'Facebook'da şeir yazıb camaatı işarələyənlər - KÖŞƏ

KÖŞƏ
16:07 23.04.2012
2441
Elmin HƏSƏNLİ Mənə ən çox verilən suallardan biri budur: “Niyə saqqal saxlayırsan?” Ardınca da soruşurlar: “Namaz qılansan?” “Rəhmətə gedən var?” Saqqal saxlamaq üçün mütləq dindarmı olmalıyam? Mütləq kimsə rəhmətə getməlidir? Ola bilməzmi ki, mənim stilim bu cür olsun? Azərbaycanda qızlar zövqlə geyinirlər, özlərinin stili var. Amma oğlanlarımız təəssüf ki, zövqsüzlükdən əziyyət çəkirlər. Hələ son zamanlara kimi saçı yandan ayırmaq (el arasında baltalamaq deyirlər) dəbdə idi. İndi də bu cür edənlər var. Hələ mən qırmızı ayaqqabı məsələsinə girmirəm. Zövqsüz geyinməyin bir səbəbi var - dünya görüşünün aşağı olması. Azərbaycanda saqqal saxlayanlar ya dindarlardı, ya da sadəcə, tənbəllikdən, vaxt yoxluğundan üzünü qırxmayanlar. Tiflisə çoxunuzun yolu düşüb. Ya da gedəndə orda oğlanların necə gözəl saqqal saxladıqlarının şahidi olacaqsınız. Bu, bir dəbdir. Burda qeyri-adi heç nə yoxdur. Saqqal saxlamaq üçün rəssam, rejissor, şair, dindar olmağa ehtiyac yoxdur. Köşə yazarlığı haqda Mən köşə yazarı deyiləm. Bunu əvvəldən deyirəm ki, üzərimə hücum çəkməyəsiniz, ey pusquda duran adamlar. Sadəcə, arada bəzi şeyləri yazmağa ehtiyac görürəm. Köşə yazarlığı haqda buddavari fikirlər yazmaq iddiasından da uzağam. Ancaq bizdə hər şey urvatdan salındığı kimi bu sahə də urvatdan salınıb. Söhbət təkcə köşə yazarlığı statusuna çatmayan adamların yazmasından getmir. Söhbət həm də köşə yazarı statusunu almış adamların hər gün yazmağından və bununla da sözünü, özünü qiymətdən salmasından gedir. Türkiyə mətbuatını daim izləyən birisi kimi deyirəm: hər gün köşə yazmaq mümkündür. Qonşu ölkə mətbuatında belələri var. Ancaq məsələ burasındadır ki, Türkiyə böyük ölkədir, hadisələrlə zəngindir. Orda hər gün yazmağa nəsə tapılır. Azərbaycanda isə siyasi proseslər zəif olduğuna görə hər gün yeni nəsə yazmaq (söhbət həm də yaxşı yazmaqdan gedir) mümkün deyil. Mən şəxsən Azərbaycanda hər gün yazan yazarları oxuya bilmirəm. Eyni şeyi nə qədər yazmaq olar? Təkrar-təkrar. Şablon cümlələr. Eyni hədəflər. Yeni heç nə yoxdur. Maraqlı heç nə yoxdur. Azərbaycanda hər gün maraqlı nəsə yazmaq mümkün deyil. “Rüşvətə yox deyə bilməyənlər, siqaretə yox deyirlər” kimi cümlələri oxumaqdan bezdik.Şeir müsabiqəsi “Azadlıq” radiosu şeir müsabiqəsi keçirir. Çox gözəl. Ancaq yaxşı şeirləri hansı prinsiplə seçir münsiflər? Ümimiyyətlə, şeir daha çox zövqlə seçilən janr deyilmi? Əlbəttə, dünya ədəbiyyatının, eləcə də Azərbaycan ədəbiyyatının çox gözəl şeir nümunələri var. Hamı o şeirləri oxuyur, bəyənir, əzbərləyir. Ancaq, məncə, şeir daha çox ovqat məsələsidir. Ovqatların müsabiqəsi necə olur? Üstəgəl, özünü şair kimi təsdiq edən adamların belə müsabiqəyə qatılması da anlaşılan deyil. Anlayan olsa, mənə da anlatsın.Çeynənən mövzular: - Ədəbiyyatda nəsillər arasında qarşıdurma. - Ədəbiyyatda açıq-saçıqlıq. Elə bir qəzet, televiziya, radio, portal qalmayıb ki, bu mövzuları müzakirəyə çıxarmasın. Hələ də bəzi jurnalistlər bu çeynənmiş iki mövzu haqda yazıçılara suallar verirlər. Bəsdirin!Ən məşhur sovet klişeləri - 60 manata Moskvaya gedib bir həftə gəzirdik. - Otuz qəpiyə universitetdə yemək yeyirdik. - Hər il Kislovodskiyə istirahətə gedirdik. - 3 aylıq maaşımı yığsaydım, maşın alardım. - Sovet təhsil sistemi dünyada ən mükəmməl təhsil sistemiydi. Bütün kəndlərdə kitabxanalar var idi. Hamı kitab oxuyurdu. - İşsiz adam yox idi. - Sovet höküməti hamıya ev verirdi.Adamı bezdirənlər: - Facebookda şeir yazıb camaatı işarələyənlər. - Metroda yaxınlaşıb: “Al bu 20 qəpiyi, məni də keçirt” deyənlər. - Təzə sözü olmamasına baxmayaraq danışanlar.
OXŞAR XƏBƏRLƏR