“Evə 20 manatdan aşağı pul gətirsən səni yandıracağıq...”

“Evə 20 manatdan aşağı pul gətirsən səni yandıracağıq...”
Bütün Xəbərlər
12:36 07.07.2015
7169
Leyla Namazova
“Evə 20 manatdan aşağı pul gətirsən səni yandıracağıq...”
Küçələrin birindən keçərkən, tində dayanıb dilənən yaşlı qadın diqqətimi cəlb etdi. Durub bir müddət ona tamaşa etdim. Yoldan keçənlərin bəzisi ona ikrah hissi ilə baxır, digərləri isə pul uzadırdı. Qarı sakit dayanıb pul istəyirdi. 
Mən də yaxınlaşıb ona pul vermək istədim. Elə bu anda o mənə dedi: 
 -Ay qızım, saat neçədi? Bayaqdan hamı elə bilir ki, dilənçiyəm amma əslində belə deyil. Sadəcə məni evdən qovublar. Deyiblər ki, bu gün evə 20 manatdan aşağı pul gətirsən səni yandıracağıq. Sən müftəxorsan. Əlindən artıq bezmişik. Nə olsun ki, qocasan, get pul qazan. Evə də saat 10-dan tez gəlmə. Mən də saatı evdə unutduğumdan səhərdən gəlib keçəndən saatı soruşuram. Fikirləşirəm ki, bu günə az pul toplamışam, saatı da bilmirəm ki, görüm nə qədər vaxtım qalıb. Topladığım pul da 3 manatdı. Bir Allah bilir toplaya biləcəmmi o pulu ya yox. Camaat mənə pul vermir verəndə də ancaq qəpik-quruş uzadır. Səhər saat 8-dən bu tində dayanmışam. Onlara çörək pulu aparmalıyam. Yoxsa döyəcəklər məni. 
Bir az dayanıb onunla söhbət etdim. Ona dedim: -Xala, mənim pul kisəmdə olan ancaq bu 2 manatdı, ondan artığını verə bilmərəm. Amma sizin ailəniz düz etmir ki, sizi dilənməyə məcbur edib, küçələrə salır. Ağbirçək qadınsız. Niyə özləri işləmir, sizi məcbur edir? Bu 40 dərəcə istidə, başınızı gün deşə-deşə tində dayanıb dilənməyə necə razı olursuz, necə dözürsüz? Zalım o insandı ki, sizi dilənməyə məcbur edib bu yaşınızda. Ayıb olsun onlara. 
Qadın dərindən ah çəkdi: 
-Eh..... Nə edim ay qızım. Mənim taleyim də belə yazılıb. Evdən qovulub küçələrdə məskunlaşmış bir qarıyam. Dözməyib, razı olmayıb nə edəcəm. Saatı demədin. Saat neçədi? 
Bu sözdən sonra sadəcə olaraq saatı deyə bildim: - Saat 8-di. 
Allah köməyinizdə olsun. Allah zalım insanlara nəhlət etsin. Sağ olun. Pulu ona uzadıb oradan ayrıldım. Qadın uzadılmış qırış və əsən əlləri ilə məni çox kövrəltdi. Evə gələnə qədər yolboyu düşünüb özümə sual vermişəm, axı niyə uşaqlar bu qədər qəddar olur? O qadının indi evdə oturan, əzizlənən vaxtıdır. Övladları, nəvələri onun başına fır-fır fırlanıb, onu əzizləməkdənsə analarını küçələrə salıb onu alçadırlar. Lənət olsun bu cür övladlara. Onlar nə onun bəyaz saçlarına, nə əsən əllərinə, nə də ki zəhmətinə hörmət qoyub analarını küçələrə salıb diləndirirlər. Bəs vicdan? Bəs 9 ayın əziyyəti? Ömrü boyu uşaqlarına görə yaşa, onlar üçün işlə, onlara canını ver və sonda səni döyüb desinlər ki, get dilən bizə bax. Qəddarlıq sərhəd tanımır. Bu cür insanlara ana, ata yox, dilənən, onların əmrlərini yerinə yetirən qapazaltı lazımdı. Ata ana ölənə kimi övladına baxmamalıdı, övlad da ata ananın borcundan çıxmalıdır. Və o borcu necə lazımdı qaytarmalıdır. Bəs o övladlar anlamır ki, küçədən keçən insan onları ittiham edir ki, anasını dilənməyə məcbur edir. 
Sabah o qarının həyatını təkrar edə bilərlər. Hər şey təkrarlanır. Heç nə cəzasız qalmır. Yəqin ki, anlamırlar sadəcə qarın tox olsun, vəssalam. O, qadına çox acıdım. Gör onu nə ilə hədələyirlər? Bu yaşda qadını döymək, yandırmaq istəyirlər. Hələ bir müftəxor da adlandırırlar. Nə etmək olar bu ixtiyarı o özü verib övladlarına. Bu cür həyat ona xoşdur, xoş olmasa da qorxusundan dözür. Amma bu həyat deyil, cəhənnəmdi. Allah bu cür övlad və bu cür həyatı, heç kimə göstərməsin. Sadəcə yazıqlar olsun.... 
OXŞAR XƏBƏRLƏR