Milli Şurada bölünmələr, parçalanmalar hələ davam edəcək
Bu barədə Trend-ə yeni yaradılan alternativ "El" hərəkatının sədri Əflan İbrahimov deyib. Ə.İbrahimov qeyd edib ki, onun Milli Şura ilə bağlı proqnozları özünü doğruldur: "Mən əvvəl demişdim, kimlər Milli Şuradan çıxacaq, indi onların bir hissəsi çıxıb, bir hissəsi qalıb. Orada qalacaq bir Əli Kərimli, bir də İsa Qəmbər. Onlar da aralarında yola vermək kimi bir şey edəcəklər". Ə.İbrahimov qeyd edib ki, İsa Qəmbər orada özünü bədbəxt etdi ki, Milli Şuraya qoşulmaqla aparıcı partiyalılığını itirdi və öz namizədliyini geri götürdü. Ə.İbrahimov Milli Şura üzvlərinin Londona səfərindən də danışıb: "Londona da getsələr, hara da getsələr, hamısı boş söhbətlərdir, guya onlar oraya nə aparırlar ki? Əsas o idi ki, Rüstəm İbrahimbəyov bunları aldatdı, onlar da onu aldatdılar. Ümid edirdilər ki, Rusiya variantından, "Milyaderlər ittifaqı"ndan istifadə edəcəklər, bu da alınmayandan sonra bədbəxt oldular. Rüstəm İbrahimbəyov bunları yığıb bir şampan butulkasına, ağzını möhkəm bağlayaraq okeanın ən dərin yerinə atıb. Cəmil Həsənlini qurban kimi veriblər qabağa, özləri arxasında gizlənirlər".