Müdafiə Nazirliyi və Maliyyə Nazirliyinin qərarı ilə ev alacaq hərbçilərin siyahısı müəyyənləşdirilir. Hərbçilərin mənzillərlə təmin olunması 2011-ci il dekabr ayının 28-i prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə imzaladığı fərmana əsasən aparılır. Qərarda mənzil almağın bir neçə kriteriyası var. İlk növbədə mənzil alacaq hərbçi Azərbaycan Silahlı Qüvvələrində 20 il xidmət etmiş olmalıdır.Ekspertlərin qənaətinə görə, hərbçilərin mənzillərlə təmin olunması şəffaf şəkildə aparılmalıdır. Məsələyə münasibət bildirən hərbi ekspert Emin Həsənli qeyd edib ki, zabit ölkənin ikiqat vətəndaşıdır: “Məqsədi vətəni müdafiə etməkdən ibarət olan bir şəxsin hər zaman diqqət və qayğıya ehtiyacı var. İlk növbədə döyüş bölgəsində xidmət etmiş, hərbi rütbəsinə, yaşayış şəraitinə, xidmət yerinə görə nəzərə alınmalıdır”.Qeyd edək ki, 411 hərbi qulluqçu evlə təmin edilib. 337 nəfərin də mənzillərlə təmin olunması nəzərdə tutulub. Prezident İlham Əliyevin qərarı ilə daha öncə də hərbi qulluqçularımız mənzillərlə təmin olunub.