Mədəniyyət və Turizm Nazirliyi gələn ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012" yarışması ilə əlaqədar ciddi işlərə başlayıb. Bununla əlaqədar Bakıda və Sumqayıt şəhərlərində fəaliyyət göstərən mehmanxanalarda yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı xüsusi göstərişlər verilib. Bundan əlavə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təklifi əsasında sentyabrın 1-dən “Eurovision” müsabiqəsinə hazırlıq məqsədi ilə mehmanxanalarda yer satışı dayandırılıb. Ə. Qarayev həmçinin deyib ki, satış işlərinin düzgün qurulması turizm şirkətlərinin işidir: “Biz onlara lazımi köməkliklər göstərəcəyik ki, həmin müddətdə qiymətlər qalxmasın”. Bu arada isə Azərbaycan Turizm Assosiasiyası (AzTA) “Eurovision 2012" yarışmasını izləmək istəyən xaricilər üçün qiymətləri açıqlayıb. Sənədə əsasən mayın 22-dən 26-na qədər davam edəcək yarışmanı Bakıda izləmək istəyən xaricilər 1250 manat (1600 dollar) ödəməli olacaqlar. Turistlərə təqdim olunan turpaketə ikitərəfli aviabilet, mayın 21-dən 27-nə qədər üç ulduzlu mehmanxanada qalma, müsabiqənin hər iki yarım finalına və finalına biletlər daxildir. BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov isə mətbuata verdiyi açıqlamasında bildirib ki, beynəlxalq mahnı yarışması Azərbaycan üçün ilk böyük həcmli tədbirlərdəndir. Bu səbəbdən də hökumət ciddi hazırlıqlara başlayıb. F. Qürbətov bildirib ki, son illər respublikada otel tikintisinə böyük önəm verilib. Xatırladaq ki, hazırda paytaxtda beş ədəd beşulduzlu otel tikilməkdədir. Bununla yanaşı kiçik otellərin də tikintisinə başlanılıb. Həmin otellərdə isə ölkədə bütün növ turistləri razı salacaq infrastruktur yaradılacaq. Əldə etdiyimiz məlumata görə, 2012-ci ilin mayınadək həmin otellərin istifadəyə veriləcəyi gözlənilir. Ekspertlər isə dünya təcrübəsinə əsasən yarışma ərəfəsində otellərin qiymətlərinin 2 dəfə qalxacağını istisna etmirlər.Ekspertlərin sözlərinə görə, yarışma ilə əlaqədar gələn il müxtəlif ölkələrdən Bakıya təxminən 10-15 min turistin gələcəyi gözlənilir. Qonaqlar tərkib etibarilə akkreditə olunmuş jurnalistlər 2000-2500, iştirakçıların özləri və köməkçiləri təxminən 500 nəfər, 300-500 nəfər Eurovision əməkdaşları, texniki işçilər, ofis işçiləri və başqa ölkələrdən gələn turistlərdən ibarət olacaq. Bundan əlavə, Qazaxıstan və İran kimi ölkələrdən də Bakıya turistlərin gələcəyi gözlənilir. İlkin hesablamalara görə, Azərbaycana gələn turistlər həftəlik orta hesabla 800 manat pul xərcləyir. Bu rəqəmi səfər edəcək turistlərin sayı ilə hesablasaq, 8 milyon manatdan artıq məbləğin olacağı nəzərdə tutula bilər. Lakin otellərin qiymətinin artacağı ehtimalını da nəzərə alsaq, bu rəqəmin daha yüksək olacağını gözləmək olar.
/// Yeni Musavat