“”Facebook” sosial şəbəkəsində 27 fevral tarixinin tələbələrin boykot günü – “Tələbə etirazı günü” kimi elan edilməsi bir qrup uğursuz şəxsin bekarçılıqdan doğan özfəaliyyətidir və əlbəttə ki, heç bir nəticə verməyəcək. Tələbələri etiraza, qanunları pozmağa çağıran, özləri isə hətta adlarını yazacaq cəsarətdə olmayan bu adamların gənclərimizi özləri kimi təhsilsiz, məsuliyyətsiz, özünün və ölkəsinin taleyinə biganə görmək arzuları gözlərində qalacaq. Bu aksiyanın Azərbaycan tələbələrinin mütləq əksəriyyətinə heç bir aiddiyatı yoxdur”.
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı sosial şəbəkədə 27 fevral tarixinin “Tələbə etirazı günü” kimi elan olunmasına münasibət bildirərkən deyib. O vurğulayıb ki tələbələr Azərbaycan gəncliyinin avanqardını təşkil edirlər və onların durumu, qayğıları daima dövlətin diqqətindədir: “Heç şübhəsiz ki, bu gün təhsilimizdə müəyyən problemlər olmamış deyil və bu Təhsil nazirliyinin rəhbərliyi səviyyəsində etiraf olunur. Amma hazırda tələbələr üçün şəffaf təhsil mühitinin yaradılması, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Bir çox universitetlərdə tələbə biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə imtahanların kompyuterler vasitəsilə keçirilməsi, güzəştli tələbə kartlarının istifadəyə verilməsi, tələbələrin dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, onların aktiv şəkildə ictimai-siyasi proseslərə qoşulması üçün münbit şəraitin yaradılması dediklərimə əyani sübutdur”.
Fərid Şahbazlı eyni zamanda qeyd edib ki, bütün hallarda təhsildə hansısa islahatlara bu cür qanunsuz, tədris prosesinin pozulmasına yönəlik çağırışlarla deyil, real təkliflərlə, ortaya alternativ konsepsiya qoyulmaqla nail olmaq olar: “Azərbaycan gəncliyinin bu gün kifayət qədər aydın və qəti mövqeyi, prosesləri doğru-düzgün təhlil etmək bacarığı var. Bu mənada əlbəttə ki, mahiyyətində, təməl prinsiplərində təxribatçılıq dayanan bu cür çağırışlar gənclərdən dəstək qazanmayacaq”.