'Əziz müəllimlər! Allah xətrinə insaflı olun, düzgün olun, ədalətli olun'

Bütün Xəbərlər
22:16 23.04.2012
2181
“Azərbaycan təhsilinin belə bir vəziyyətə gəlməsində bir çoxlarının günah payı var. Bu sektorda çalışan insanlardan tutmuş öz övladını rüşvət hesabına bilikdən, savaddan yayındırmağa çalışan valideynlərə qədər. Saxta müəllimlərdən tutmuş öz gələcəyini təhlükələr altına qoyan savadsız tələbələrə qədər”
Azərbaycan Demokratik Maarifçilik Partiyasının mətbuat xidmətinin AZXEBER.COM-a verilən məlumata görə bu fikirləri partiya sədri Elşən Musayev rəhbərlik etdiyi təşkilatın “Təhsil və günümüzün reallıqları” mövzusuna həsr etdiyi tədbirdə söyləyib. Bir çox siyasi fəalların, o cümlədən QHT və media nümayəndələrinin da iştirak etdiyi dəyirmi masada Elşən Musayev daha sonra çıxışında bildirib ki, yaşadığımız həyatda bütün mənəvi dəyərlər təhsil üzərinə köklənib: “Çünki bünövrə odur, onun üzərindən hörülməyən, ilmələnməyən hər şey boşdur, kasaddır, əbəsdir. Təhsil bir millətin bu gününün, gələcəyinin onurğa sütunudur, onun sabah adına güvəndiyi ən ciddi dayaq, istinad nöqtəsidir, istehkamdır. Təhsilsiz həyat yoxdur. Ən azından normal həyat yoxdur və hər kimsə təhsildən imtina edirsə əslində o özündən imtina etmiş kimi bir durumdadır. Unutmaq lazım deyil ki, oxumadan yaratmaq , düşünmək, fikir yürütmək, səviyyə sahibi olmaq, bir yerlərə yetişmək mümkünsüzdür. Harda ki təhsil yoxdur, orda cəhalət işartıları var.Çox dəyərli tədbir iştirakçıları!Digər bir təəsüfedici hal isə odur ki, bu gün sanki cəmiyyətin özündə təhsilə qarşı biganəlik hissi hökm sürür. Hər kəs ali məktəb bitirib diplom almağa həvəslidir, amma savad sahibi olub gerçək bir kadr kimi özünü göstərməyə yox. Bu son dərəcə qəribə və anlaşılmayan bir sindromdur. Biz bəlkə də yeganə məmləkətik ki, burda valideynlər öz övladlarının savadı ilə deyil, onların hansı ali məktəbi bitirmələri ilə qürrələnirlər. Amma güman ki, onlar bu cür düşündüyündə bir savadsız həkimin, hüquqşünasın cəmiyyətə və ümumilikdə bəşəriyyətə bəxş etdiyi fəlakətləri, faciələri də unutmuş olurlar. Amma inanın, həmin faciələr qaçılmazdır.Yəqin bu masada oturan çoxları xatırlar, bir müddət öncə çox hörmətli Ramiz Mehdiyev təhsil sahəsindəki nöqsanlarla bağlı geniş bir məqalə ilə çıxış edərək öz irad və məsləhətlərini bildirdi və xüsusən bir nüansa diqqət cəlb etdi ki, biz Bakı Dövlət Universitetinin hüquq fakültəsnin tələbələri arasında bir nəfər ciddi kadr tapa bilmirik ki, Administrasiyaya işə qəbul edək. Yəni dediyim odur ki, məsələ ilə bağlı ən yüksək səviyyədə ciddi narahatlıq ifadə olunub və davamlı şəkildə də ifadə olunmaqdadır.Bu gün bir sıra məktəblər hələ də “süpürgə pulu”, “tabaşir pulu”,“silgi pulu”,”bayram pulu” sindromundan azad ola bilmir. Valideynlər öz övladlarının kiminsə yanında əksik, gözü kölgəli duruma düşməmələri üçün bəzən bu