Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz

Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz
İQTİSADİYYAT
16:00 10.07.2026
362
AQTA ölkəyə idxal olunan heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edib.

Agentliyin məlumatına əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanlar yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınacaq. Keçid dövrü çərçivəsində isə 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək.

Qəssablar bu qərarın ətin qiymətinə təsir edəcəyi qənaətindədirlər. Onların sözlərinə görə, xüsusi avtomobillərlə daşınma baha başa gələcəyi üçün heyvan ətinin bahalaşması da qaçılmaz olacaq.

İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, istənilən tənzimləmə qaydalarının sərtləşməsi əlavə xərc tələb edir:

"İstənilən tənzimləmə qaydalarının sərtləşməsi əlavə xərc tələb edir. Əgər diri heyvanların daşınması ilə bağlı yeni şərtlər qoyulursa, bu, xüsusi təchiz olunmuş avtomobillərin alınmasını, yeni infrastrukturun yaradılmasını və əlavə xərclərin çəkilməsini zərurətə çevirir. Əlavə xərclər isə məhsulun maya dəyərini artırır. Maya dəyəri artdıqca qiymətlər də yüksəlir”.


İqtisadçı qeyd edib ki, bütün bu xərclərin son nəticədə istehlakçıların üzərinə düşməsi qaçılmazdır:

"İstənilən tənzimləmə qaydasının son ödəyicisi Azərbaycan vətəndaşı olur. Qiymət artımı sonda vətəndaşın cibindən çıxır. Buna görə də biz uzun illərdir hesab edirik ki, Azərbaycanda daha kiçik və effektiv hökumət modeli formalaşdırılmalıdır. Tənzimləyici mexanizmlərin bir hissəsi əhəmiyyətli dərəcədə yumşaldılmalı, bəziləri isə tamamilə ləğv edilməlidir”.

O vurğulayıb ki, "Bu yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi "loser"ə çevirən səhvlərin təkraralanmasıdır. Əl çəkin insanlardan, imkan verin biznes qura, onu inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!”.

İqtisadçı bildirib ki, onsuz da artan ət qiymətləri yeni qayda ilə daha da artacaq:

"Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, "kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq.
Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR