Fərid Şahbazlı: 'Əkrəm Əylislinin əsəri millətə xəyanətdən, satqınlıqdan və erməni sevgisindən 'doğulub''

GƏNCLİK
21:26 06.02.2013
1965

Yazıçı Əkrəm Əylislinin bu günlərdə Moskvada “Drujba narodov” nəəşriyyatı tərəfindən dərc olunan “Daş yuxular” romanına etirazlar səngimir. Azərbaycan xalqının milli heysiyyatının təhqir olunduğu əsərə cəmiyyətin bütün təbəqələrindən olan insanlar sərt reaksiya verirlər.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının sözlərinə görə, hələ bir neçə il əvvəl yazılan romanın Əkrəm Əylisli tərəfindən məhz indi dərc olunmasını təsadüf hesab etmir: “Birmənalı qaydada, demək olar ki, “Daş yuxular” romanı vətənə, millətə xəyanətdən, satqınlıqdan və erməni sevgisindən “doğulub”. Digər tərəfdən bu əsərin yazılmasından bir neçə il sonra, məhz indi dərc olunması isə təsadüfi deyil və xeyli qaranlıq məqamlardan xəbər verir. Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ reallıqlarının, ermənilərin xalqımızın baş gətirdiyi faciələrin təbliğatının dünya miqyasında sürətlə vüsət aldığı bir məqamda bu əsərin dərc olunmasında heç şübhəsiz ki, ölkəmizə düşmən mövqeyində olan ermənipərəst qüvvələrin rolu olmamış deyil. Bu bir sifarişdir və bəzi qüvvələr Əkrəm Əylislinin xəyanətkarlığından istifadə edərək Azərbaycana zərbə vurmağa, dünyada xalqımızın qəddar obrazını yaratmağa çalışır. Əkrəm Əylislinin bu əsərinə ölkə ictimaiyyətinin reaksiyası tam adekvatdır və heç bir səbəb yazıçının bu addıma haqq qazandıra bilməz. Çünki Azərbaycan dövləti və xalqı tarix boyu erməni təcavüzündən, vəhşiliyindən əziyyət çəkib və bütün tarixi faktlar bunu sübüt edir”.

Fərid Şahbazlı eyni zamanda ölkədəki bəzi qüvvələrin bütün millətin təhqirinə yönələn bu məsələdə belə Əkrəm Əylislini müdafiə etməsinə münasibət bildirib: “Gün kimi aydındır ki, bu adamlar Azərbaycan xalqının və dövlətinin əleyhinə olan hər şeyi və hər kəsi dəstəkləyirlər. Bu isə öz ölkəsinə, millətinə qarşı düşmən və xəyanətkar münasibətdən başqa bir şey deyil”.

OXŞAR XƏBƏRLƏR