sindromu görməzdən keçirlər, həzm etməli olurlar. Amma nəticə olaraq bir məqamı diqqətdən qaçırırlar ki, pul alanın məsuliyyəti birdirsə, onu verənin məsuliyyəti ikidir. Cinayət qanunvericiliyini bir kənara qoyuram, ən azından mənəvi anlamda bu qədər böyük bir günahin altına girmək olmaz. Çünki bunun bədələni hər birimizin evində böyüyən övladlar ödəməli olacaqlar. Buna kimsə şübhə etməsin!Dəyərli dostlar!Baxın nə qədər məktəb direktoru cəzalandırıldı, nə qədər insan məsuliyyətə cəlb edildi. Bütün bunlar dövlətin tənbeh rıçaqlarıdır. Amma ortadakı neqativ halları aradan qaldırmaq üçün dövlətə güc verməyin bir qolu da bizlərik, sizlərsiniz, təhsil sektoru ilə hər hansı bir şəkildə bağlı olan Azərbaycan vətəndaşlarıdır!Və əmin olun ki, o dövlət, o hakimiyyət sizlərin yanındadır, sizi müdafiə edir, sizlərə güvənir. Yox əgər hər hansı bir müəllim ya da məktəb direktoru bütün bunlardan nəticə çıxarmırsa, özü üçün görk götürmürsə bu o deməkdir ki, hələ çox qulaqların dibində şapalaq yeri varƏzizlərim!Bu gün Azərbaycan Prezidentinin yürütdüyü siyasətin ən önəmli qollarından, prioritetlərindən biri də məhz Azərbaycan gəncliyinin rifahı və uğurlu inkişafıdır. Cənab Ilham Əliyev öz çıxışlarında da dəfələrlə söyləyib ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Azərbaycan məktəblisi, tələbəsi, keyfiyyətli təhsil almalıdır. Çünki Azərbaycan gəncliyi bu ölkənin gələcəyi adına ən qiymətli xəzinədir, insan resursudur. Onların necə təhsil alması isə həm də millətin gələcəyinin necə olması deməkdir.Odur ki, həm bu siyasətə dəstək olaraq, həm də üzümü mətbuat vasitəsi ilə cəmiyyətin bütün ziyalı sektoruna tutaraq səslənirəm: Lütfən övladlarınızın təhsilinə biganə qalmayın, onların timsalında Azərbaycanın gələcəyini kor etməyin!Əziz müəllimlər! Allah xətrinə insaflı olun, düzgün olun, ədalətli olun. Tanrı sizə bir insanı bədbəxt və xoşbəxt edə bilmək kimi bir imkan tanıyıb. O imkanı gələcəyimizin xoşbəxtliyinə xərcləyin. Buna hal-hazırda heç bir zaman olmayan qədər ehtiyac var.Vətəndaş cəmiyyətinin dəyərli nümayəndələri, ictimai-siyasi sektorun fəalları! Sizlərin də üzərində böyük bir məsuliyyət yükü var. Ən azından maarifləndirmə sahəsində icra edə biləcəyniz işlərin miqyası böyükdür. Lütfən biliyinizi və bacarığınızı əsirgəməyin.Nəhayət çıxışımın sonunda bir nüansa toxunmaq istəyirəm ki, təhsil son dərəcə böyük sektordur və həmin sektorda səlahiyyətlərin bir əldə cəmlənməsinin özü də yaxşı perspektiv vəd etmir. Məsələyə bu konteksdən yanaşaraq bir neçə gün öncə həmin səlahiyyətlərin bir neçəsinin Təhsil nazirliyindən alınıb TQDK-ya verilməsini də son dərəcə təqdirəlayiq hal kimi qiymətləndirirəm. Ayrıca, heç şübhə etmirəm ki, çox hörmətli Məleykə xanımın rəhbərlik etdiyi qurum qarşılarına böyük bir məsuliyyət yükü qoyan bu vəzifələrin öhdəsindən də layiqincə gələcək”.
OXŞAR XƏBƏRLƏR