Əxlaqsızlığa görə bacısını qanına qəltan edən qardaş - Cinayət tarixi

KRİMİNAL
14:21 30.09.2014
2992
Yevlaxda yaşayan Musayevlər ailəsinin iki övladı olub.
Böyük övladları Ləman 1985-ci ildə, 1986-cı ildə isə Məhəmməd dünyaya gəlib.
Ailənin başçısı övladları uşaq olarkən dünyasını dəyişib. İki uşağı anaları Nərminə böyüdüb.
İlk olaraq Ləmana bir il sonra isə Məhəmmədə toy şənliyi qurulub. Bacı ilə qardaşın hərəsinin bir qız övladı dünyaya gəlib.
Lakin qurulan ailələr uzun ömürlü olmayıb. Hər iki gəlin gəldikləri yerə qayıdıblar. Məhəmmədin həyat yoldaşı ata evinə, Ləman da eyni qayda ilə öz atasının evinə, anası ilə qardaşının yanına qayıdıb.
Məhəmməd boşanandan bir il sonra Moskvaya gedib. Orada fəhləlik etməklə pul qazanan Məhəmməd 4 ay sonra Yevlaxa qayıdıb.
Evdə Məhəmməd bacısının hansısa oğlanla telefondan danışmasından şübhələnib. Məhəmmədin şübhələrini qulağına bacısının əxlaqsızlıqla məşğul olması barədə çatan şayiələr daha da artırıb. Bacısına yaxınlaşan Məhəmməd ona “eşitdiyimə görə əxlaqsızlıqla məşğul olursan, məni biabır edirsən” sözlərini deyib.
Lakin Ləman “sən yalan deyirsən, mən heç kimlə danışmıram və heç kimlə də görüşmürəm, sən get öz arvadına sahib dur”, - deyə cavab verib.
Bu cavabdan sonra Məhəmməd bacısına inanıb və bir daha onu bu məsələ ilə narahat etməyib. Rusiyadan gətirdiyi pulları xərcləyib qurtarandan sonra Məhəmməd yenidən Moskvaya gedib.
Fevralda Moskvaya gedən Məhəmməd iyul ayında evinə qayıdıb. Anası, bacısı ilə görüşəndən sonra o, keçmiş qayınatasıgilə gedərək qızı ilə görüşüb.
Rusiyadan gəldiyi günün səhəri təsadüfən bacısının bir oğlanla telefonla danışmasını eşidib. Evdə onlardan başqa anası və bacısının qızı da olub. Ləmanla rahat söhbət etmək üçün o, yalandan ürəyinin ağrıdığını deyərək anasından ona aptekdən dərman almasını xahiş edib. Məhəmməd bir manat da artıq verərək anasından bacısı qızı üçün top almasını xahiş edib.
Nənə ilə nəvə evi tərk edəndən sonra Məhəmməd bacısına yaxınlaşıb. O, Ləmandan telefonla kimlə danışmasını soruşub. Ləman cavab verməyəndə Məhəmməd ondan telefonu ona verməsini tələb edib. Ləman telefonu verməkdən imtina edib. “Yaxşı edirəm, sən mənim işimə qarışma, məni yığmısan boğaza, subay qadınam, pozğunluq edirəm özüm üçün, sənə nə, sən get öz arvadına sahib çıx”, - deyə qardaşına cavab verib.
Cavabdan əsəbiləşən Məhəmməd Ləmana bir sillə vurub, daha sonra isə bıçaqla bacısına çoxlu sayda zərbə endirib.
Qanlı bıçağı da özü ilə götürən Məhəmməd Musayev Yevlax rayon Polis şöbəsinə gələrək könüllü təslim olub.
Nərminə nəvəsi ilə evə gələrkən evin qapısı açıq olub. Evə daxil olanda isə qızının al-qanın içində evin ortasında uzanmış meyitini görüb. Nərminə nənə qışqırmağa başlayan zaman evə polislər daxil olub. Onlar anaya qızını oğlu tərəfindən qətlə yetirildiyini bildiriblər.
İşin istintaqını aparan prokurorluq Məhəmməd Musayevin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib. Cinayət işinin istintaqı yekunlaşandan sonra iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edəndən təqsirləndirilən şəxsin ifadəsi dinlənilib. Məhəmməd hadisəyə səbəb kimi bacısının əxlaqsızlıqla məşğul olmasından şübhələnməsini deyib. Bu şübhələri məhəllədə qulağına çatan şayiələr də təsdiqləyib. Lakin faktiki olaraq bacısını heç bir oğlanla bir yerdə tutmayıb. Hadisənin başvermə anını belə danışıb.
“Ləmandan telefonunu tələb edən də o, özünə haqq qazandıraraq yataq otağında olan güzgülü siyirmənin üstünə qoyduğu cib bıçağını götürdü. Bacım bıçaqla ikimizə də xəsarət yetirəcəyi ilə hədələdi. Ondan bıçağı aldım. Həmin vaxt əsəbi olmuşam.
Bacımın əxlaqsız davranışından qısqandığım üçün bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vurdum. Ləmana qısa müddət ərzində bir neçə dəfə vurdum ki, tez ölsün, əziyyət çəkməsin”.
Prosesdə zərərçəkən şəxs qismində ifadə verən təqsirləndirilən şəxsin və mərhumun anası Nərminə Nuriyeva bildirib ki, qızını itirdiyi halda, oğlunu da itirmək istəmir. Ana məhkəmədən oğluna güzəşt olunmasını xahiş edib.
Məhkəmə prosesində hakimlər bütün halları nəzərə alaraq Məhəmməd Musayevi elan edilmiş ittihamla təqsirli bilib, ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin ediblər.

OXŞAR XƏBƏRLƏR