Bakı Tikiş Evi dələduzluq əməllərində ittiham olunur
Redaksiyamıza daxil olan məlumatları əsas götürərək biz ötən saylarımızdan birində dərc olunmuş materialda bildirmişdik ki, bir müddət əvvəl ölkə mətbuatına verdiyi müsahibələrində saxta məktəbli forması istehsalı ilə məşğul olan sex sahiblərinin fırıldaqlarını ifşa edən Bakı Tikiş Evinin rəhbəri Fədail Rəhimov özü də dələduzluq əməllərində ittiham olunurdu.
Bu ittihamı irəli sürən şəxs isə tikiş evinin keçmiş işçisi Nərminə Məmmədova idi. Öz ərizəsində N.Məmmədova iddia edirdi ki, onun hazırda yaşadığı Nəsimi rayonu, Cavadxan küçəsi ev 64-də yerləşən 29 saylı mənzil fabrik rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq kənar şəxslərə satılmışdır.
Xatırlayırsanızsa hələ ötən il Milli Məclisin bir neçə deputatı tərəfindən Bakı Tikiş Evinin fəaliyyəti kəskin tənqid atəşinə tutulmuşdu. Xüsusilə məktəbli formalarının keyfiyyətindən narazılıqlar olduğunu bildirən YAP-ın Nəsimi təşkilatının sədri, deputat Məlahət İbrahimqızı qeyd etmişdi ki, satışda olan məktəbli formalarının tikildiyi parçanın tərkibi əsasən sintetik materiallardan ibarətdir: “Hazırkı məktəbli forması revmatizm mənbəyidir. Qışda balaca, məktəb yaşlı uşaqlar soyuqdan, yayda isə istidən əziyyət çəkəcəklər. Ona görə məsələyə diqqət etmək lazımdır”.
Lakin tənqidə qarşı dözümsüzlüyü ilə seçilən F.Rəhimov o zaman da deputatların iradlarını rədd edərək bildirmişdi ki, belə ittihamların müəllifləri Bakı Tikiş Evinin işinə kölgə salmaq istəyirlər və özlərinin maraqlarından çıxış edirlər: “Biz bizneslə yox, keyfiyyətli istehsalla məşğul oluruq. Bu malın istehsalında bizim cəmi 5 faiz gəlirimiz olur. Heç bir bahalıqdan söhbət gedə bilməz. Biz xammalı Çindən deyil, Türkiyədən alıb gətiririk. Əgər bizim geyimlər keyfiyyətsizdirsə, onda niyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mallarımıza sertifikat verirdi? Bu sertifikatı bizim mallara elə-belə verməyiblər, dəfələrlə yoxlamalardan keçiblər. Hesab edirəm ki, Bakı Tikiş Evinin məhsullarının keyfiyyətsizliyi barədə deyilənlər boş-boş sözlərdir”.
Beləliklə də millət vəkillərinin iradlarını cəfəngiyyat adlandıran F.Rəhimov hər ehtimala qarşı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini də ona dəstək olmağa dəvət etmişdi. Bir müddət sonra isə elə Bakı Tikiş Evinin təşəbüsü ilə də bir-iki “saxta” məktəbli forması istehsal edən sex aşkarlanmışdı. Lakin yayılan məlumatlarda Bakı Tikiş Evinin rəhbərliyini məhz həmin “aşkarlanmış” sexlərlə işbirliyində olması iddia olunur. Bəzi qaynaqlar belə bir fikir irəli sürdülər ki, bir müddət davam edən əməkdaşlığın sonunda Fədail Rəhimovla sex rəhbərliyi arasında maraq ziddiyyətlərinin yaranması bir tərəfdən və keyfiyyətsiz formalara görə məsuliyyətdən yaxa qurtarmaq zərurəti də digər tərəfdən F.Rəhimovu öz tərəfdaşlarını ələ vermək məcburiyyəti qarşısında qoymuşdu. Məhz bu səbəbdən də Tikiş Evinin öz tərəfdaşlarını cəzalandırdığı iddia olunur. Təbii ki, müəssisənin rəhbərliyi bu iddiaları təkzib edə bilər. Lakin artıq qeyd olunduğu kimi Fədail Rəhimovun fabrikin keçmiş işçilərinə məxsus mənzillər ətrafında müxtəlif maxinasiyalara yol verməsi faktı artıq onun peşə fəaliyyətində də qüsursuz olmadığını düşünməyə ciddi əsaslar verir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, saxta forma istehsalçıları ilə Bakı Tikiş Evinin rəhbərliyinin hər hansı bir əlaqədə olduğu barədə ittihamlarda biz israrlı deyilik. Digər tərəfdən isə əlimizdə bu iddiaları təkzib edəcək heç bir informasiya da yoxdur.
Mövzuya qayıdacağıq.
//”Bizim Dövr” qəzeti