Elşən Musayev Heydər Əliyevin Azərbaycan xalqına dövlət televiziyası ilə o məhşur müraciəti və insanları Prezident Aparatı önünə çağırışı hələ də xatirimdədir. Maşınımız yox idi deyə, atamla taksi tutub getdik. Yuxulu vəziyyətdə, üstəgəl uşaq ağlımla nəyin nə olduğunun fərqinə uzun müddət vara bilmədim. Əslində hər şey elə sözün həqiqi mənasında yuxu kimi dövr edirdi. Blokdan qaça-qaça düşüb eyni ünvana tələsən qonşular...Bir birinə, dosta-qohuma zəng edib xəbərsizləri məsələdən agah edənlər...Maşın tapmayıb kilometrlərlə yolu piyada gələnlər...Qısaca böyük gün idi o gün! Azərbaycan tarixinin qızıl və böyük hərflərlə yazılacaq şanlı günü! Həmin gecənin beynimə həkk etdiyi və gözlərim önündən heç bir zaman silinməyəcək səhnəsi isə səhərin açılmasına hələ xeyli qala bütün şəhərin ayaq üstə olması idi. Hamı tələsirdi... Hamı Heydər Əliyevə kömək üçün tələsirdi. Və...nəhayət tələsdiyimiz məkana çatdıq. Az sonra Böyük Öndərin tarixi çıxışının ən dərin məqamında və hər kəsin nəzərlərinin tribunaya dikildiyi anda isə atam sakit bir əl işarəsi ilə fikrimi həmin vaxt güman ki, çoxlarının diqqətindən yayınan müdhiş tabloya yönəltdi. Ardınca da sakit, fəqət son dərəcə tutqun səslə tövsiyə etdi ki, bu gördüyümü heç bir zaman unutmayım. Qaçanlar qayıdırdılar. Prezident Aparatının divarları ilə sürünə-sürünə qayıdırdılar. Öz yırtılmış maskalarını elə yırtıq vəziyyətdəcə yenidən üzlərinə taxıb qayıdırdılar. Proqnozlarında yanılıb, Heydər Əliyevə olan inanılmaz dəstəyi görüb qayıdırdılar. Həm də məcburən qayıdırdılar. *** Əslində on il daha sonra, 2005-də təkrarlanan hadisələr də medalın bir başqa üzü idi. Sadəcə kiçicik fərqlə: Ortada ”oyun çıxaran” subyekt rolunu bu dəfə Surət Hüseynovun əvəzinə Rəsul Quliyev təhvil almışdı. Haşıyə: Nə qəribədir ki, mövcud iqtidara ən böyük təhlükələr, ağlasığmaz xəyanətlər hər zaman daxildən, “ev”in içindən, ən yaxınlardan gəlib. Bu sırada kimlər yox ki... Bir zamanlar müxalifətə bədbəxt ayaması qoyaraq, Heydər Əliyevi indiyə qədər kimsənin bacarmadığı və bundan sonra da bacara bilməyəcəyi şəkildə tərifləyən Rəsul Quliyev. Böyük Öndərin “papka”sını daşıyıb, onunla çəkdirdiyi şəkillərlə (bu yaxınlarda Modern.az saytına təqdim etdiyi şəkillərin 90 faizi eks-Prezidentlə idi) bu gün də qürrələnən Eldar Namazov. Azərbaycan səhiyyəsini böyrü üstə qoyan Əli İnsanov. Heydər Əliyevin səhhəti ilə bağlı kritik xəbər yayılan andan 30 saniyə keçməmiş onun bütün kadrlarını nazirlikdən və ”Azpetrol” dan uzaqlaşdıran Fərhad Əliyev... Və, bir Allah bilir bu siyahıya hələ kimlər əlavə olunacaq. Hətta olunmalıdır! Labüddür bu proses. Çünki acı reallığın bir qolu da ondan ibarətdir ki, hələ də yuxarı eşelonda, məmur elitasında az öncə adını çəkdiklərimin bütün ölənlərinə durmadan rəhmət oxutduran biriləri var. Bu xalqı Prezidentin, hakimiyyətin üzərinə məqsədli şəkildə qaldırmaq üçün əllərindən gələni əsirgəməyənlər , sayəsində ”adam” olduğu iqtidara amansızcasına qəsd edib, onu kürəyindən baltalayanlar var. Yediyi qaba tüpürənlər var. Çörəyi dizinin üstünə “skoç”la belə yapışdırıb saxlaya bilməyənlər var! Nə təəssüf ki var...! *** Rəsul Quliyevin təyyarəsi Amerikadan üzü bu yana istiqamət götürər-götürməz telefonuma gələn zənglərin ardı-arası kəsilmədi. YAP rəhbərliyindən tutmuş, hakimiyyətin ünlü simalarına qədər hər kəs vardı onların arasında (Bu arada qeyd edim ki, ömrü boyu köməkçi vasitəsilə danışan adamların anidən adama ”qardaş” deyə müraciət etməsinin özü də ayrı bir asosiasiyadır) Hamı da eyni məzmunda danışırdı. Mövzu da bəlli. Və...etiraf edim ki, anidən çox ciddi tərəddüdlərim oldu. Bir az da qorxu. O mənada qorxu ki, hazırlıqsız-filansız, kiçicik intervalla 7 dənə ayrı-ayrı kanallarda canlı yanına getməli idim. Hərəsi də 10-15 dəqiqə. Üstəgəl 25 yaşım