“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar olaraq bu aydan etibarən Bakı şəhərində yeni 100-ə yaxın multimedia taksofonu quraşdırılacaq. Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) direktor müavini Xankişi Kişiyevin verdiyi məlumata görə, qurum tərəfindən taksofonların quraşdırılacağı yerlər artıq Bakı Şəhər İcra Hakimiyyətinə təqim edilib. Aparatlar universal tipli olmaqla həm kart, həm də qəpiklə işləyəcək. Belə ki, multimedia taksofonları 10, 20 və 50 qəpiklə işləyəcək. Ölkəmizə gələn qonaqların bu aparatlardan asanlıqla istifadə edə bilməsi üçün taksofonların üzərində ingilis dilində yazılar olacaq. Taksofonların üzərində istifadə qaydaları, ölkə və rayonların kodları, köməkçi məlumatlar və s. yerləşdiriləcək. Şəhərimizə gələn qonaqlar həmçinin multimedia taksofonları vasitəsilə Azərbaycannın gəzməli yerləri və otelləri haqqında məlumat əldə etmək imkanı qazanacaqlar. Yeni taksofonlar ilk növbədə Bakının mərkəzində, daha sonra isə kənd və qəsəbələrdə yerləşdiriləcək. Bakıda quraşdırılacaq taksofonlar xüsusi dizaynı ilə fərqlənir. Qeyd edək ki, hazırda Bakıda 200- universal tipli və GSM taksofonlar fəaliyyət göstərir. Paytaxtda quraşdırılan 1080 taksofon jetonla işləyən taksofonlardır. Yeni quraşdırılacaq multimedia taksofonlar isə bir çox üstünlüklərə malik olacaq. Belə ki, bu aparatlar taksofon və kompüterin funiksiyasını özündə cəmləşdirəcək. Multimedia taksofonlar ADSL kanalı vasitəsilə İnternetə çıxışla təmin olunacaq. Yeni taksofonlarla elektron məktub göndərmək, reklam çarxlarına baxmaq, elektron mağazalardan kredit kartı vasitəsilə alış-veriş etmək mümkün olacaq. Universal tipli taksofonlarla şəhərdaxili, şəhərlərarası və beynəlxalq rabitə əlaqəsinə girmək mümkün olacaq. Ancaq BŞİH-dən taksofonların konkret hansı ünvanlarda quraşdırılacağını öyrənmək mümkün olmadı. Qurumdan BTRİB tərəfindən taksofonların quraşdırılacağı yerlərin BŞİH-ə təqdim edildiyi təqdiqlənsə də, bu yerlərin hara olacağı açıqlanmadı. Multimedia taksofonları dünyanın bir çox inkişaf etmiş ölkələrində quraşdırılaraq fəaliyyət göstərir. Belə ki, bu yay Yay Olimpiadanı qəbul edəcək Böyük Britaniyanın paytaxtı London şəhərində artıq 28 min multimedia taksofon terminal fəaliyyət göstərən şəbəkə fəaliyyət göstərir. Londondakı multimedia taksofonları personal kompüter, sensor ekran, klaviatura və internetlə təchiz edilib. Saniyədə 64 kilobayt sürətlə işləyən taksofonlar vasitəsilə videogörüntü göndərmək mümkündür. Terminallar Londonun mərkəzi küçələrində, ticarət mərkəzlərində, metro stansiyalarında, avtobus dayanacaqlarında, mehmanxanalarda, xəstəxanalarda, restoranlarda, Pub-larda, aeroportlarda quraşdırılıb.