"Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat son günlər Ermənistan tərəfindən Laçın rayonunda dövlət sərhəd buraxılış məntəqəsinə edilən silahlı hücumun məqsədlərini izah edib. Onun sözlərinə görə, Ermənistanın təxribatlar törətməsinin məqsədi Azərbaycanın cavab reaksiyasına nail olduqdan sonra ölkəmizi aqressor obrazında göstərmək cəhdidir:
"Bu istiqamətdə fikirləri möhkəmləndirən məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqı mülki missiyası Laçın yolundakı hadisəyə çox cəld reaksiya nümayiş etdirdi, həmin əraziyə yollandı. Hesab edirəm ki, Avropa İttifaqı mülki missiyası da Ermənistanın təxribatlarının elementinə çevrilib. Ermənistan təxribat törədir, Azərbaycan cavab reaksiyasını nümayiş etdirir. Hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı mülki missiyası da Azərbaycanın əleyhinə siyasi mövqeyin yaradılmasına imkan verəcək hesabatlar hazırlamağa cəhd edə bilər”.
Deputat qeyd edib ki, Ermənistanın bütün təxribatları qətiyyətlə, hərbi yolla alınır:
"Azərbaycan tərəfindən siyasi təxribatların qarşısı müdrik, diplomatik gedişlərlə alınır. Ermənistan son zamanlar xüsusi şəkildə sülhə hazır olduqlarını bəyan edərək,özlərini yox, Azərbaycanı qeyri-konstruktiv göstərməyə çalışırlar. Beynəlxalq ictimai fikirdə bu düşüncələri formalaşdırmaq istəyirlər. Təssüflə qeyd etmək lazımdır ki, Ermənistanın kənar dəstəkçiləri ona bu istiqamətdə yaxından kömək göstərirlər. Ancaq sülh gündəliyini Azərbaycan başladıb. Ermənistanın belə təxribatları sülh prosesinə ciddi əngəl törədir. Göstərməyə çalışırlar ki, guya Azərbaycan bu istiqamətdə maneələr törədir. Ümumilikdə Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək. Əksinə Azərbaycanın güclü olan mövqeyləri belə hadisələrlə daha da güclənir".
Şəbnəm Zahir