkişafı, müasir silah və hərbi texnika ilə təchiz olunma, eləcə də bu istiqamətdə texniki xidmət, müasirləşdirmə, beynəlxalq-hüquqi öhdəliklər nəzərə almaqla hərbi yardım göstərilməsi imkanı kimi vacib məsələlərdə ehtiva olunur. Bu nə deməkdir? Sirr deyil ki, indiyədək Qafqazda Rusiya üçün birmənalı olaraq hərbi tərəfdaş rolunu Ermənistan oynayırdı, lakin aydındır ki, de-fakto müstəqil olmayan İrəvan Rusiyanın Qafqazda müttəfiqi yox, forpostudur. Bu Bəyannamə ilə isə digər sferalarla yanaşı, Azərbaycan Rusiya üçün hərbi müttəfiqə də çevrilməklə, faktiki olaraq Ermənistanı Azərbaycana qarşı Rusiya adlı təhdid amilindən məhrum edir. Daha sadə dillə desək, cənab İlham Əliyev 44 günlük müharibədə Ermənistanın hərbi portensialını sıradan çıxarmışdısa, bu sənədlə də İrəvan perspektivdə Azərbaycan və Rusiyanı üz-üzə qoymaq imkanını itirdi”.

B.Məhərrəmov qeyd edib ki, bu bəyanatla Rusiya Azərbaycana atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq vəd edir:

"Digər çox vacib nüans bu bəyanatla Rusiya Azərbaycana atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq vəd edir. Nəzərə alsaq ki, məhz Rusiyanın dəstəyi ilə atom enerjisindən istifadə Qafqazda Ermənistanın təbii inhisarında idi, artıq görünən odur ki, yeni reallıq tamamilə fərqli mənzərə vəd edir. 

Bu mənada hesab edirəm ki, dayaz yanaşmalarla, uyğunsuz müqayisələr aparmaqla bəyanatın mahiyyətini təhrif etməyə lüzum yoxdur. Ən azından ona görə ki, sənəddə beynəlxalq hüquqa zidd müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə əlaqələrinə müdaxilə edən, yaxud Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyəti güdən heç bir nüans yoxdur”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR