"Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən AQEM Media Forumunun iştirakçılarına müraciətinin məzmununa diqqət yetirdikdə görünür ki, burada medianın funksiyası daha geniş geosiyasi və diplomatik kontekstdə nəzərdən keçirilir. Söhbət yalnız informasiyanın yayılmasından deyil, qütbləşən beynəlxalq sistemdə etimadın istehsalı, qorunması və institusional mexanizmlərinin formalaşdırılmasından gedir”.
Bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib.
Deputat vurğulayıb ki, müasir dünyada dövlətlər arasında ziddiyyətlərin bir hissəsi informasiya məkanında meydana çıxır:
"Forumun mövzusunun "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” olması da Azərbaycanın AQEM sədrliyi dövründə irəli sürdüyü daha geniş diplomatik yanaşmanın informasiya müstəvisində ifadəsi kimi görünür. Çünki beynəlxalq münasibətlərdə qarşılıqlı etimad zəiflədikcə yalnız siyasi və diplomatik kanallar deyil, informasiya mühiti də qarşıdurmanın əsas sahələrindən birinə çevrilir. Müasir dünyada dövlətlər arasında ziddiyyətlərin bir hissəsi diplomatik bəyanatlarda, siyasi qərarlarda və hərbi güc nümayişində deyil, informasiya məkanında da meydana çıxır. İnformasiya hadisənin sadəcə təsviri olmaqdan çıxaraq onun siyasi qavrayışını formalaşdıran amilə çevrilir. Bu səbəbdən media üzərindən yayılan məlumatın keyfiyyəti, mənbənin etibarlılığı, kontekstin qorunması və manipulyasiyadan uzaq olması dövlətlərarası münasibətlərə birbaşa təsir göstərə bilir. Prezidentin müraciətində bu transformasiyanın xüsusilə dezinformasiya və süni intellekt texnologiyaları ilə əlaqələndirilməsi diqqətəlayiqdir. Burada problem texnologiyanın özündə deyil, onun informasiya mühitinə məsuliyyətsiz müdaxilə üçün istifadəsində qoyulur. Süni intellektin yaratdığı imkanlar informasiyanın hazırlanmasını, yayılmasını və istehlakını sürətləndirdiyi kimi, saxta materialların daha inandırıcı formada hazırlanması imkanlarını da genişləndirir. Belə şəraitdə informasiya ilə manipulyasiya yalnız jurnalistikanın peşə standartları məsələsi olmaqdan çıxaraq ictimai və dövlətlərarası etimad məsələsinə çevrilir”.

Parlamentari qeyd edib ki, müraciətin mühüm cəhətlərindən biri də məhz informasiya məsuliyyətini yalnız jurnalistlərin üzərinə qoymamasıdır:
"Müraciətin mühüm cəhətlərindən biri də məhz bu səbəbdən informasiya məsuliyyətini yalnız jurnalistlərin üzərinə qoymamasıdır. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın zəruriliyinin vurğulanması problemin sistemli xarakterinin qəbul edildiyini göstərir. Başqa sözlə, informasiya etimadının yaradılması bir institutun deyil, bütövlükdə informasiya ekosisteminin məsuliyyətidir.
Bu yanaşma "etibarlı informasiya” anlayışının özünə də yeni məna verir. Etibarlı informasiya yalnız jurnalistin peşəkarlığı ilə ölçülə bilməz. İnformasiyanın əldə edildiyi mənbə, onun yoxlanılması, redaktə və təqdimetmə prinsipləri, rəqəmsal platformaların alqoritmik davranışı və auditoriyanın media savadlılığı da son nəticəyə təsir göstərir. Bu baxımdan Prezidentin müraciətində media savadlılığının artırılması ilə yeni texnologiyaların məsuliyyətli tətbiqinin eyni kontekstdə təqdim olunması təsadüfi deyil. Etimadın dayanıqlı olması üçün həm informasiya istehsalçısının, həm də informasiya istehlakçısının məsuliyyəti artırılmalıdır”.
Deputat vurğulayıb ki, AQEM-in gündəliyi informasiya-kommunikasiya ölçüsünü genişləndirir:
"Müraciətin geosiyasi əhəmiyyəti bununla məhdudlaşmır. Meaciətin əhəmiyyətli hissəsi Azərbaycanın AQEM sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətin təqdimatına həsr olunub. Burada Bakının məqsədi yalnız təşkilati fəaliyyətin yekunlarını nümayiş etdirmək deyil. AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi, ekspert və biznes dairələri, gənclər və beyin mərkəzləri arasında əlaqələrin intensivləşdirilməsi Azərbaycanın öz sədrliyinə verdiyi daha geniş funksional məzmunu göstərir. Bu kontekstdə Media Forum AQEM daxilində yeni əməkdaşlıq istiqamətinin formalaşdırılması cəhdi kimi də oxuna bilər. Çünki təhlükəsizlik, iqtisadiyyat və diplomatiya sahələrində əməkdaşlığın effektivliyi müəyyən mənada informasiya mühitinin vəziyyətindən asılıdır. Dövlətlər arasında siyasi dialoq mövcud olsa belə, həmin dialoq paralel informasiya qarşıdurması ilə müşayiət olunursa, etimadın davamlı xarakter alması çətinləşir. Deməli, media əməkdaşlığının institusional çərçivəyə daxil edilməsi AQEM-in gündəliyinin yalnız siyasi-diplomatik deyil, həm də informasiya-kommunikasiya ölçüsünü genişləndirir”.
E.Mirzəbəyli qeyd edib ki, müraciətin başqa bir mühüm məqamı medianın "ictimai diplomatiyanın” aləti kimi təqdim edilməsidir:
"Burada Azərbaycanın özünü təqdimetmə modeli də xüsusi diqqət çəkir. Müraciətdə Bakı yalnız tədbirə ev sahibliyi edən paytaxt kimi deyil, dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi təqdim olunur. AQEM-in 28 dövləti və Asiya qitəsinin böyük hissəsini əhatə etməsi vurğulanmaqla Azərbaycanın sədrliyi regional təşkilatın coğrafi miqyası ilə əlaqələndirilir. Beləliklə, Bakının mesajı ondan ibarətdir ki, Azərbaycan öz coğrafi mövqeyini yalnız tranzit və logistika üstünlüyü kimi deyil, müxtəlif siyasi və informasiya məkanlarını bir araya gətirən diplomatik platforma kimi də istifadə edir. Bu yanaşma Azərbaycanın son illərdə çoxtərəfli diplomatiyada istifadə etdiyi "dialoq platforması” modelinin informasiya sahəsində davamı təsiri bağışlayır. Burada əsas məsələ tərəflərin bütün məsələlər üzrə eyni mövqeyə gətirilməsi deyil. Əsas məsələ fərqli mövqelərin mövcud olduğu şəraitdə kommunikasiya kanallarının açıq saxlanılması və qarşı tərəfin mövqeyinin birbaşa eşidilməsi üçün institusional imkanların yaradılmasıdır. Etimad da məhz belə mexanizmlər üzərindən mərhələli şəkildə formalaşa bilər. Müraciətin başqa bir mühüm məqamı medianın "ictimai diplomatiyanın” aləti kimi təqdim edilməsidir. Bu ifadə medianın klassik funksiyasından diplomatik funksiyaya keçidini göstərir. Əgər ənənəvi diplomatiyanın əsas subyektləri dövlətlər və onların rəsmi nümayəndələri idisə, ictimai diplomatiyada cəmiyyətlər, media, ekspertlər, akademik dairələr və digər qeyri-dövlət aktorları da kommunikasiya prosesinin iştirakçılarına çevrilir.
Beləliklə, media artıq diplomatiyanı yalnız işıqlandıran resurs deyil. müəyyən hallarda diplomatik mühitin formalaşmasına təsir edən aktordur. Dövlətlər haqqında təsəvvürlər, ayrı-ayrı xalqların bir-birinə münasibəti, böhranların qavranılması və hətta sülh proseslərinə ictimai münasibət böyük ölçüdə informasiya vasitəsilə formalaşır. Bu mənada media etimadın nəticəsi olmaqla yanaşı, onun ilkin şərtinə də çevrilə bilər. Məhz burada qütbləşmiş dünya anlayışının ikinci mühüm tərəfi ortaya çıxır. Müasir beynəlxalq münasibətlər sistemində qütbləşmə yalnız dövlətlərin siyasi maraqlarının toqquşması demək deyil. İnformasiya qütbləşməsi də siyasi parçalanmanı dərinləşdirə bilir. Eyni hadisə müxtəlif informasiya məkanlarında tamamilə fərqli məzmun və emosional çərçivədə təqdim olunur. Nəticədə tərəflər yalnız siyasi baxımdan deyil, hadisələrin özünü qavrama baxımından da bir-birindən uzaqlaşırlar.
Bu vəziyyətdə etibarlı və məsuliyyətli jurnalistikanın əsas funksiyası yalnız "doğru məlumat vermək” deyil, həm də reallığın parçalanmış təsvirləri arasında kommunikasiya körpüləri yaratmaqdır. Prezidentin müraciətində media əməkdaşlığının, təcrübə mübadiləsinin, birgə layihələrin və çevik kommunikasiyanın xüsusi vurğulanması məhz bu ehtiyacla əlaqələndirilə bilər”.
Deputat deyib ki, müraciətin mətnində diqqət çəkən digər məsələ isə "ortaq informasiya məsuliyyəti” anlayışıdır:
"Burada Azərbaycan üçün ayrıca bir məqam da var. AQEM sədrliyi dövründə Bakının təşkil etdiyi müxtəlif səviyyəli tədbirlərin Media Forumla tamamlanması Azərbaycanın çoxtərəfli diplomatiyada kommunikasiya komponentinə verdiyi əhəmiyyətin göstəricisidir. Əgər dövlətlərarası münasibətlərdə etimad siyasi qərarlarla, iqtisadi əməkdaşlıqla və təhlükəsizlik mexanizmləri ilə möhkəmlənirsə, həmin prosesin informasiya təminatı da vacibdir. Çünki informasiya mühitində formalaşan təsəvvürlər siyasi münasibətlərin dayanıqlığına birbaşa təsir göstərə bilər.
Bu baxımdan AQEM Media Forumunu yalnız jurnalistlərin peşəkar toplantısı kimi təqdim etmək onun mahiyyətini daraltmaq olardı. Forumun məzmununda media diplomatiyası, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və çoxtərəfli əməkdaşlıq bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Bu isə Azərbaycanın AQEM sədrliyinə verdiyi məzmunun institusional xarakter daşıdığını göstərən amillərdən biridir. Müraciətin mətnində diqqət çəkən digər məsələ isə "ortaq informasiya məsuliyyəti” anlayışıdır. Bu ifadə qlobal informasiya sistemində baş verən dəyişikliklərin dövlət sərhədlərini aşdığını nəzərə alır. Bir ölkədə hazırlanmış və ya yayılan saxta informasiya başqa ölkədə ictimai rəyə, siyasi proseslərə və dövlətlərarası münasibətlərə təsir göstərə bilər. Deməli, informasiya təhlükəsizliyi də getdikcə kollektiv xarakter alan təhlükəsizlik anlayışına çevrilir.
Bu məntiq AQEM kimi geniş coğrafiyanı əhatə edən platformalar üçün xüsusilə əhəmiyyətlidir. Çünki müxtəlif siyasi sistemlərə, media ənənələrinə və geosiyasi maraqlara malik dövlətlərin ortaq informasiya məkanında əməkdaşlıq etməsi özlüyündə mürəkkəb məsələdir. Burada vahid informasiya siyasətindən daha çox, etibarlı informasiya dövriyyəsinin ümumi prinsiplərinin formalaşdırılması praktik və real hədəf kimi görünür”.
"Qeyd etmək lazımdır ki, İlham Əliyevin AQEM Media Forumuna müraciətində diqqət mərkəzinə çəkilən məsələ medianın gələcəyi deyil, daha geniş mənada beynəlxalq münasibətlərin gələcəyidir. Çünki etimad zəiflədikcə diplomatiyanın imkanları daralır, informasiya manipulyasiyası genişləndikcə isə cəmiyyətlər arasında qarşılıqlı anlaşma çətinləşir. Buna görə də informasiya məsuliyyəti artıq jurnalistikanın daxili peşə məsələsi kimi deyil, beynəlxalq əməkdaşlığın və regional təhlükəsizliyin komponentlərindən biri kimi nəzərdən keçirilir. Bakının AQEM sədrliyi çərçivəsində Media Forum təşəbbüsünü irəli sürməsi də bu baxımdan simvolik məna daşıyır. Azərbaycan burada medianı yalnız informasiya ötürən vasitə kimi deyil, etimad yaradan, dialoqu təşviq edən və müxtəlif cəmiyyətlər arasında kommunikasiya imkanlarını genişləndirən institusional resurs kimi təqdim edir.
Qütbləşmənin dərinləşdiyi bir dünyada bu yanaşmanın əsas sualı ondan ibarətdir ki, bu gün dövlətlər fikir ayrılıqlarını necə aradan qaldıracaqlar? Müraciətin verdiyi cavab ondan ibarətdir ki, bunun ilkin şərtlərindən biri tərəflərin bir-birini eşidə bildiyi, informasiyanın manipulyasiyadan mümkün qədər qorunduğu və peşəkar medianın etimad mühitinin formalaşmasına töhfə verdiyi kommunikasiya məkanının yaradılmasıdır”,-deyə deputat vurğulayıb.
Şahanə Ziyad











































