Evdə yanıb ölən Rüfətlə Əhmədin faciəsi onların oxuduğu məktəbi yasa bürüyüb
Övladları faciəvi şəkildə ölən baş redaktora isə şübhəli zənglər gəlir
Oktyabrın 7-də evində baş vermiş dəhşətli yanğın nəticəsində iki övladını itirən Bolgexeber.com saytının rəhbəri Vasif Turana gizli nömrələrdən zənglər olur. “Azadlıq”a açıqlama verən baş redaktorun sözlərinə görə, hər gün ən azı 50 dəfə belə hallar təkrarlanır. Vasif Turan deyir ki, gizli nömrə ilə zəng edənlərin danışmaması onda müəyyən şübhələrin yaranmasına səbəb olur: “Görünməyən nömrələrdən zənglər edilir və dəstəyin o biri başında susurlar. Bunun nə üçün və niyə edildiyi mənə qaranlıqdır. Indiki vəziyyətimdə bunu edənlərin nə istədiklərini də anlamıram. Ancaq belə hallar məndə şübhələri daha da artırır”.
Baş redaktor yaxın günlərdə Bakıya gəlib, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyir: “Hər bir araşdırma nəticə verə bilər. Evimdə baş verən yanğınla bağlı müəyyən bilgilərim var. Bunları da mətbuata yox, istintaqa açıqlayacam”.
Hazırda övladları üçün yas mərasimi verdiyini bildirən baş redaktor aldığı yanıq xəsarətlərindən də müalicə aldığını deyir.
Ötən gün biz bir daha hadisə olan ünvana - Qobu qəsəbəsinin “Yeni məhəllə” adlanan ərazisinə baş çəkdik. Ev tamam yararsız hala düşüb. Bəzi məlumatlara görə, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov hadisədən sonra evin tikilməsi üçün müvafiq göstərişlər verib. Ancaq baş redaktor bunu qəbul etməyib. Vasif Turan hadisəni kimlərin törətdiyini öyrənmək istəyir.
Qonşuluqda olan qaynanasının evinin qapısı qıfıllanıb. Qonşuların dediyinə görə, nəvələrinin faciəvi ölümündən sonra o, evində yaşaya bilməyəcəyini deyib: “Qızının evi onun evindən 100-150 metr aralıdadır. Hər gün bayıra çıxıb yanmış evi görmək çox çətindir. Ona görə də qapını qıfıllayıb, çıxıb gedib”.
9 yaşlı Əhmədin bəslədiyi it evin yan-yörəsində hərlənir.
Mərhum Rüfət və Əhmədin oxuduğu Qəzənfər Xalıqov adına 1 saylı orta məktəbə də getdik. Məktəbin girişində Rüfətin portreti var. Qərənfillərlə əhatələnmiş şəkildə hər iki qardaş haqqında bəzi bilgilər yazılıb. Əhmədin oxuduğu sinifə daxil oluruq. Onun oturduğu masa qara rəngə boyanıb. Iş dəftərləri masanın üstündədir. Hadisə günü, sən demə, o, riyaziyyat fənnindən beş alıbmış. Sinif rəhbəri Iradə Salmanova Əhməddən razılıq edir: “Əhməd çox yaxşı oxuyurdu. Bu ildən bizim məktəbə gəlirdilər. Ancaq hamımızın ürəyini fəth etmişdi. Dərslərə əla hazırlaşırdı. Dərs zamanı onunla heç bir çətinlik çəkmirdik”.
Məktəbin direktoru Cəbrayıl Cəfərquliyev bizimlə söhbətdə Sultanlı qardaşlarının bu ildən adıçəkilən məktəbə gəldiklərini deyir: “Hadisə baş verən gün hamımız şokda idik. Hələ də gördüklərimizə inana bilmirik. Iki övlad itirmək valideyn üçün çox ağrılı dərddir. Allah onlara səbr versin”.
Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanovla da görüşürük. O bizimlə söhbətində Vasif Turana aldığı torpağın mübahisəli olmadığını söylədi: “Biz Vasiflə çoxdan tanışıq. Onunla heç bir problemimiz olmayıb. Torpaq rəsmi qaydada satılıb. Rüsumunu ödəyib, torpağı alıb. Heç bir mübahisə-filan yoxdur”.
Ramin DEKO, Azadlıq qəzeti