Əvəz Zeynallı barədə cinayət işi başlandı, ABŞ səfirliyi baş redaktoru görüşə çağırdı
Bütün Xəbərlər
17:21 25.10.2011
1447
Əvəz Zeynallı barəsində cinayət işi başlanıb. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını icra etmədiyinə görə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 306.2-ci (məhkəmə hökmünü, qərarı və digər aktı icra etməmək) maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır. Məlumatda qeyd edilib ki, məhkəmə qərarlarının vaxtında və tam icrası üzrə görülən tədbirlər bundan sonra da davam etdiriləcək.AZXEBER.COM-un məlumatına görə, Amerika səfirliyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını görüşə dəvət edib. Dəvət Ə.Zeynallının ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzaya məktubundan sonra edilib. Qeyd edək ki, Ə.Zeynallı səfirə yazdığı məktubunda cərimələri ödəmək üçün ABŞ-dan 19 min manat məbləğində borc istəyib. ABŞ səfirliyinə dəvətlə bağlı açıqlama verən Ə.Zeynallı görüşdə Azərbaycan mətbuatının problemləri və “Xural” qəzetinə olan basqılarla bağlı məlumat verəcəyini bildirib.Xatırladaq ki, “Xural” qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında 10 min, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iddiası əsasında 5 min, müğənni Nüşabə Ələsgərlinin iddiası əsasında 200 manat cəriməni ödəyə bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 min manat, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun iddiası ilə 1000 manat cərimə edilib. Qəzetin əmlakı oktyabrın 19-da Nərimanov rayon məhkəmə icraçıları tərəfindən müsadirə olunub.