Cənubi Qafqazın hər üç respublikası müstəqillik əldə etdikdən sonra hər biri özünün fərdi inkişaf yolunu seçib.
Təəssüf ki, bu yollar bir-biri ilə bəzən ziddiyyətdədir və Cənubi Qafqaz nə siyasi, nə iqtisadi, nə də mədəni inteqrasiya baxımından mükəmməl regiona çevrilə bilib.AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov ABŞ-ın Prinston Universitetində (LISD) təşkil edilmiş dəyirmi masada “Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr” mövzusunda çıxışında deyib.O deyib ki, pozitiv nümunə kimi Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığı göstərmək olar:“Belə ki, son iyirmi il ərzində ölkələrimiz arasında sağlam, qarşılıqlı faydalı və asılılıq prinsipinə söykənən münasibətlər formalaşıb. Azərbaycan özünün əsas neft və qaz kəmərlərini Gürcüstan ərazisindən çəkib, burada dəmir yolu xətti inşa edir və bu ölkənin iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyub.Hazırda bütün region maliyyəsinin 80%-i Azərbaycanda cəmləşib və Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun 76%-i dövlətimizin payına düşür”.SAM direktoru deyib ki, Azərbaycan bütün diqqətini müstəqil dövlət quruculuğuna yönəldib və bu sahədə Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə, bu ölkəyə sərmayələr qoymaqla onun real müstəqilliyinə şərait yaradır: “Lakin regionun üçüncü dövləti – Ermənistan yürütdüyü təcavüzkar siyasət nəticəsində özünü regional inteqrasiya proseslərindən tədric edib. Azərbaycan ərazisinin 20%-ni işğal etməsinə, Dağlıq Qarabağda və ona ətrafında yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirməsinə görə Azərbaycan və Türkiyə təcavüzkar dövlətlə olan sərhədlərini bağlamalı olub. Əlbəttə, Cənubi Qafqazın qonşu dövlətlərinin və dünyanın güc mərkəzlərinin regiona öz baxışları var. Lakin bu heç də o demək deyildir ki, Cənubi Qafqaz ölkələri dünyanın böyük və güclü dövlətlərinin iradələrinin müti icraçıları olmalıdırlar. Hər halda, Azərbaycan və Gürcüstan inkişaf yollarını özlərinin milli maraqlarına uyğun formalaşdırmaqda qərarlıdırlar”.F.Məmmədov deyib ki, Azərbaycan və Gürcüstanın inkişafı bu ölkələrin ərazilərində baş verən münaqişələr və onların bir hissəsinin işğalı ilə müşayiət edilir:“Biz bütün geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmuşuq və irəlidəki onillikləri hədəfə götürən inkişaf baxışlarımızı formalaşdırırıq. Lakin bu sözləri iqtisadi inkişafını hətta 2008-ci il səviyyəsinə çatdıra bilməyən Ermənistan haqqında deyə bilmərik. Bundan başqa, Ermənistan dövlətinin hərbiləşdirilməsi maksimal həddə çatıb. Hərbi büdcə Ermənistanın ÜDM-nin 5,5% artıqdır”.SAM direktorunun sözlərinə görə, Cənubi Qafqaz yalnız o şərtlə iqtisadi cəhətdən inkişaf etmiş güclü regiona çevrilə bilər ki, buradakı münaqişələr tənzimlənsin və region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlər qurulsun. Cənubi Qafqazdakı münaqişələr regional təhlükəsizliyə qarşı əsas təhdidlərdir və bütün bölgənin asılı vəziyyətə salınmasına şərait yaradır:“Digər tərəfdən, regionda yarımçıq qərarlar, məsələn, ABŞ-ın dəstəklədiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması kimi səylər həyata keçirilməməlidir. Bu təşəbbüs səmərəsiz olub. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb. Zəbt olunan ərazilər geni qaytarılmayana qədər sərhədlərin açılması mümkünsüzdür. Bu hərəkət təcavüzkar dövləti cəzalandırmağın yeganə formasıdır. Əks təqdirdə, Ermənistan özünün cazasız qalmasına daha da əmin olacaq. ABŞ-ın bu addımı onun Azərbaycandakı imicinə ciddi ziyan vurub. Belə ki, Azərbaycan əhalisi ABŞ-ın Gürcüstana münasibətdə Cənubi Osetiya və Abxaziyada baş verənləri “təcavüz” adlandırdığını, lakin Dağlıq Qarabağa dair birmənalı və praktiki addımlar atmadığını aydın görür”.F.Məmmədov terrorçuluğun, dini fundamentalizm və digər qlobal tendensiyaların region üçün təhdid olduğunu deyib:“Münaqişələrin nizamlanması bu təhdidlərə qarşı daha səmərəli fəaliyyət üçün şərait yarada bilər. Nə qədər ki, regionda Dağlıq Qarabağ kimi silah, narkotik maddələr istehsal edən digər qanunazidd fəaliyyətlə məşğul olan nəzarətsiz zonalar var, biz Cənubi Qafqazın təhlükəsiz region olduğunu deyə bilmərik.Bizim üçün vacibdir ki, Cənubi Qafqazın qonşuları və dünyanın güc mərkəzləri regionun münaqişədən sonrakı dövrünün mənzərəsi haqqında təsəvvürlərə malik olsunlar. Azərbaycan və Gürcüstan bütün regionun inkişafını və Cənubi Qafqazda sülh və təhlükəsizliyə təminatı məqsəd götürən aydın xarici siyasət həyata keçirirlər”. SAM direktoru deyib ki, Azərbaycan bu illər ərzində regionda öhdəsinə götürdüyü bütün layihələri reallaşdırmaqla özündə məsuliyyətli tərəfdaş obrazını formalaşdırır:“Biz ABŞ, Türkiyə, İsrail, Gürcüstan, Yunanıstan, İtaliya kimi müttəfiqlərin enerji təhlükəsizliyinin təminatçısıyıq. NATO-nun yük və təyyarələri, bütövlükdə Əfqanıstana göndərilən yüklərin 40%-i Azərbaycanın hava məkanından keçir. Bununla yanaşı, bizim ABŞ ilə məhsuldar qarşılıqlı münasibətlərimiz Mərkəzi Asiya dövlətləri üçün nümunə ola bilər”.