Evini kirayə verənlərin diqqətinə - Vəkil riskləri açıqladı

Evini kirayə verənlərin diqqətinə - Vəkil riskləri açıqladı
SOSİAL
23:59 10.06.2026
224
Kirayə mənzillərdə baş verən cinayət hadisələri cəmiyyətdə tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir. Xüsusilə mənzilin kirayə verildiyi evdə hər hansı ağır cinayət, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya digər hüquqazidd əməl baş verdikdə, ev sahibinin məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı suallar yaranır. Bir çox hallarda vətəndaşlar hesab edirlər ki, hadisə kirayə verilən mənzildə baş verdiyinə görə ev sahibi də məsuliyyətə cəlb oluna bilər. Hüquqşünaslar isə bildirirlər ki, məsələ qanunvericilikdə daha fərqli şəkildə tənzimlənir.

Mövzu ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a açıqlamasında bildirib ki, belə hallarda əsas meyar cinayətin kim tərəfindən törədilməsi və həmin şəxsin təqsirinin sübuta yetirilməsidir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təqsirə görə məsuliyyət prinsipi açıq şəkildə təsbit olunub:

"Cinayət Məcəlləsinin 7-ci maddəsində təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutulub. Həmin maddənin 7.1-ci bəndinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən edilmiş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

Eyni maddənin 7.2-ci bəndində isə göstərilir ki, şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu o deməkdir ki, ümumi qayda olaraq, hər hansı şəxs cinayət əməlini törətməyibsə, yalnız hadisənin baş verdiyi əmlakın sahibi olduğuna görə məsuliyyət daşıya bilməz".

Vəkil qeyd edib ki, kirayə münasibətlərində də eyni hüquqi prinsip tətbiq olunur. Əgər kirayəçi mənzildə qanunazidd əməl törədibsə, həmin hərəkətə görə məsuliyyət birbaşa cinayəti törədən şəxsin üzərinə düşür.

"Kirayə verilmiş mənzildə hər hansı cinayət hadisəsinin baş verməsi avtomatik olaraq ev sahibinin məsuliyyət daşıması anlamına gəlmir. Hüquqi məsuliyyət konkret olaraq cinayət əməlini törədən və təqsiri sübuta yetirilən şəxsə aiddir. Cinayət qanunvericiliyində fərdi məsuliyyət prinsipi tətbiq olunur və hər kəs yalnız öz əməl və hərəkətlərinə görə cavabdehlik daşıyır".

Emil Aslanov vurğulayıb ki, kirayə verən şəxsin müqavilə bağlamaması və ya vergi öhdəliklərini yerinə yetirməməsi müəyyən hüquqi nəticələr yarada bilər. Lakin bu hallar ayrıca qiymətləndirilir və baş vermiş cinayət hadisəsi ilə birbaşa əlaqələndirilmir.

"Kirayə verən şəxs kirayə müqaviləsi bağlamayıbsa və ya qanunvericiliklə müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirməyibsə, həmin hallara görə inzibati və ya digər hüquqi məsuliyyət yarana bilər. Lakin bu, avtomatik olaraq cinayət məsuliyyəti demək deyil. Cinayət hadisəsinin baş verməsi ilə müqavilənin olmaması və ya vergi məsələləri ayrı-ayrı hüquqi münasibətlərdir və hər biri ayrıca qaydada araşdırılır".

Vəkilin sözlərinə görə, bəzi hallarda ictimaiyyətdə rieltorların və ya ev sahiblərinin də məsuliyyət daşıması ilə bağlı yanlış təsəvvürlər formalaşır. Halbuki qanunvericilikdə bu məsələyə aydın yanaşma mövcuddur.

"Kirayə verən şəxs və ya rieltorun yalnız mənzili kirayəyə verdiyinə görə cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulmur. Cinayət işləri üzrə məsuliyyət təqsirlilik prinsipi əsasında müəyyən edilir. Cinayəti törədən, zərərçəkmiş və digər iştirakçılar qanunla müəyyən olunur və araşdırma da məhz bu çərçivədə aparılır".

Hüquqşünas hesab edir ki, kirayə münasibətlərinin rəsmi qaydada rəsmiləşdirilməsi həm ev sahiblərinin, həm də kirayəçilərin hüquqlarının qorunması baxımından vacibdir. Bu, gələcəkdə yarana biləcək mübahisələrin və hüquqi problemlərin qarşısının alınmasına da kömək edir.
OXŞAR XƏBƏRLƏR