Noyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşıb.
AZXEBER.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ərzaq məhsullarının qiymətlərində 1,4 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində isə 0,1 faiz bahalaşma müşahidə olunub.Ay ərzində qarabaşaq yarmasının, almanın, xurmanın, limonun, portağalın, naringinin, bananın, şabalıdın, kələmin, çuğundurun, kökün, göyərtinin, şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, çörəyin, makaronun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, armudun, heyvanın, narın, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma qeydə alınıb.Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, telefon faksimil cihazlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabr ayında ucuzlaşıb, xəstəxana xidmətlərinin, paltarların təmizlənməsi, evlərin təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.