“Görünür Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır”.
Bu sözləri AZXEBER.COM-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas söyləyib. O, deputat həmkarı Etibar Hüseynovun ANS-də yayımlanan verilişdə qaçqın və məcburi köçkünləri təhqir etməsinə cavab verib:
“Bu sözü bir müddət bundan öncə Rüstəm İbrahimbəyov da dilə gətirmişdi. Mən onda da ona öz cavabımı vermişdim. Görünür kimsə Rüstəm İbrahimbəyovun ayaqqabısını geyinmək istəyir. Qaldı ki, Bakıdan nə yahudilər, nə rus dillilər nə də ki, başqa xalqlar köçməyib. Qarabağ müharibəsi illərində Bakıdan ancaq ermənilər köçüb. Digər bir tərəfdən görünür Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır. İmkanı varsa oturub, Qarabağ mədəniyyəti haqqında oxusun. Və görsün ki, Üzeyir Hacıbəyov haralıdır, Molla Pənah Vaqif haralıdır, Natavan haralıdır, Əhməd bəy Ağayev haralıdır, Polad Bülbüloğlu haralıdır, Bül-bül haralıdır, Fərhad Bədərbəyli haralıdır, Şəmsi Bədərbəyli haralıdır, Süleyman Rəhimov haralıdır, Dədə Şəmşir haralıdır, Ramiz Rövşən və yüzlərlə adını sadalaya bilmədiyim dahilər haralıdır. Etibar qarabağlılardan bir az mədəniyyət öyrənsəydi, belə sözlər işlətməzdi”
Xatırladaq ki, millət vəkili Etibar Hüseynov ANS-də gedən verilişlərin birində çıxışı zamanı Azərbaycanda şəhər mədəniyyətini 50, 60, 70-ci illərdə rusların, yəhudilərin, ermənilərin, rus dilli azərbaycanlıların yaratdığını söyləyib.
Bu gün Azərbaycanda şəhər mədəniyyətinin olmadığını deyən E.Hüseynov bunu Qarabağ müharibəsinin başlaması nəticəsində şəhərdə yaşayan rusdilli insanların ölkəmizdən getməsi ilə əlaqələndirib.
“Qarabağ müharibəsinin başlaması ilə əlaqədar olaraq Bakı mədəniyyətinin özəyini təşkil edən, yəhudilər, ermənilər, ruslar və rusdilli azərbaycanlılar ölkədən çıxıb getdilər və bununla da bir boşluq yarandı. Onların yerinə isə öz yurd-yuvasından didərgin düşmüş, ac-yalavac, tamam başqa mühitdən gəlmiş, televizorun, radionun nə olduğunu bilməyən, müasirliyə aidiyyəti olmayan, aqressiv, öz yaxınlarını itirən insanlar gəldilər. Bu insanların şəhər mühitinə düşməsi ilə sanki yağla suyun qatışığı yarandı. Belə bir şəraitdə isə yenidən şəhər mədəniyyətini bərpa etmək mümkün olmadı. Bu gün gənclərin əksəriyyətini Qarabağ müharibəsinin baş verdiyi illərdə bura gələn insanlar təşkil edir ki, onlar da heç bir təhsil, tərbiyə, mədəniyyət görmədilər. Tək onlar yox, yaşlı insanlar da ucqar dağ yerindən şəhərə gəlib düşəndən sonra özlərini itirdilər, yeni mühitə adaptasiya oluna bilmədilər. Bunun nəticəsində də bu gün bizdə şəhər mədəniyyəti, Avropa dəyərləri yoxdur”- deyə, millət vəkili qeyd edib.
Əfsələddin Ağalarov