Tofiq AbbasovPolitoloq, "Baku Post" qəzetinin baş redaktoruErmənistanda illərlə yaşanan demoqrafik tənəzzül siyasi rəhbərliyi qayğılandırmadığı halda, yolunu azmış bir erməni əsgərin öz ayağı ilə Azərbaycan tərəfə keçməsini İrəvan qlobal fəlakət kimi qəbul edir.
Əslində, Akop İnciqulyan heç yolunu azmayıb. O, könüllü şəkildə Azərbaycana pənah gətirib və bunu öz açıqlamasında etiraf edib. Erməni mətbuatının yazdığına görə isə o, təsadüfən Azərbaycan tərəfinin nəzarətində olan ərazidə peyda olub və ona görə də, Beynəlxalq Qırmızı xaç Komitəsinin vasitəçiliyi ilə vətəninə qaytarılmalıdır.
Azərbaycan tərəfində səlahiyyətli instansiyaların nümayəndələri, həmin Qırmızı xaç Komitəsinin təmsilçiləri təşviş qaldırmadan bildirirlər ki, azğın əsgər normal şəraitdə saxlanılır və o, hələ ki, hara getmək istədiyini müəyyən etməyib. Yəni, iki variant var – ya geri, Ermənistana dönmək, ya da xaricə, üçüncü dövlətə müraciət edib sığınacaq istəmək.
İnsidentlə bağlı Azərbaycanda heç bir qaranlıq məqam yoxdur və ola da bilməz. Çünki birinci dəfə deyil ki, erməni əsgəri könüllü şəkildə qulluq etdiyi hissədən qarşı tərəfə keçib sığınacaq istəyir. Hətta bu cür hallar bir neçə dəfə qrup şəklində baş verib. Keçənlərin sayından asılı olmayaraq, Azərbaycan beynəlxalq hüquqi norma və qanunların müvafiq bəndlərini rəhbər tutaraq, lazımi tədbirlər görüb qaçqın əsgər və qulluqçuları ya təhvil verir, ya da beynəlxalq strukturların iştirakı ilə Ermənistana qaytarır.
Olub ki, azərbaycanlı hərbi qulluqçular da düşmən ərazisində ya əsir götürülüb, ya da azıb qarşı tərəfə keçiblər. Bu kimi hadisələr baş verdikdə dara düşənlərin vəziyyətində əks mənzərə baş verir. Adətən, erməni əsgərlər aclıqdan, “dedovşina” kimi tanınan vəziyyətdən baş götürüb, hətta ölümün pişvazına çıxırlar ki, təki hərbi qulluğun dəhşətindən xilas olsunlar. Bir qayda olaraq, erməni əsgərlər ac-yalavac və biabırçı vəziyyətdə Azərbaycan tərəfində tapılırlar. Oradakı qulluğun hansı qaydalarla ərsəyə gəlməsini bütün çılpaqlığı ilə aşkar edir, heç gizlətmirlər də. Əksər hallarda onlar zəlil günə salınmış vətənə qayıtmaqdan imtina edib, hara gəldi üz tuturlar.
Azərbaycanlı əsgərlər isə azdıqda normal fiziki və mənəvi durumda olduqlarından əsirlikdə olmazın əzab-əziyyəti, təzyiq və hədələri ilə üzləşir, üzgün vəziyyətə düşürlər. Bu da artıq ənənəyə çevrilib. Ermənilər insanlıqla davranmaq normalarına məhəl qoymadan azərbaycanlı əsirləri məfrəq, şikəst, əlil vəziyyətə salmaqdan sanki həzz alırlar.
Akop İnciqulyanın üst-başı lap dəhşət doğuran səviyyədə idi, burada geyindirilib, sahmana salınıb. Amma İrəvan hay-küy qaldırıb bütün baş verənləri ictimaiyyətə əks formada çatdırır və əsgərin Azərbaycan tərəfə guya azaraq keçdiyini iddia edir. Əslində, İrəvan qabaqdangəlmişlik edir ki, fərarilik etmiş hərbi qulluqçunu demaqogiya vasitəsi ilə geri alıb dərsini versin. Özü də indiki məqamda Ermənistan balaca məsələdən fil düzəltməyə çalışır. Məqsəd beynəlxalq təsisat kanalları ilə Bakıya təzyiq göstərilməsinə nail olmaqdır.
Lakin bu, alınan iş deyil. Azərbaycan tərəfi humanistlik normalarına üstünlük verməklə məsələni fərarilik etmişin özündən eşitmək istəyir ki, problemi məntiqi sonluğa çatdırsın. Ermənistanın hay-harayı heç nəyi dəyişməyəcək. Milçəkdən fil düzəltmək istəyi də havada qalacaq. Çünki məsələ lokaldır. Onun üzərində qurulan sensasiya blefdən başqa bir şey deyil.