"Nardaranda baş verən hadisələr birmənalı olaraq Azərbaycanın bütün dünya tərəfindən heyranlıqla qarşılanan dünyəvi dövlət modelinə yönəlik qəsd cəhdidir". Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı "Kaspi" qəzetinə açıqlamasında Bakının Nardaran qəsəbəsində son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Nardaran qəsəbəsini uzun zamandır özlərinin qanunsuz və təxribatçı əməllərinin ünvanına çevirən qüvvələr bu dəfə də özünün peşə borcunu yerinə yetirən Azərbaycan polisinə silahlı müqavimət göstərməklə əsl niyyət və mahiyyətlərini növbəti dəfə ortaya qoydular:
"Azərbaycan demokratik əsaslar və hüquqi dəyərlərlə idarə olunan ölkədir. Kimliyindən asılı olmayaraq, Azərbaycandakı sabitliyi pozmağa çalışan, dövlətin hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərən hər kəs qanunlar qarşısında cavab verəcək. Din pərdəsi altında Azərbaycanı müxtəlif xarici dairələrin poliqonuna çevirməyə çalışan, onların göstərişi ilə ölkədə terror aktı törətmə, dövlət çevrilişinə cəhd və şəriət qanunları ilə idarə olunan dövlət qurma cəhdlərində bulunan hər kəsin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır".
F.Şahbazlı vurğulayıb ki, Azərbaycanda insanların ibadət etməsi üçün bütün imkanlar yaradılıb, ölkəmiz dini tolerantlıq nümunəsi ilə bütün dünyaya örnəkdir: "Lakin, dindən siyasi məqsədlər üçün istifadə edilməsi, hətta kiçik yaşlı uşaqların qanunsuz fəaliyyətlərə cəlb edilməsi birmənalı şəkildə yolverilməzdir. Bu mənada Azərbaycan gəncliyi hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində qanunun aliliyini qorumaq, radikal ekstremist cinayətkar dəstənin qarşısını almaq üçün həyata keçirdityi xüsusi əməliyyatı tamamilə dəstəkləyir".