"Eurovision" təmsilçimiz Samir Cavadzadə 2 ay sonra saxlanıldı

"Eurovision" təmsilçimiz Samir Cavadzadə 2 ay sonra saxlanıldı
Bütün Xəbərlər
13:02 20.11.2011
2675
Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadə tutulub. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, S. Cavadzadə otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanıb. Sabah S. Cavadzadənin barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbirinin seçiləcəyi bildirilir. Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, fotoqraf Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb. Baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı iki dəfə ekspertiza keçirilib. Ekspert rəyinə görə, S. Cavadzadə tərəfindən bıçaqlanan E. Hüseynovun xəsarəti ağır qiymətləndirib. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. İlkin olaraq hər iki şəxs mətbuata yalan məlumatlar verərək faktı təkzib etsələr də, polisə verdikləri ifadələrində hadisəni etiraf ediblər. İstintaq başa çatdıqdan sonra məhkəmə S. Cavadzadənin törətmiş olduğu cinayəti sübuta yetirəcəyi təqdirdə onu 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
OXŞAR XƏBƏRLƏR