varkən. Dərhal Abutalıb Səmədovu yığdım. Çünki həmin anda ondan savayı kimsənin mənə düzgün, səmimi məsləhət verə biləcəyinə əmin deyildim. Elə təxmin etdiyim kimi də oldu və... dəstəyin o biri üzündən gözlədiyim cavabı aldım: “ 2 yol var Elşən. Ya, hər şeyi gözə alıb İlham Əliyevin adına layiq bir şəkildə vuruşmalısan, ya da ortadan əkilib, aradan çıxan şərəfsizlərin sırasına qoşulmalı. Amma unutma, bu gün baş verənlər açıq-aydın dövlət çevrilişi cəhdidir və əgər hər şey arzuladığımız şəkildə sonuclansa o zaman sən də dövlət çevrilişinin qarşısını alan biri kimi tarixə düşəcəksən və əmin ol ki, sənin bu xidmətlərin əsla unudulmayacaq” *** ANS-in qarşısı qələbəlik idi. Ora çatınca yadıma düşdü ki, bir az öncə saçımı düzəldən ustanın pulunu verməyi belə, unudub gəlmişəm. Çaşqınlığım bu həddə idi yəni... Həyətdə Elman Məmmədovla (millət vəkili) rastlaşdım. Onun da ödənişli əsaslarla efir vaxtı varmış. Bir xeyli söhbətləşdik. Məndən millət vəkilliyinə namizəd kimi təbliğatımın necə getdiyi haqqında maraqlandı. Belə bir kritik anda rayona ümumiyyətlə gedə bilmədiyimi, bütün işimi məcburən və özümə bəlli səbəblərdən TV-lərlə qurduğumu söylədim. Elə təxminən bu mövzuda danışa-danışa pilləkənləri qalxırdıq ki, tanımadığımız biri bizə yaxınlaşıb çıxışımızın 1 saat ertələndiyini, öncə çıxış edəcək birilərinin olduğunu söylədi. Həmin şəxslərin kimliyi barədə maraqlandığımızda isə bəlli oldu ki, efirin pik saatlarında Amerikanın ölkəmizdəki səfiri Rino Harniş və Əli Kərimli danışacaqmış. *** Çox sevirəm AzTV-ni. Oranın studiyası da, personalı da, aurası da bir başqa pozitiv verir insana. Sanki hamı səni tanıyır, sənin dostundur, yaxınındır kimi bir aləmə girirsən. O gərgin gündə, ANS və ATV-dəki çıxışlarımı bitirib AzTV-yə ayaq basdığımda yenə eyni doğmalıqla qarşılaşdım. Ətrafsa dəyərli insanlarldan, əsl Heydər Əliyevçilərdən ibarət idi. Az sayda olsalar belə! Siyavuş Novruzovdan ( Hər zaman dediyim sözü bu gün də təkrarlayıram: Novruzov bu iqtidar uğruna, Prezidenti naminə öz həyatını düşünmədən fəda etməyə hazır olan biridir! Ən kritik anlarda mən buna şəxsən şahidlik etmişəm) öncəki günlərdə, sakit məqamda çıxış üçün az qala özlərini “həlak” edənlərin hara qeyb olduğunu soruşdum. Kinayəli və hirsli şəkildə gülümsəyərək əlində tutduğu “bloknot”dakı nömrələrə işarə edib: ”Bu gün hamı rayona gedəsi olub qardaş”-söylədi... Sonradansa bəlli oldu ki, içimizdəki şərəfsizlər bir tək AzTV-də deyil, digər kanallarda da öncədən müqavilə əsasında aldıqları ödənişli efir vaxtından imtina ediblər. “Alçaqlar! Namussuzlar! Biqeyrətlər! Heydər Əliyevin verdiyi çörək sizin burnunuzdan gəlsin!” - kimsənin gözləmədiyi bu fikirlərlə başladım çıxışıma. Hətta kamera arxasında olan operatorun belə, mənə böyük çaşqınlıqla baxdığını sezdim. Beynimdəki bütün ssenari pozulmuşdu. Nə hazırladığımı deyil, nə deməyə borclu olduğumu söyləyirdim! Və tam səmimi deyirəm, bəlkə də həyatımın ən ağrılı çıxışı olub həmin çıxış. Çünki, həzm edə bilmirdim durumu. Xəyanətin nə rəngdə, hansı boyda olduğunu görmüşdüm o gün mən. Düşmənin atdığı güllə sadəcə ağrı verirsə, dostun vurduğu güllə adamın ciyərini parçalayırmış, içini göynədirmış. Bu həqiqəti də tam ayrintıları ilə hiss etdim o gün mən... Nitqimi necə bitirdiyimi, studiyadan nə zaman uzaqlaşıb əsas korpusla üzbəüz olan dairəvi həyətə düşdüyümü xatırlamıram. Bircə o yadımdadır ki, AzTV-dəki dostlar təhlükəsizliyim üçün ya bir az gözləməmi, ya da arxadakı geniş qapıdan çıxmamı rica etdilər. Çünki, efirdə öz içimizdən olan vicdansızları hər nə qədər hədəfə almış olsam da əsas mətn yenə də Rəsul Quliyevin fiaskoya uğrayan biabırçı qayıdışına həsr olunmuşdu. Bayırda isə onun eynən özünə bənzəyən qaragüruh fanatları heyrətamiz sürprizləri ilə məni gözləyirdilər...